Cəmil Həsənlinin platforması qürurlu insanlar üçündür

«Bu səri-çeşmə əzəldən quruyub, ey qafil 

Gör kimə tabe olursan, sizə mövla kim idi?»

(Alim Qasımova ithaf edirəm)

Platforma azarı var. Seçki dövrünün ən “konstruktiv” əlamanları “filan namizədin platforması hanı?” deyə, sanki ölkə ictimaiyyətinin diqqətini öz konstruktivlik dərəcələrində həll etmək istəyirlər.

Bəs, Cəmil Həsənlinin danışdıqları platforma deyil?

Milli Şuranın namizədi Cəmil Həsənliyə qarşı da belə iradlar səsləndirilir: o, öz platforması haqqında danışmalıdır,- deyirlər. Bəs, Cəmil Həsənli nə barədə danışır ki? Cəmil müəllim bəyan edir ki, Ilham Əliyev bu xalqdan oğurladığı, qəsb etdiyi sərvətlərin hesabatını verməlidir. Bəyəm bu, platforma maddəsi deyil? Bəlkə, işdir, şayəd, “konstruktiv” müxalifət hakimiyyətə gəlsə, Azərbaycan vətəndaşlarının qəsb edilən sərvətlərinin hesabını sormaq fikrində olmayacaq? Bu hesabın sorulmaması o deməkdir ki, indiki hakimiyyətin yerinə gələn hakimiyyət də həmin üsulla işləməyə davam edəcək. Amma Cəmil Həsənli buyurur ki, 20 illik hakimiyyətiniz dövründə çalıb-çapdıqlarınızın hesabını verin və bu hesabatı xoşluqla verməsəniz, yeni hakimiyyət o hesabı sizdən alacaq. 

Cəmil Həsənli buyurur ki, bu zamana qədər günahsız insanların həbsxanalara doldurulmasının məntiqini bu millətə izah edin! Bu, platforma deyil, bəyəm? Axı, söhbət həm də, bizim anladığımız və anlatdığımız mənada siyasi məhbuslardan getmir. Insanların siyasi mülahizələrlə həbsxanalara atıldığı ölkələrdə siyasətə dəxli olmayan minlərlə insanın taleyi də həmin qazamatlarda çürüyür. Saxta ittihamlarla və ya adekvat olmayan cəzalarla. Cəmil Həsənli də ərz edir ki, bu insanları siyasi rejimin kriminal iddialarının əsirinə çevirməyin. Bəyəm, bu, platforma deyil?

Cəmil Həsənli bildirir ki, nəyə görə, potensial olaraq dünyanın ən varlı ölkələrindən biri olan Azərbaycanın vətəndaşlarını bu qədər aşağılanmış maddi həyata soxmusunuz? Və bu, təbii olaraq, o deməkdir ki, Həsənli özünün quracağı hökumətin bu dəhşətli ədalətsizliyi aradan qaldıracağını bəyan edir. Bu, platformadır, axı!

Cəmil Həsənli bütpərəstləri tar-mar etmirmi?

Cəmil Həsənli 20 ildir ki, Azərbaycan vətəndaşlarını kölə halına salan, bütpərəst bir rejim yaradıb bu milləti rəzil günə salanlardan hesab soruşur. Platforma dediyin nə olmalıdır ki?

Cəmil Həsənli bu hakimiyyətin vitrin adamlarını bir-birinin dalınca çıxdaş edir, “get, böyüyün gəlsin!”, deyə əmr edir və onlar da gədib böyüklərini deyil, böyüklərinin balacalarını gətirirlərsə, platforma necə olur, axı?

Cəmil Həsənli 20 ildir Azərbaycanın boynuna tuği-lənət olaraq keçmiş bir hökumətin əslində, çox xırda, təmsilçilik qabiliyyəti olmayan, təmsilçilik sifəti də olmayan bir yığın adamdan ibarət olduğunu sübut edir. Əsas platforma, elə budur!

