Milli Şuranın üzvü Oqtay Gülalıyev Azərbaycan respublikası Daxili İşlər naziri Ramil Usubova müraciət edib. Müraciətdə deyilir:
“Cənab nazir,
Bildiyiniz kimi 2010- cu ilin Kür daşqınlarının təsirinə məruz qalan Sabirabad rayonunun Minbaşı kəndində 08 aprel 2012- ci il tarixdə QHT rəhbəri olaraq monitorinq apararkən heç bir əsas olmadan Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq həbs olunmuşam və 3 aya yaxın həbs həyatı yaşamışam. Həbs olunduğum müddətdə Sabirabad RPŞ- də fiziki zorakalığa, işgəncələrə və insan ləyaqətini alçaldan münasibətə məruz qalmışam. Həbsdə olduğum müddətdə ailə üzvlərimə, yaxınlarıma təzyiqlər edilib, yaxın qohumlarım hədələrə məruz qalıb, məhz sizin adınızla işdən xaric ediliblər. Xatırlayırsınızsa həbsdən çıxdıqdan sonra bu barədə sizə 2 dəfə rəsmi müraciət etdim. Təəssüf ki, ötən müddətdə qanunsuz həbsim, mənə və ailə üzvlərimə, yaxınlarıma qarşı olanlar barədə ölçü götürülmədi. Əksinə qanunsuz həbs olunmağıma və mənə qarşı edilən fiziki zorakalıq və işgəncələrə rəhbərlik etmiş o zaman Sabirabad RPŞ- nin rəis müavini olan Rauf Məcidov tərəfinizdən rütbəsi və vəzifəsi artırılaraq sonradan Tər- tər RPŞ- nin rəisi təyin edilib. Sabirabad RİH başçısı Nazim İsmayılov isə “Vətənə xidmət” ödülü ilə mükafatlandırılıb (!?). Sabirabad RPŞ tərəfindən 1 il 5 aydır ki, haqqımda açılmış cinayət işinə qanuna zidd çəkildə nə xitam verilmir, nə də məhkəməyə təqdim olunmur. Hazırda məhkəmənin qərarı ilə polis nəzarəti altındayam.
Birbaşa ictimai fəaliyyət imkanlarım, eləcə də Aran bölgəsi və Qax- Zaqatala bölgəsində təsirə məruz qalan sakinlərlə görüş-müzakirələrin, həmin bölgələrdə tərəfimizdən monitorinqlərin aparılması yasaqlanıb. Fəaliyyətimin və hüquqlarımın məhdudlaşdırılması prosesi davam edib. Penitensiar Xidmətin Baş Tibb İdarəsinin rəyinə uyğun olaraq müayinələrdən keçib əməliyyat olunmaq üçün 2013- cü ilin avqust ayında xarici pasport almağıma və ölkədən çıxmağıma Daxili İşlər Nazirliyi tərəfindən icazə verilmədi.
Ötən müddət ərzində mənə, ailə üzvlərimə və yaxınlarıma qarşı müxtəlif səpkili təzyiqlər, hucumlar olub ki, mən bunları ictimailəşdirmək istəməmişəm. 22 sentyabr 2013- cü il axşam saatlarında isə oğlum Əli Gülalıyev yaşadığımız Xətai rayonu NZS qəsəbəsində 4- 5 nəfər naməlum şəxslər tərəfindən qeyri- müəyyən şəkildə vəhşicəsinə döyülərək bıçaqlanıb. Yalnız təsadüf nəticəsində, hadisə baş verən əraziyə maşın gəlməsindən ehtiyat edən cinayətkarlar gələnləri polis zənn edib uşağı yaralı vəziyyətdə qoyub qaçıblar. Aldığı 2 bıçaq yarasından, eləcə də ağır bədən xəsarətindən xeyli qan itirən oğlum 23 sentyabrda Səhiyyə nazirliyinin Azərsutikinti xəstəxanasında əməliyyat olunub. Hadisədən bir gün sonra heç bir istintaq hərəkəti aparılmadan, dəlil- sübut olmadan DİN Mətbuat Xidməti bir tərəfli qaydada, qeyri- peşakarcasına baş vermiş hadisəni orta məktəb səviyyəsində xırda xuliqanlıq kimi təqdim etmiş, Əlinin vəhşicəsinə döyülərək ağır bıçaq yarası almasını (yaranın dərinliyi 8 sm- dir) yüngül bədən xəsarəti kimi ictimaiyyətə təqdim etmişdir.
