Cəmil Həsənli Bakıda ikinci izdihamlı mitinqini keçirdi -FOTO/VİDEO
Milli Şura dünən seçki təşviqatı kampaniyası çərçivəsində növbəti çoxminli mitinqini keçirdi. Mitinq yenə də Yasamal rayonunda, metronun “Inşaatçılar” stansiyasının yaxınlığındakı “Məhsul” stadionunda baş tutdu. Bu mitinq sayəsində bir daha göründü ki, 10 namizəd arasında Cəmil Həsənli digərlərilə müqayisə olunmayacaq dərəcədə öndədir. Faktiki bu günə qədər Ilham Əliyev də daxil olmaqla, digər namizədlərin heç birinə Cəmil Həsənlinin keçirdiyi kütləvi aksiya nəsib olmayıb.
Əsas şüarı “Bəsdir!” olan mitinqin texniki hazırlığını qənaətbəxş saymaq olardı. Xüsusilə gənclər, “Bəsdir” sözü ilə maraqlı şüarlar hazırlamışdılar: “Iki dəfə bəsdir, getmək vaxtı gəldi!”, “Qarabağsızlığa bəsdir!”, “Haqsızlığa bəsdir!”, “Yoxsulluğa bəsdir!”, “Ədalətsizliyə bəsdir!” və s.
Mitinqdə siyasi məhbuslara azadlıq tələb edən şüarlar da çoxluğu ilə seçilirdi. Eləcə də seçkilərin azad və ədalətli keçirilməsi tələbi də şüar formasında hazırlanmışdı.
Budəfəki mitinqdə dini kəsimin gözə dəyən mütəşəkilliyi vardı. Onların əllərində həbsdə olan ruhanilərdən Hacı Tale Bağırzadənin, Hacı Abgülün fotoları vardı.
Mitinqdə xüsusi seçilən bir təbəqə də atəşkəs dövründə orduda övladlarını itirən valideynlər idi. Onlar mitinqin ön cərgəsində yer alaraq, əllərində vəfat etmiş gənc övladlarının fotolarını tutmuşdular.
Cəmil Həsənlinin mitinqinə xüsusi siyasi fəallığı olmayanlar da gəlmişdi; bunlar əsasən dərdli adamlar idi. Onlar bir-bir Cəmil Həsənliyə, onun vəkillərinə yaxınlaşır, problemlərini deyir, şikayətləri yazılan məktubları verir, kömək istəyirdilər.
Ətraf binalarda yaşayanlara hədə-qorxu
Mitinq keçirilən ərazidəki çoxmərtəbəli binalarda yaşayan vətəndaşların jurnalistlərə verdikləri məlumata görə, bugünlərdə qapılarını kimliyi bəlli olmayan şəxslər döyərək, onları pəncərə və eyvanlardan mitinqi müşahidə etməmək barədə xəbərdar ediblər. Deyiblər ki, eyvanlara çıxıb mitinqi seyr edənləri qeydə alacaqlar, sonra onlarla “haqq-hesab çəkəcəklər”.
Bu hədə-qorxuya baxmayaraq, yenə də eyvandan milli bayraqlar yelləyib müxalifətə dəstək verənlər oldu.
Budəfəki mitinqə Müsavat Partiyası Mərkəzi Icra Aparatının rəhbəri Arif Hacılı aparıcılıq edirdi. Arif Hacılı təzyiq və məhdudiyyətlərə baxmayaraq, Milli Şuranın uğurlu təşviqat apardığını, bütün parametrlər üzrə hakimiyyəti geridə qoyduğunu deyərək, uğurun Məhəmməd Əmin Rəsulzadə və Elçibəy yolunda olanlara bağlı olduğunu bəyan etdi. Arif Hacılı Cəmil Həsənli və Milli Şuranın cəmiyyətdə günü-gündən nüfuzunun artdığını da vurğuladı.
O, eyni zamanda, ətraf binalarda hakimiyyətin apardığı gizli çəkilişlərə işarə edərək, meydandan əl yelləyib, “salam” da göndərdi. Bildirdi ki, Milli Şura hakimiyyətin özü üçün də xilas gətirəcək.