23 dəqiqə 35 saniyə

Onlar qarğa-quzğunlarını seçkilərə qatıb prezident seçkilərinin iyrənc bir kampaniya olduğunu cəmiyyətə təlqin etmək istəyirdilər. Hamıya aşılamaq istəyirdilər ki, buraya yığışanlar boş və mənasız adamlardır, prezident Ilham Əliyev olaraq qalacaq. Yəni bir növ, “dəyirman bildiyini edər, çax-çuxu baş ağrıdar”. Insanları həm seçkiqabağı təşviqat dövrünün yarada biləcəyi nəhəng ifşalar erasından, həm də seçkilərin özündən iyrəndirmək istəyirdilər ki, adamlar seçkiyə getməsinlər, seçkilərdə maraqlı olmasınlar.

Cəmil Həsənli onların bu arzusunu gözündə qoydu. Cəmil müəllim özünün səbatlı və ardıcıl çıxışları, dirənişi, arqumentləri ilə 20 illik hakimiyyətin bütün seçki strategiyasını darmadağın elədi. Hələlik, cəmi 23 dəqiqə 35 saniyədə… (o 25 saniyə hələ olacaq).

Bu, Cəmil müəllimin ən böyük qələbələrindən biridir.

Cəmil Həsənli seçkini inqilab havasına dönüşdürməyi bacardı. Həm də necə…

Cəmil Həsənli mütəvazi radikalizmin əsasını qoydu, çünki başqa cür mümkün deyildi

Uzun müddətdir, Azərbaycanda müxalifətin ifrat radikallığı, daha mülayim, daha “konstruktiv” müxalifətçiliklə islahatların aparılmasına nail olmağın mümkünlüyü barədə danışanların qarşısında çox əzəmətli və elmi bir arqument dayanır: axı, Cəmil Həsənli radikal müxalifətçi deyildi. Bunu, hətta bu seçki kampaniyasının gedişində, guya Cəmil müəllimə qarşı kompromat kimi irəli sürənlər də var. Bəli, doğrudan da Cəmil Həsənli radikal müxalifətçi deyildi, mükəmməl bir elm adamıdır. Həm də heç zaman vicdanını itirməyən bir elm adamı. Onun Əliyevçi düşərgədə təmsil olunması heç, çətin də deyildi. Amma Cəmil Həsənli kimi mütəvazi, siyasi proseslərə bu günün deyil, on illərin, yüz illərin prizmasından yanaşan bir insan belə bu hakimiyyətlə döş- döşə gəldiyi zaman ona qarşı düşmənçiliyin həddi – hüdudu tanınmır. Onun öz nəzarətləri altında olmayan birisi olduğunu fərq edəndə çıldırırlar, dəli olurlar, vəhşiləşirlər… Çünki bu hakimiyyət siyasi hakimiyyət deyil, onunla siyasətin sivil dəyərləri üzərində baş sındırılmır.

Bu, Cəmil Həsənlinin ortaya qoyduğu ən böyük həqiqətdir: bunlar adam kimi rəqabət aparmağa hazır deyillər və bunlar siyasətin nə olduğunu bilmirlər.

“Zülmün  qarşısında susan zalımın şərikidir”

Təbii, uzun müddətdir ki, cəmiyyəti belə bir dalğın və yayğın tezisi həzm etməyə hazırlayırlar: “Bunları məğlub etmək mümkün deyil”. Cəmil Həsənli 23 dəqiqə 35 saniyə ərzində sübut etdi ki, bu hakimiyyətin burnunu tutsan, canı çıxar. Cəmil Həsənli ranqında olan, onunla eyni titul və ictimai reytinqi bölüşdürən onlarla, yüzlərlə ziyalılarımız var. Bu adamların hər biri Cəmil müəllim qədər fədakarlıq nümayiş etdirsələr, Azərbaycan xalqı bir sülalənin əsiri olmaz axı! Cəmil Həsənli orada Ilham Əliyevi ifşa etmir, həm də Ilham Əliyevin Azərbaycan xalqına etdiyi zülmün qarşısında susan, susmağa da, danışmağa da qorxan yüzlərlə, minlərlə Azərbaycan ziyalısının vicdanını oyadır.

Azərbaycanın tanınmış ziyalılarının hər biri Cəmil Həsənli olmağı, Azərbaycanın başı üzərində daş kimi sallanan avtoritarizmi onun kimi, onun qədər və hətta ondan daha artıq şəkildə rədd etməyi bacarmalıdır. Cəmil müəllimin təlqin etdiyi ən nəhəng həqiqətlərdən biri də budur.