DİN Xətai rayon Polis İdarəsi tərəfindən aparılan tədqiqat zamanı oğlum Əli və mən hadisə ilə bağlı sentyabrın 23 və 25- də 2 dəfə izahat vermişik. 26 sentyabrda isə mənim rayona səfər edəcəyimi öncədən bilən (mən bu barədə polisə məlumat vermişdim) Xətai RPİ- nin müstəntiqi Məmmədşah Həsənəliyev və Faiq adlı rəis müavini mənim xəbərim və iznim olmadan bir qrup mülki geyimli şəxslərlə evimə daxil olaraq Əlidən zorla ifadə almağa, ona istiqamətləndirici və aldadıcı sualar verməyə, bu alınmadıqda isə 22 sentyabrda baş vermiş cinayətin Rüstəm adlı şəxs tərəfindən törədilməsini onun boynuna qoymağa çalışmışdılar. Polisin bu qanunsuz hərəkətləri barədə mən telefonda dəfələrlə onlara xəbərdarlıq edərək evimi tərk etməyi tələb etsəm də onlar Əliyə fiziki zorakalıq göstərmək, zorla ifadə almaq hərəkətlərini davam etdirərək sonda az yaşlı oğlumu və məni təhqir etməyə, hədələməyə başlamışdılar. Mən məcburiyyət qarşısında qalıb DİN- in 102 qaynar xəttinə, jurnalsit və QHT həmkarlarıma zəng edib dəstək istədim. Onlar təxminən 55 dəqiqə sonra evi tərk ediblər. Evdə olan kiçik yaşlı övladlarım və onların yaşlı nənəsi psixi sarsıntı keçiriblər. Hesab edirəm kimliyindən asılı olmayaraq izn almadan, zorla başqalarının mənzilinə soxulmaq oğurluq və basqındır. Məcburi şəkildə valideyni yanında olmayan az yaşlı uşaqları dinidrmək, onlardan özünə sərf edən ifadə almaq, heç bir sübut, təsdiqləyici dəlil olmadan cinayəti başqa bir şəxsin boynuna qoyub, zərərçəkəni özünə qarşı ifadə verməyə məcbur etmək cəhdi təkcə qanunlara deyil, milli mənəvi etik dəyərlərə və insanlıq adına ziddir.
Təəssüflə qeyd etmək lazımdır ki, mülki geyimdə Xətai RPİ- nin əməkdaşlarının mənim razılığım olmadan evimə daxil olmalarını, az yaşlı övladımdan öz istədikləri formada zorla ifadə almaq cəhdlərini yenə DİN Mətbuat Xidməti əvvəlki qaydada təkzib edərək bunu böhtan kimi qiymətləndirib. Mən polsilərin evimdə olduğu müddətdə onların oğlum Əlidən zorla ifadə alıb, onu hədələməyi, cinayəti Rüstəm adlı bir nəfərin boynuna qoymaq cəhdi ilə bağlı tərəfimizdən aparılmış çəkilişin diskini Sizə və istintağa təqdim edə bilərəm.
Sonda onu da qeyd edim ki, Sizin tapşırığınızla 27 sentybar 2013- cü il tarixdə Bakı şəhər Baş Polis İdarəsinin rəhbərliyinin mənimlə görüşərək hadisə ilə bağlı artıq cinayət işinin başlandığını bildirməsi və oğlum Əlinin vəhşicəsinə döyülərək ağır bıçaq yarası alması ilə nəticələnən cinayət hadisəsinin üstünün tezliklə açılması üçün əllərindən gələn bütün mümkün vasitələrdən istifadə edəcəklərini bildirməsini təqdir edirəm.
Cənab nazir,
Oğlum Əlinin naməlum şəxslər tərəfindən 22 sentyabrda vəhşicəsinə döyülərək bıçaqlayan şəxslərin tezliklə tapılıb məsuliyyətə cəlb olunması, eləcə də 26 sentybarda evdə olmamağımdan sui- istifadə edərək evimə soxulan, az yaşlı övladlarıma fiziki təzyiq göstərən, onları hədələyən, təhqir edən və zorla ifadə almağa çalışan mülki geyimli Xətai RPİ- nin əməkdaşları haqqında qanunauyğun şəkildə ölçü götürülməsi üçün xahiş edirəm müvafiq addımlar atasınız”. (qafqazinfo.az)