Pilot novruzəlilərə və stüardessa fatmanisələrə doğru

İsmayıllının keçmiş başçısı Nizami Ələkbərovun pensiya naziri Füzuli Ələkbərovun qardaşı olduğunu bilməyən qalmadı. Nazirin qardaşı başçı ola bilməzmi? Əlbəttə, olar! Ismayıllıya başçı daha Məmmədhəsən əminin qardaşını qoymayacaqdılar ki? Nazirin, deputatın və sairənin qardaşını qoyacaqdılar da. Intəhası nə yazıqlar ki, məşhuri-aləm Ismayıllı üsyanından sonra möhtərəm prezidentimiz məlum başçının istefasına fərman vermək məcburiyyətində qaldı. Olsun, dünyanın axırı deyil ki, kim bilir, bəlkə pensiya nazirinin Nəsimi Ələkbərov adında daha bir qardaşı da var, o da yüz fayiz hardasa deputat, nazir, ən azından başçıdır.

Nizami Ələkbərovu şəxsən tanımırdım. Başçılıq fəaliyyəti ilə də hamı kimi Ismayıllının ən yeni tarixinin yazıldığı unudulmaz günlərdə yaxından tanış oldum. Əslində ölkəmizdə cəmi bir-iki ay yaşamaq kifayət edər ki, həvəsində olan adam bütün məmur sinfi barədə mükəmməl biliyə sahiblənsin. 

Məsələn, Füzuli Ələkbərov əsasən əlillərin məsələsi ilə məşğul olası nazirdir. Allah rizası üçün onun bu işlə necə məşğul olduğunu hamı yaxşı bilir. Ikinci dərəcəli əlil olduğumdan özümə görə mən də bu barədə bir az bilirəm. Allahdan internet icad edilib. Ölkəmizin uğurlu analoqsuz inkişafından dünya camaatının da xəbəri var. Üstəlik, bunu da bildiyimizdən xalqın hətta əlil qismi olaraq sevindiyimizdən atılıb düşürük. Həm də bu zaman əl-ayağımızın təkrar qırılacağından ehtiyatlanmırıq. Çünki pensiya nazirimiz haramız neçə dəfə qırılır-qırılsın, bir-iki ilə dərdimizə əncam çəkib hər kəsi aidiyyəti üzrə əlil arabaları ilə təmin edəcəkdir. Lazım gələrsə, bizdən ötrü Füzulu müəllim lap əlil helikopterləri də təşkil edər. Çünki ona və bizə yaraşanı da budur. 

Əslində ələkbərovlar hökumətin idarəçilik və kadr siyasətində oturuşmuş ən adi gündəlik misallardan biridir. Analoqsuz ölkəmizdə zatən xoş bir adət mövcuddur. Bütün rəsmi şəxslər və ictimai xadimlər eyni ailələrdən çıxır. Bir evin kişisi də, qadını da, övladları da sanki dünyaya məhz eyni missiyanı yerinə yetirmək üçün gəliblər. Təsəvvür edirsinizmi, eyni ailədən hər kəs çıxıb bir tərəfə görüşə, göstəriş verməyə, lent kəsməyə, iclas, tədbir, bazar açmağa gedir. Daxili və xarici səfərlərdə keçən saatları, günləri nəzərə alanda adam məəttəl qalır. Əcəba, bunların ailəcə oturub paylaşası, çözüləsi, məsləhət olunası bir sözü-söhbəti yoxdumu? Yoxsa bunudamı köməkçilərinə həvalə edirlər? Təbii, unutmuşdum, bu qədər “böyük adam” bir damın altına, bir bölgəyə, hətta bir ölkəyə sığmaz ki… Bu üzdən cürbəcür yerlərdə yekə-yekə saraylara daşınıblar ki, darısqallıq çəkməsinlər. Əlaqənin sıx olması vacib deyil, əsas ki, uyğun şəraitdə siyasi, iqtisadi, şəxsi, ictimai, özəl və gözəl həyatlarında yeni-yeni zirvələr fəth eləsinlər. Estafet yeni varislərə ötürüləndə ələ bir şey gəlməlidi yox? 

Dünyada xeyli bədbəxt xalqlar var ki, onların hökumət rəhbərləri doğma övladlarının gələcəyini düşünmürlər. Bir də eşidirsən ki, oralarda o boyda prezidentin və yaxud onun Ramiz Mehdiyevinin, nə bilim nazirlərinin övladları sıradan bir sənətə yiyələnib sakitcə öz işləriylə məşğul olurlar. Indi bir şirkət, fond, olimpiada, futbol və sairə prezidentlikləri yoxdurmu ki, həmin uşaqlar orda özlərini göstərsinlər, daha ayıb-ayıb hamı kimi işləməsinlər. Bu nə biçim adətdir? Bu necə ailə başçısıdır? Ailəsinin qədrini bilməyənlər xalqın qədrini necə biləcəklər? 

Bu sarıdan bizimkilərə halal olsun. Ailə nədir, yeddi arxa dönənlərinə qədər şüvən salıb hər kəsə gün ağlayırlar. Hərəni daimi gəlir gətirən milli və küllü sahəyə calayırlar ki, orda “eşələnib” bir-birinin sərvətini hesablamağa vaxt tapmasınlar. Məhz vəzifə və sərvət əqli cəhətdən yararsız bir sürü belə adamın həmin halal üsulla cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə səbəb olmuşdur. 

Qaldı ki, sıravi xalq… Inşallah, böyüklərimiz qohum-əqrəbanı yerbəyer edəndən sonra keçəcəklər xalqı da kökündən dolandırmağa. Əslində indi də dolandırırlar. Amma xalqı daha parlaq gələcəyə çatdırmaq üçün başbilənlərimiz daha sürətli və müasir dolandırıcılıq yolları axtarırlar. 

Elə ki, dolandırıcılıq siyasəti uğurla başa çatdı, onda ləğv olunmuş sənaye sahələrinin və kənd təsərrüfatının əvəzinə ölkə büsbütün hotel və parklara bürünəcək. Hər rayonda ən azı bir hava limanı fəaliyyət göstərəcək. Işsizlik problemi tamamilə aradan qalxacaq. Pilot novruzəlilər, stüardessa fatmanisələr fransız təyyarələrində sərnişinləri ingiliscə salamlayacaqlar.

Dünya bizə həsəd aparacaq. “Uje” aparır. Yazıq dünya…