Cəmil Həsənli Mingəçevirdə və Bakıda coşqulu görüşlər keçirdi FOTO/VİDEO
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli seçicilərlə görüşləri çərçivəsində dünən Mingəçevirdə olub. Səfərdə onu Müsavat başqanı Isa Qəmbər, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Nurəddin Məmmədli, eləcə də seçki qərargahının bir neçə üzvü müşayiət edib. Cəmil Həsənlini Milli Şuraya daxil olan partiyaların yerli şöbələrinin təmsilçiləri qarşıladı.
“Debatdakıların iş-gücü Cəmil müəllimə hücum etməkdir”
Seçicilərlə Mingəçevirdəki Azər Niftəliyev adına klubda baş tutan görüşdə əvvəlcə Müsavat başqanı Isa Qəmbər çıxış etdi. O bildirdi ki, Cəmil Həsənli təkcə alim yox, həm də ölkənin hər zaman ən fədakar, ləyaqətli ziyalılarından biri olub: “Bəzən Azərbaycan alimlərinin kitablarının Biləcəridən o tərəfə getmədiyini deyirlər. Cəmil Həsənlinin kitabları Amerika, Rusiya, Türkiyə və digər ölkələrin ən mötəbər nəşriyyatlarında çap olunub, ən məşhur universitetlərdə müzakirələrə səbəb olub. Bir çox ölkələrdə dərslik kimi istifadə olunur. Bu kitabların bir çoxunu alimlər yenilik kimi qiymətləndirib”.
Müsavat başqanı Ictimai Televiziyadakı debatlardan da danışdı: “On namizəddən biri Ilham Əliyevdir. 40 il ailələri hakimiyyətdə olub, özü də 10 ildir ölkə başçısıdır. Yenə hakimiyyətdə qalmaq istəyir. Biri də bizim namizəddir – Milli Şuranın namizədi, demokratik düşərgənin namizədi, xalqın namizədi. Bəs qalan 8 nəfər? Onlardan biri-ikisi çalışır ki, bu diskussiyalara qarışmasınlar. Yerdə qalanları bir dəfə də olsun, ”mənə səs verin, prezident olmaq istəyirəm” deməyib. Bütün iş-gücləri Cəmil müəllimə, həmçinin Cəmil müəllimin adından istifadə edib bizlərə hücum etməkdir”.
Isa Qəmbər 9 oktyabrda Cəmil Həsənlinin qələbə qazanacağına əminliyini ifadə etdi: “Cəmil müəllimin prezidentliyə layiq olduğu heç kimdə şübhə doğurmur”.
“İlham Əliyev bütün dünyanın dəstəyindən məhrum edilib”
AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, korrupsiya, vətəndaşa qarşı amansız münasibət Əliyev rejiminin bütün dayaqlarını məhv etməkdədir. Onun sözlərinə görə, Ilham Əliyev bu gün faktiki, bütün dünyanın dəstəyindən məhrum edilib: “Vaxtilə Ilham Əliyev və onu müdafiə edən lobbi təşkilatları bu gün onunla və ətrafındakı insanlarla görüşməkdən imtina edirlər”.
“Milyardları oğurlayıb, insanlara qəpik-quruş verənlərə ar olsun!”
Cəmil Həsənli çıxışına Azərbaycanda vətəndaşa ədalətsiz münasibət haqda danışmaqla başladı: “Sizə aya 100-120 manat təqaüd verən insanlar özləri bu məbləğlə bir həftə yaşaya bilərmi? Bu məmləkətin pulları oğurlanaraq, Malayziyadan Panamaya, Vircin adalarına qədər dünyaya səpələnib. Azərbaycan neftindən, enerji ehtiyatlarından ölkə vətəndaşlarından başqa hər kəs faydalanır. Bu cür gözəl məmləkəti bu günə salanlara ar olsun!”
Milli Şuranın prezidentliyə namizədi təhsilin vəziyyətinə də toxundu: “98 mindən artıq abituriyentin 65 faizi 0-la 200 arası bal toplayıb. Bu, ənənəvi təhsil qiymətləndirməsi 0-2 arası qiymətləndirmə deməkdir. Görün, Əliyevlərin silahlı hakimiyyəti Azərbaycanı hansı vəziyyətə gətirib çıxartdı?! 9-cu sinif üzrə buraxılış imtahanı verənlərin 46,6 faizi öz ana dilindən ”2″ aldı. Ölkəni bu vəziyyətə salanlara ar olsun!
