Daha bir cəbhəçi gəncin həbsinə hazırlıq gedir

AXCP Gənclər Komitəsi: «Prokurorun heç bir sübut olmadan Dəyanətə 4 il həbs istəməsi tapşırığın «yuxarılardan» gəldiyinə şübhə yeri qoymur»

AXCP Gənclər Komitəsi bu qurumun üzvlərindən biri Dəyanət Babayevə prokurorun saxta ittiham əsasında 4 il həbs cəzası istəməsilə bağlı bəyanat verib. Bəyanatda deyilir:
“22 noyabr 2012-ci ildə AXCP Gənclər Komitəsinin üzvü Dəyanət Babayevin barəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) maddəsilə qaldırılan cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib. Şikayətçi şikayətini geri götürməsinə baxmayaraq, prosesdə dövlət ittihamçısı Dəyanət Babayevə 4 il azadlıqdan məhrumetmə cəzası istəyib.
AXCP Gənclər Komitəsi bildirir ki, dövlət ittihamçısının bu istəyi siyasi sifarişdir və Dəyanət Babayevin həbs olunacağının anonsudur. Istintaq materiallarında cinayəti sübut edəcək heç bir dəlil olmadığı halda, məhkəmə prosesinə xitam verilməməsi və prokurorun hər hansı sübuta əsaslanmadan, heç bir izahat vermədən 4 il həbs cəzası istəməsi tapşırığın “yuxarılardan” gəldiyinə şübhə yeri qoymur.
AXCP Gənclər Komitəsi Dəyanət Babayevin həbsini onun aksiyalarda, mitinqlərdə fəal iştirakı və sosial şəbəkələrdə hökuməti sərt tənqid etməsilə izah edir. Azərbaycan hakimiyyəti gənc siyasi fəallara qarşı sərt repressiv siyasət yürütdüyündən, Dəyanət Babayevin də bir gənc siyasi fəal olaraq, bu repressiyadan kənarda qalmayacağı istisna deyildi. Bu səbəblərdən dolayı şübhə yeri qalmır ki, növbəti məhkəmə prosesində Dəyanət Babayev Nəsimi Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum ediləcək.
AXCP Gənclər Komitəsi Dəyanət Babayevə qarşı qaldırılan saxta cinayət işinə xitam verilməsini istəyir, hakimiyyətdən seçkilərə çox qısa bir vaxt qalmış belə bir ənənəvi repressiv siyasətindən əl çəkməsini, eləcə də bütün siyasi məhbusların azad edilməsini tələb edir. Beynəlxalq təşkilatları, xarici ölkə səfirliklərini, yerli və beynəlxalq hüquq-müdafiə təşkilatlarını, kütləvi informasiya vasitələrini də gənclərə qarşı hakimiyyətin sərt rəftarını diqqətdə saxlamağa çağırır”.