İlham Əliyev qara qüvvəni təmsil edir
Mitinqdə ilk çıxışçı Milli Şuranın üzvü, Müsavat başqanı Isa Qəmbər oldu:
– Hamınızı salamlayır, sizlərə təşəkkür edirəm!
Bizə deyirlər ki, dünyanı ağ və qara rənglərdə görmək lazım deyil. Əlbəttə, dünyada çox rəng var və biz bütün rəngləri qiymətləndiririk. Ancaq istənilən halda, dünyada ağ və qara rəng var. Eləcə də dünyada xeyir və şər mövcuddur. Bu gün mübarizə ağ və qara, xeyir və şər arasında gedir. Ilham Əliyev özünə nə qədər vəkil tutsa da, müxtəlif insanları namizəd edib debatlara göndərsə də, onların hamısı eyni rəngdədir – qara rəngdədilər və onların qarşısında ağ qüvvələr var. Bu ağ qüvvələri sizlər təmsil edirsiniz.
Azərbaycan həbsxanaya, 9 milyonluq xalq məhbusa çevrilib
Oktyabrın 9-u Azərbaycan tarixinin ən önəmli günlərindən biri kimi tarixə yazılacaq. Azərbaycan xalqı seçim edəcək və Cəmil Həsənliyə səs verəcək. Bunu bu meydandakı minlərlə insan sübut edir. Əgər cəbhəçilər, müsavatçılar və digər aparıcı qurumlar Cəmil Həsənli ilə bir yerdədirsə, bu, Cəmil Həsənlinin qələbəsinin sübutudur. Azərbaycanın görkəmli ziyalıları, fəal gəncləri, zindanda olan ləyaqətli insanları Cəmil bəyi dəstəkləyirsə, bu, Cəmil Həsənlinin qələbəsinin sübutudur. Bu gün 8 il həbsdə olan Əli Insanov, inanclı insanlar Tale Bağırzadə, Hacı Abgül, hüquqşünas Qurban Məmmədov, Əvəz Zeynallı və digərləri Cəmil bəyin yanındadır.
Bu gün Ilham Əliyevin yarıtmaz siyasəti nəticəsində Azərbaycan böyük bir həbsxanaya, 9 milyonluq xalq məhbusa çevrilib.
Ölkənin sərvətləri bir ailənin əlindədir
Ilham Əliyevin bərbad siyasəti nəticəsində yüzminlərlə insan ölkədən didərgin düşüb. Ilham Əliyevin görməmiş siyasəti nəticəsində milyonlarla insan işsiz qalıb. Sahibkarlar normal biznes şəraiti qura bilmir, gənclərimiz özlərinə yer tapa bilmir və ölkəni tərk edirlər. Korrupsiya ölkənin bütün imkanlarını iflic vəziyyətə salıb. Cəmil bəyin dediyi kimi, ölkəni monopoliyaya alıblar və bu monopoliyanın başında Ilham Əliyev dayanır. Ölkənin bütün sərvəti bir ailənin əlindədir və buna görə də xalqımız firavan yaşaya bilmir. Bu problemlərin hamısını 9 oktyabrdan sonra Cəmil Həsənli həll edəcək. Cəmil Həsənlinin qələbəsi labüddür. Bu qələbədən sonra Cəmil bəy Azərbaycanın ən uğurlu ölkə başçısı olacaq. Onun savadı, təfəkkürü, səviyyəsi, elmi buna təminat verir. Azərbaycanın ən proqressiv gəncliyi, ən tanınmış siyasi liderləri, ən ləyaqətli ziyalıları Cəmil Həsənlinin komandasında birləşib və bu komanda Azərbaycan üçün gözəl işlər görəcək.
Bəziləri Cəmil bəyin 2 illik keçid dövrü üçün prezident olmaq niyyətini mənasız şərhlərlə izah etməyə çalışır. Əslində isə, bu, ziyalı mövqeyidir. Hakimiyyətdə illərlə qalmağa ehtiyac yoxdur. Vətənini, millətini sevən insanlar 1-2 ildə də xalq üçün böyük işlər görə bilər. 20 ildir hakimiyyət tərəfindən bu işlərin heç biri görülməyib. Biz insanları 9 oktyabrda seçkiyə səsləyirik.