Nə qədər ki, həkim və müəllim dolanışıqlarına yetəcək qədər maaş almır, səhiyyəmiz, məktəblərimiz bu gündə olacaq”.
Cəmil Həsənli bu görüşdə də Əliyevlərin ölkədən çıxartdıqları 48 milyarddan danışdı: “Azərbaycan vətəndaşını qəpik-quruşa möhtac qoyub, milyardları oğurlayanlara ar olsun! Həmişə demişəm, qara günlü millətin ziyalısı ağ kəfəndə dəfn oluna bilməz. Bu milli mübarizədə, milli davada öndə getməyimin başlıca qayəsi sizlərsiniz. Sülalə hakimiyyətinə son qoymaq, milləti haqqına qovuşdurmaq lazımdır. Millətimiz ləyaqətli həyat, demokratik cəmiyyət haqqına malikdir. Insanların bu haqqı tanınmalıdır”.
Təxribat
Cəmil Həsənli çıxışını bitirəndən sonra zalda bir neçə nəfər əvvəlcədən öyrədilmiş təxribatçı Milli Şura üzvlərini aşağılayan fikirlər səsləndirdilər. Təxribatçılar çıxış üçün tribunaya qalxmaq istəyəndə isə görüş iştirakçıları onları susdurdu. Cəmil Həsənlinin görüşünə gələn seçicilər polisə müraciət edərək, təxribatçıların zaldan çıxarılmasını istədilər. Polis isə təxribatçılara yalnız “Sakit ol!” deməklə kifayətləndi.
Hakimiyyətin Cəmil Həsənli qorxusu
Dünən axşam saatlarında isə Cəmil Həsənli Bakıda – Xətai rayonunda seçicilərlə görüşüb. Bu görüş isə metronun “Əhmədli” stansiyasının yaxınlığında yerləşən “Bakı” kinoteatrında baş tutub.
Milli Şuranın namizədilə görüşə gələn seçicilərin sayı zala sığmayıb. Kənardan ayaqüstü görüşü izləmək istəyənlərə isə polis imkan verməyib. Polislər həmin vətəndaşları məcburi şəkildə ərazidən uzaqlaşdırıblar.
Cəmil Həsənli ilə bu görüşə də xüsusi təxribatçı qrup göndərilib. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, bu qrupa 138 saylı məktəbin direktor müavini başçılıq edib. Amma onlar ifşa olunub və zala toplaşan seçicilər onları qovublar. Zalda sakitlik bərpa olunduqdan sonra Cəmil Həsənli çıxış edib.
Milli Şuranın namizədi təxribatçıların görüşü pozmaq cəhdini hakimiyyətin növbəti provakasiyası kimi qiymətləndirib: “Hakimiyyət bu cür addımlarıyla bizdən necə qorxduğunu bir daha sübut edir”.
“Elə vəziyyət yaradacağıq ki, evlərə əsgər meyiti gəlməsin”
Cəmil Həsənli çıxışı zamanı prezidentliyə namizəd kimi, seçki platformasından danışıb: “Hakimiyyətdəkilər iddia edirlər ki, guya, maaşların bizim dediyimiz formada artırılması mümkün deyil. Qətiyyən belə deyil. Hakimiyyətin heç offşor zonalara çıxartdığı pulları nəzərə almasaq da, bundan sonra oğurlayacaqları ehtimal olunan vəsait hesabına belə, maaş və təqaüdləri bir neçə dəfə artırmaq olar”.
Cəmil Həsənli ordudakı əsgər ölümlərinə də toxunub. Prezident seçiləcəyi təqdirdə orduda ciddi islahatlar vəd edib: “Biz hakimiyyətə gəlsək, elə bir vəziyyət yaradacağıq ki, valideynlər övladlarını hərbi xidmətə göndərməkdən çəkinməsinlər, ata-anaların qapısına əsgər meyiti gəlməsin, orduda xidmət sözün əsl mənasında şərəfli iş sayılsın”.
Ramin Deko