«Gəlin, ürək qızdırdığımız, bizlərə qayğı və səmimiyyətlə yanaşan namizədi dəstəkləyək!»
EL Hərəkatı və Milli Şuranın üzvləri Eldəniz Quliyev, Mehdibəy Səfərov Azərbaycanda yaşayan azsaylı xalqlara, milli azlıqlara və etnik qruplara müraciət edib. Müraciət müəllifləri adıçəkilənləri Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənliyə səs verməyə çağırıblar: “Verdiyim hər bir vədi, hər bir sözü həyatım bahasına olsa belə, yerinə yetirəcəyəm!” deyən layiqli namizədimizə səs verək!
Yetər, uzun illər ərzində verilmiş yalançı vədlərə inandığımız! Yetər, yalan siyasətə, yalan həyata və yalançı məmurlara ümid edib aldandığımız! Biz elə bir cəmiyyət qurulmasını arzu edirik ki, insan hüquqlarının bütün spektri – sosial, dini, milli özünüifadə, milli-mənəvi dəyərlər sistemi, ifadə azadlığı, bərabərhüquqlu yaşayış prinsipləri, eləcə də digər fundamental hüquq və azadlıqlar qanunlarla müdafiə olunsun. Ölkəmizdə hər bir xalqın mental irsi – dili, dini, mədəniyyəti, adət-ənənəsi, tarixi və digər milli keyfiyyətləri dövlət tərəfindən yüksək səviyyədə hifz olunsun, inkişaf etdirilsin. Bu yanaşmaya alternativ olmamalıdır. Bütün bu deyilənlər azad, ədalətli və demokratik seçkilər yolu ilə, həqiqətən xalq tərəfindən seçilən parlament və prezident vasitəsilə gerçəkləşdirilməlidir! Gəlin, ürək qızdırdığımız, inandığımız, bizlərə hörmət, qayğı və səmimiyyətlə yanaşan namizədi dəstəkləyək! Bu namizəd, sadaladığımız məsələlərin məsuliyyətini öz üzərinə götürən, dünya şöhrətli alim, professor Cəmil Həsənlidir!”(Turan).