Acı taleyini düşün!
Ilham Əliyevə təklifim qüvvəsində qalır. Onun bir neçə gün şansı var və namizədliyini geri götürməlidir. Imkan versin, azad və ədalətli seçki keçirilsin, xalq öz namizədini seçsin. Mənim təklifim həm xalq üçün, həm də Ilham Əliyevin özü üçün qurtuluş deməkdir. Əks halda, Ilham Əliyev devrilmiş diktatorların taleyini yaşaya bilər.
Istənilən halda, 9 oktyabrda xalq öz sözünü deyəcək, seçimini edəcək və bu seçim Cəmil Həsənli olacaq!
REAL-dan Cəmil Həsənliyə dəstək
Respublikaçı Alternativ (REAL) hərəkatının Ali Məclis sədri Erkin Qədirli də mitinqdə çıxışçılar arasında oldu: “Inanıram ki, bu seçkidə nəsə olacaq və bu, yaxşı nəsnə olacaq. Bu yaxşının rəmzi də Cəmil Həsənli olacaq”.
Erkin Qədirli Cəmil Həsənlinin xalq uğrunda gərgin mübarizəyə atıldığını vurğulayaraq, ona bu cəsarətinə görə təşəkkür etdi. O, REAL-ın həbsdə olan lideri Ilqar Məmmədovun Cəmil Həsənliyə dəstək çağırışını xatırladaraq, Milli Şuranın namizədinə dəstək olduqlarını vurğuladı.
“NIDA” Gənclər Hərəkatından Ülvi Həsənli həbsdəki gənclər adından aksiya iştirakçılarını salamlayaraq dedi: “Azərbaycanın Türkmənistana, Özbəkistana çevrilməsinin qarşısını alan sizlərsiniz”.
Ülvi Həsənli gənclərin Cəmil Həsənliyə dəstək verdiyini vurğulayaraq, seçkidə fəal iştirak edəcəklərini bildirdi. Daha sonra o, Milli Şuranın namizədinin platformasının gənclər siyasəti bölümünün tezislərindən danışdı.
Xalqa atılan böhtan alınmadı
Növbəti çıxışçı Milli Şuranın üzvü, AXCP sədri Əli Kərimli oldu. AXCP sədri bildirdi ki, ölkəmizdə hakimiyyəti zəbt etmiş qüvvələr xalqa böhtan atır:
– Öz seçki saxtakarlığını, öz zülmünü əsaslandırmaq üçün xalqımızın demokratiyaya hazır olmadığını söyləyir. Bizim tariximiz bu yalanı ifşa edir. Təkcə tariximiz yox, bu günümüz də bu yalanı ifşa edir. Uzun illərdir ki, hakimiyyətin telekanalları, yüzlərlə məddah mirzəsi sizi aldatmaq istəyir, sizi çaşdırmaq istəyir, sizin üçün mübarizə aparan insanlar haqqında böhtanlar deyir. Ancaq aldada bilmir. Bir neçə çıxışdan sonra siz həqiqəti gördünüz, Cəmil Həsənlini sevdiniz, ona arxa oldunuz. Və sübut etdiniz ki, Azərbaycan xalqı qədirbiləndir, seçim etməyi bacarandır, haqqı nahaqqa verən deyil, oğruyla doğrunun arasındakı fərqi görür, həqiqətpərəstdir. Eşq olsun bu uca millətə!
Əli Kərimli hərəkatçılara səslənir
Mən Azərbaycan xalq hərəkatının iştirakçılarına müraciət etmək istəyirəm. O nəslə ki, Azərbaycan dövlətini bərqərar edib, yalın əllə rus tanklarının qarşısına çıxıb. Sizlər Azərbaycanı dünyada “ilin xalqı” etdiniz. Amma sonrakı repressiyalar dövründə biz çətinliklər yaşadıq, mühasirədə olan ordu kimi bu avtoritarizmin repressiyasının qarşısında xalqımızdan kömək gözlədik. O köməyi biz gənclərimizdən gözləyirdik. Biz inanırdıq ki, Azərbaycan gəncliyi mütləq Rəsulzadə məfkurəsini seçəcək, Elçibəy yolunu gedəcək. Biz övladlarımızdan dəstək gözləyirdik və artıq onlar gəliblər, meydandadılar. Eşq olsun Azərbaycan gəncliyinə!