Danışan Hafiz Hacıyev deyil, Ilham Əliyevdir

Cəmil müəllim özünü Azərbycanın ən böyük siyasi partiyası elan edən diktatura laboratoriyasının sifətini açdı. Hafiz Hacıyev və buna bənzər adamların Ilham Əliyevin həm özünün, həm də idarəetmə stilinin mahiyyəti olduğunu göstərdi və bütün cəmiyyət bunun belə olduğunu bildiyi üçün bu həqiqəti su kimi içdi. Cəmiyyəti həqiqətə alışdırmaq böyük ürəkli və böyük mahiyyətli adamların işidir. Cəmiyyətə saxtakarlığı, Hafiz Hacıyev kimi birilərini təqdim edərək onun arxasında gizlənmək isə böyüklüyə heç bir dəxli olmayanların əməlidir. “Mənim cavabım Ilham Əliyevə olacaq!” bəyanatını verən Cəmil Həsənli əslində Ilham Əliyevi meydana çağırır, onu Hafiz Hacıyevin arxasında gizlənməkdə ittiham edir. Axı, həqiqətən də belədir. O studiyada Cəmil Həsənliyə qarşı duranlar, əslində isə nə edəcəyini bilmədən vurnuxanlar, elə, Ilham Əliyevin atributlarıdır. Cənab Ilham Əliyev o studiyaya gəlmir, Cəmil Həsənlinin qarşısında hansı günə düşəcəyini əla bilir. Buna görə də yerinə başqalarını göndərir. Başqaları da, onun özü kimi… 

Cəmil müəllim, həmin çıxışlarında Azərbaycan xalqına bu həqiqəti çatdırmağı bacardı ki, onun üzərinə göndərilən bu elementlər cənab Ilham Əliyevin ta kəndisidir.

Alim Qasımovu sufilikdən endirmək Alim Qasımov boyda suçdur

Amma axı, klassik anlamda “platforma” tələb edənlər üçün də platforma var: əmək haqqlarının, təqaüdlərin, dövlətin müdafiə etməli olduğu insan kateqoriyalarının bütün haqqları üzrə açıqladığı rəqəmləri nədən görməsinlər?

Əmin olun, Cəmil Həsənli Azərbaycan adamının əmək haqqını, təqaüdünü qırpıb-qısıb övladlarına və ya özünə villa tikdirən adam deyil. Cəmil Həsənli azərbaycanlıların hər birini ev-eşik, iş-güc sahibi etmək arzusu ilə yaşayan və bu arzunu gerçəkləşdirmək əzmində olan insandır.

Cəmil Həsənli prezident olaraq azərbaycanlılardan heç nəyi oğurlamayacaq, çünki, o, oğru deyil. Onun komandasında da oğrular olmayacaq. Azərbaycanın indiki idarəetməsindən fərqli olaraq.

Cəmil müəllim bu millətin haqqını özünə qaytarmaq üçün meydana girmiş bir ərdir. Bütün Azərbaycan cəmi bir il ərzində həqiqi prezidentin necə olduğunu anlayacaq, amma bu gün “Mən Ilham Əliyəvə dəstək verirəm”, “Ilham Əliyevə səs verəcəyəm” dəyənlər qarışıq hər kəs onun prezidentliyi dönəmində nə qədər böyük yanlışlığa yol verdiklərinə əmin olacaqlar! Onun platforması sizin azadlığınızdır, siz, ey Ilhamlaşmış kölələlər! Sıranızdakı dustaqlar, muğamlı-muğamsız artistlər, milyardlı-milyardsız iş adamları… və bədbəxtlər!.. Cəmil Həsənlinin platformasında olmaq cəsarət istəməz, zira ən böyük cəsarət onun özüdür. Bu platformada olmaq ləyaqət istər və bu ləyaqəti sizdən Cəmil Həsənli yox, 20 ildir ki, ən binəsib duruma salınan Azərbaycan xalqı tələb edir! Haqq tələb edir, təsəvvüf tələb edir, idrak tələb edir, Seyyid tələb edir, Füzuli tələb edir, ey Alim Qasımov!

“Bu səri-çeşmə əzəldən quruyub ey qafil,

Gör kimə tabe olursan, sizə mövla kim idi?”.