Mən valideynlərə müraciət edirəm. Bəli, bizim üçün xoşdur ki, Azərbaycan gəncliyi bizimlə bərabərdi, meydandadı, həbsxanaları da yaşlılarla bölüşürlər. Ancaq bizim haqqımız yoxdur ki, Azərbaycan davasının ağırlığını bu gənclərin kövrək çiyinlərinə yükləyək. Biz hamımız səfərbər olmalı, haqqa tərəf olmalı, Azərbaycana sahib olmalıyıq. Bizim yaşadıqlarımızı övladlarımızın da yaşamasına razı olmamalıyıq. Bizim yeyilmiş illərimizi gənclərimizdən yeməməlidilər.
Cəmil Həsənlini qalib, İlham Əliyevi məğlub edin!
Əzizlərim, 10 gündən sonra Azərbaycanda sizlər üçün böyük fürsət yaranacaq. Elə bir imkan yaranacaq ki, sizlər nəhayət, bu hökumətdən məsuliyyət tələb edə biləsiniz. Ona görə də mən sizlərə müraciət edirəm ki, 40 il ərzində deyilmiş yalanların, edilmiş talanların, qanunsuzluqların məsuliyyətini bu hökumətdən, Ilham Əliyevdən sorun.
Siz səs verməyə gedən zaman, bu illər ərzində baş vermiş səs oğurluğunu, mandat oğurluğunu, sərvət oğurluğunu, insan oğurluğunu bu cinayətkarlara bağışlamayın. Səs verməyə gedən zaman bu illər ərzində Azərbaycandan didərgin düşmüş milyonlarla insanın acınacaqlı həyatını, dağılmış ailələri, puç edilmiş ömürləri bu hakimiyyətə bağışlamayın. Səs verməyə gedərkən atəşkəs dövründə ordudakı saxtakarlıq, korrupsiya, intizamsızlıq, bir sözlə, cinayətkarlıq səbəbindən nakam gedən, cavan gedən əsgərlərimizin ölümünü bu hakimiyyətə bağışlamayın.
Seçkiyə gəlin, hamılıqla haqqa dayaq olun, Cəmil Həsnlini qalib edin, Ilham Əliyevi məğlub edin və bununla da bu illərin məsuliyyətini ondan sorun. Eşq olsun sizlərə, eşq olsun bi millətə!
“Vətənin qurtuluşu bizlərin borcudur!”
Sonuncu çıxış edən Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənli oldu:
– Sevgili millət, uca xalq! Sizlər təxminən 100 il bundan əvvəl dağınıq bir ərazidən Vətən, dağınıq bir toplumdan Millət yaradanların şərəfli varislərisiniz. Eşq olsun sizlərə!
Mən böyük iftixar hissi ilə Milli Şura ideyasının müəllifi, böyük ziyalımız Rüstəm Ibrahimbəyovun salamlarını yetirirəm. Ey uca millət, 100 il bundan əvvəl Azərbaycan mütəfəkkirləri deyirdi ki, bizdə kişi çoxdu, amma vətəndaş yoxdu. Baxın, görün bu millətin nə qədər vətəndaş övladı yığışıb bura. Eşq olsun sizlərə!
Ey gənclik, əzilmiş və tapdanmış millətin hüquqlarını sən bərpa edəcəksən! Bu milləti bu səfalətdən, bu zəlalətdən sən qurtaracaqsan! Torpaqlarımızın 20 faizi düşmən tərəfindən işğal olunub. Qalan 80 faizi də özümüzünkülər tərəfindən. Ar olsun o şəxslərə ki, bu vətənlə işğal olunmuş ərazi kimi, bu millətlə əsir götürülmüş millət kimi rəftar edirlər. Bu adamlar öz cəzalarını almalıdılar. Bu gözəl vətəni səfalətə düçar edənlər qəhr olmalıdır. Ayrı yol yoxdur. Vətənin qurtuluşu bizlərin borcudur.
Baxın, bir vaxtlar yazılmış bu sözlər bugünkü taleyimizi və tariximizi necə gözəl əks etdirir
Çeynəndi yetər varlığımız cəhl ilə qəhrə,
Doğrandı mübarək vətənin bağrı səbəbsiz.
Birlikdə bu gün tapmalıyıq dərdinə çarə,
Can qardaşı, qan qardaşı, şan qardaşıyıq biz.
Millət yoludur, haqq yoludur, tutduğumuz yol,
Ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol!
…Zülmün topu var, gülləsi var, qələsi varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.
Göz yumma günəşdən, nə qədər nuru qaralsa,
Sönməz əbədi, hər gecənin gündüzü vardır.
Millət yoludur, haqq yoludur, tutduğumuz yol,
Ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol!
Vaxtilə atan kimsəyə minnətmi edərdi?!
Yox, qalmadı haşa sənə zillət pədərindən.
Dünyada şərəfdir yaşadan milləti, fərdi,
Silkin, bu zəlalət tozu uçsun üzərindən.
İnsanlığı pamal edən alçaqlığı yıx, əz!
Billah yaşamaq! Yerdə sürüklənməyə dəyməz!
(Türkiyənin istiqlal şairi Tofiq Fikrətin “Millət şərqisi” şeirindən – red.)
“Bu milləti rüşvət verməyə məhkum edənlərə ar olsun!”
Ey uca millət, ey şərəfli xalq! Ey Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələri! Bizim can qardaşlarımız, qan qardaşlarımız, şan qardaşlarımız! Biz birgə bir yola çıxmışıq. Bu yolu birlikdə gedirik. Bizim hədəflərimiz bəllidir. Xalqımızın, millətimizin, Azərbaycanda yurd salmış xalqlarımızın haqq yoludur. Bu zəlalətdən qurtarmalıyıq. Mənə deyirlər ki, platformadan danış. Hansı platformadan danışım? Bunlar bu millətə nə gün ağlayıblar ki, bir platforma ilə bu milləti zəlalətdən qurtarmaq mümkün olsun. Millətimiz içində təpər tapmalı, qəddini düzəltməli, bu oğrulara və quldurlara “yox” deməyi bacarmalıdır.
Doğum günündən ölüm gününəcən bu millət rüşvət verməyə məhkum edilib. Hətta böyük şəhərlərdə dünyasını dəyişənlərin məzar yeri də rüşvətlə alınır. Bu milləti rüşvət verməyə məhkum edənlərə ar olsun!
Mən televiziya çıxışlarında bunların qarşısına dəqiq faktlar qoyuram: 48 milyardı bu ölkədən oğurlamısınız. Kiçik övladlarınıza milyonlarla dollarlıq mülklər almısınız. Bu millət heç Panamanın harada yerləşdiyini bilmir. Azərbaycandan oğurladıqlarını Malayziyadan Panamaya qədər dünyaya səpmisiniz. Bu millətin haqqını ona qaytarmağın vaxtı çatıb. Insan nə qədər sərvət düşkünü olar? Bunların mədəsi ilə beyni arasında olan rabitə itib. Mədədən beyinə informasiya çatmır. Bəsdir! Yığdığınız bəsdir! Oğurladığınız bəsdir! Korrupsiya etdiyiniz bəsdir! Bu millətə gün ağlamağın vaxtı çatıb.
Böyük şairimiz Bəxtiyar Vahabzadə bir vaxtlar bunların bu əməllərini müşahidə etdikdə bir şeir yazmışdı. Onun bir bəndini sizə söyləmək istəyirəm:
Tamahın sonu yox, dağıdın, sökün,
Hələ yerinizdə cağbacağsınız.
Göydən Allah baxır, gələcək bir gün
Yediyiniz qədər qusacaqsınız.
Millət onu bu günə salanlara “yox” deməyi bacarmalıdır
Bizdən platforma istəyən qardaş və bacılarımıza deyirəm: platformamız ləyaqətli həyat, ədalətli cəmiyyətdir. Ədalət olmadan, zülmün kökü kəsilmədən, bu millətə azadlıq vermədən heç nəyə nail olmaq mümkün deyil. Əzilmiş və tapdanmış millət haqqına qovuşa bilməz. Millət ayağa durmalıdır, qəddini düzəltməlidir, iradəsini ortaya qoymalıdır. Onu bu günə salanlara “yox” deməyi bacarmalıdır. Bu tarixi missiyanı millətimizlə birlikdə yerinə yetirəcəyik.
Hörmətli vətəndaşlarımız, qədim Hindistanda bir brahmanlar var idi, bir də şudralar. Brahmanlar ən yüksək təbəqə idi. Gözləri ilə görüb xoşlarına gələn hər şey onlara məxsus idi. Bu gün bunlar Azərbaycanın biznes mühitini, mülkiyyət mühitini elə günə salıblar. Nə xoşlarına gəlirsə, bunlarındır. Kimin nəyi varsa, əlindən alırlar. Mülkiyyət azadlığı yoxdur. Iş azadlığı yoxdur. Biznes azadlığı yoxdur. Azərbaycanı bu günə salanlara ar olsun!
Məndən platforma istəyən bacı qardaşlarımız, nədir platformamız? Ölkədə mülkiyyət azadlığı olmalıdır. Insanların can və mal güvənliyi olmalıdır. Baxın, yüzminlərlə insanın evlərini başlarına uçururlar, onlara qəpik-quruş verirlər. Vətəndaşa qəpik quruş verib, özləri milyonları mənimsəyirlər. Bunlar insanların fəlakətləri üzərində pul qazanırlar. Millətimizə həqarət edirlər. Ar olsun bunlara! Əgər son 3-5 ildə mətbuatı izləsəniz, görərsiz ki, nə qədər iş adamlarının mülkiyyəti əlindən alınıb. Insanlar zəhmət çəkir, sərmayə qoyur, ölmüş müəssisələri dirildirlər, elə ki gəlir götürməli vaxt gəldi, göndərirlər öz quldur bandalarını və insanın zavodunu, fabrikini, müəssisəsini əlindən alırlar.
Vərəm çöpləri və Yeni Azərbaycan Partiyası
Mən deyəndə ki, müəllimin, həkimin, mədəniyyət işçisinin, məmurun, pensiyaçının əməkhaqqını 3-5 dəfə artırmaq lazımdır, deyirlər ki, bu pulları hardan gətirəcəksən. Ilham Əliyevin hökumət müşavirəsində oturan hansı naziri silkələsən, o nazirin hesabına bu millətin əməkhaqqını iki dəfə artırmaq olar.
Sevgili millət, bu gün qəzetlərdə test komitəsinin məlumatları elan olunub. Məlum olub ki, 98 min imtahan verən Azərbaycan gəncinin 65 faizi 0-200 bal arası bal toplayıb. Köhnə qiymətlərlə bu, 2 deməkdir. Bunlar ölkəmizi kütləvi savadsızlar ölkəsinə çevirdilər. Bunlar məktəbləri natamamlıq kompleksi ilə yaşayan icra başçılarının öhdəsinə verməklə, ölkəmizi kütləvi savadsızlar ölkəsinə çevirdilər. Bunlar məktəbləri keçmiş siyasi büronun üzvləri kimi, əksəriyyəti qiyabi təhsil almış YAP rəhbərliyinin nəzarətinə verməklə, ölkəmizi kütləvi savadızlar ölkəsinə çevirdilər. Burda iştirak edənlərin böyük əksəriyyəti yəqin ki, orta məktəbdə anatomiya dərsi keçib. O kitabda vərəm çöplərinin şəkli ilə Yeni Azərbaycan Partiyasının embleminə baxın. Görün, bu şəkillər nə qədər oxşardır. Bunlar gəlişilə oğurluq gətirdilər, səfalət, zülm gətirdilər. Gəlişlərilə savadsızlıq gətirdilər. Bütün milləti öz günlərinə salmaq istəyirlər. Biz buna imkan vermərik. Sizlərin gücünüzlə imkan vermərik. Baxın, bu vəzifəli şəxslərin hansını Azərbaycan xəstəxanalarında görsəniz, mənə də deyərsiniz. Iranı, Türkiyəni bəyənmirlər, Almaniyanın səhiyyə sistemini tənqid edə-edə, Almaniyada təhsilin dağıldığını deyə-deyə müalicə üçün Almaniyaya, Amerikaya gedirlər. Azərbaycanın bir vaxtlar çox böyük potensialı olan səhiyyəsini necə etimadsız duruma salıblar ki, burnu qanayandan barmağı qanayana qədər hər kəs qonşu Irana gedir. Azərbaycan səhiyyəsini bu günə salanlara ar olsun! Səhiyyənin mərkəzi siması həkim, məktəbin mərkəzi siması müəllimdir. Həkimin və müəllimin dolanışığı təmin edilməsə, nə qədər ki, onlara dilənçi payı kimi cüzi əməkhaqqı verəcəklər, nə təhsil düzələcək, nə səhiyyə.
Baxın, nefti-qazı olmayan Gürcüstan müəllimə, həkimə nə qədər maaş verir. Xəzərin o tayındakı Qazaxıstan nə qədər maaş verir. Bunlar iştahlarına “yox” deyə bilmirlər. Bunlar millətin malını millətə vermək istəmirlər. Bunlar zəli kimi tökülüblər bu millətin canına. Amma sizi inandırıram, o qədər sorublar ki, indi özləri də partlamaq həddinə gəliblər. Bu baş verəcək!
“Qzıl amnistiya” vədi
Əziz dostlarımız, bugünkü qəzetlərdə Daxili işlər naziri Ramil Usubovun açıqlaması gedib. Usubov deyir ki, Milli Şura seçki dövründə Azərbaycanda sabitliyi pozur. Hansı sabitliyi? Öz içərisində Hacı Məmmədov kimi bir quldur dəstəsi saxlayan nazirliyin rəhbərinin bunu deməyə haqqı yoxdur. Vətəndaşın, mömin insanın cibinə, evinə, maşınına narkotik maddə atan bir nazirliyin rəhbərinin danışmağa haqqı yoxdur. Baxın, intiharlar hansı səviyyəyə çatıb. Daxili Işlər Nazirliyində sadə polisdən, idarə rəisinə qədər intihar edir.
Azərbaycanda kredit talançılığı o vəziyyətə çatıb ki, bir vaxtlar möhtac olub kredit alan vətəndaşlar indi onu qaytara bilmir. Bu üzdən intihar etmək məburiyyətində qalır. Bunların kredit siyasəti soyğunçuluq siyasətidir. Millətin bütövlükdə bunların əlində olan bankların əsarətinə salınması siyasətidir. Bankların böyük əksəriyyəti Əliyev ailəsinin üzvlərinin əlinə keçib. Bunlar 25, 30, 35 faizlik kreditlərlə millətə divan tuturlar. Ar olsun bu milləti bank soyğunçuluğuna gətirib çıxaranlara.
Nə qədər böyük vətəndaşlarımız, iman əhli olan soydaşlarımız həbsdədir. Məndən platforma istəyən bacı-qardaşlarımız, platformamız “qızıl amnistiya”dır.
Azərbaycan dilinin qrammatikasında bir sual işarəsi var, bir də nida işarəsi. Nida işarəsi eyforik bir halın, coşqunun təzahürüdür. Onu sizlər başınızın üstünə qaldırmısınız. Bu hakimiyyət isə özünün taleyini, keçmişini, gələcəyini, varlığını sual işarəsi altına alıb. Bu milləti bu zəlalətə salanların taleyi sual işarəsi altında qalmalıdır və qalıb da.
Ən nəhayət, biz “qızıl amnistiya”nı təkcə həbs yerində olanlara deyil, vətənin həbsdən kənardakı hissəsində də həbs həyatı yaşayan Azərbaycan vətəndaşlarına, ölkədəki iş adamlarına, mülkləri, yaşamaq haqqı təhlükə altında olanlara verəcəyik. And olsun şərəfimə ki, bu xalqı öz azadlığına qovuşduracağıq!
***
Mitinq siyasi məhbus Tofiq Yaqublunun qızı, gənc fəal Nərgiz Yaqublunun qətnaməni oxumasıyla başa çatdı. Qətnamədə siyasi məhbuslara azadlıq və siyasi mühitdəki anormallığın aradan qaldırılması üçün tələblər öz əksini tapıb.
Natiq Güləhmədoğlu