Rahim Hacıyev: «Novruz Məmmədovun səfəri uğurlu olsaydı, Elmar Məmmədyarov ABŞ-da faktiki yalvarış dolu çıxış etməzdi»
Prezident Adminstrasiyasının (PA) beynəlxalq əlaqələr şöbəsinin müdiri, PA rəhbərinin müavini Novruz Məmmədovun ABŞ-a qəfil səfərilə bağlı maraqlı məqamlar gündəmə gəlməkdədir. Mətbuatda gedən məlumatlara görə, şöbə müdirinin ABŞ dövlət katibinin müavini Uilyam Börnslə görüşü təkcə prezident seçkisi ilə bağlı olmayıb.
N.Məmmədov ABŞ-dakı təmaslarında həm də sentyabrın 24-dən oktyabrın 2-nə qədər davam edəcək BMT-nin sessiyası ərəfəsində I.Əliyevin yüksək səviyyədə qarşılanmasını təmin etməyə çalışıb. Hətta bəzi məlumatlara görə, ölkə başçısı ABŞ prezidenti Barak Obama ilə görüşməyi arzulayırmış. Bu məqsədlə ABŞ-da danışıqlar aparılıb. Amma N.Məmmədovun səfəri uğursuzluğa düçar olub və I.Əliyevin əvəzinə ABŞ-a xarici işlər naziri Elmar Məmmədyarov səfər edib. Bu ərəfədə isə Azərbaycana buraxılmayan ABŞ dövlət katibinin demokratiya və insanÿ hüquqları məsələləri üzrə köməkçisinin müavini Tomas Melianın hakimiyyətə ünvanlanan sərt mesajlar verməsi birmənalı qarşılanmayıb.
N.Məmmədovun səfərinin uğursuzluğa düçar olmasını xarici işlər naziri Elmar Məmmədyarovun açıqlamaları da sübut edir. E.Məmmədyarovun Nyu-Yorkda keçirilən Xəzər Forumunda çıxışı zamanı ABŞ-ı Azərbaycanda demokratik proseslərə deyil, hakimiyyətin yürütdüyü “siyasətə” dəstək verməyə çağırması bu cür qiymətləndirilir: “Biz ABŞ-ın dəstəyinə dəyər veririk. Bu dəstək olmasa, biz bu bölgədə mürəkkəb vəziyyətlə üzləşərdik. Bəli, bizim regionda problemlər var, lakin mən inanıram ki, biz bu istiqamətdə irəliləməyə davam etsək, sülh, təhlükəsizlik və dayanıqlı inkişafın millətçi ambisiyalardan üstün olduğuna dair arqumentimiz möhkəmlənər”. Bu açıqlama ilə E.Məmmədyarov bir növ ABŞ hökumətindən N.Məmmədovun uğursuz səfərini kompensasiya etməyə çalışır. E.Məmmədyarov eyni zamanda açıqlaması ilə müxalifət qüvvələrini millətçi ambisiyalarla çıxış edən qüvvələr kimi təqdim edərək ABŞ-ı Azərbaycanda hazırkı hakimiyyətin siyasətini dəstəkləməkdə davam etməyə çağırır.
Seçki ərəfəsində baş verən bu və digər proseslər maraq doğurur. Hakimiyyətin I.Əliyevin 3-cü dəfə prezidentliyini “qırmızı xətt” adlandıran Melianı ölkəyə buraxmamaqla əslində seçki saxtakarlığından deyil, seçki sonrakı proseslərdən narahat olduğunu nümayiş etdirmiş oldu. Belə ki, hakimiyyəti hazırda da çox düşündürən seçki saxtakarlığının beynəlxalq aləmdə necə tanıdılacağı ilə bağlıdır.
N.Məmmədovun ABŞ-a səfərinin hakimiyyət üçün gözlənilən nəticə ilə bitməməsi və səfərin faktiki uğursuzluğa düçar olmasının göz önündə olduğunu deyən siyasi ekspert Rahim Hacıyev bildirdi ki, E.Məmmədyarovun açıqlaması da N.Məmmədovun səfərində konkret nəticə əldə olunmadığını göstərir. Novruz Məmmədovun səfəri uğurlu olsaydı, Elmar Məmmədyarov ABŞ-da faktiki yalvarış dolu çıxış etməzdi: “Elmar Məmmədyarovun simasında Azərbaycan hakimiyyəti ABŞ-a sübut etməyə çalışır ki, Azərbaycanda sabitliyin qarantı məhz hazırkı iqtidardır. Azərbaycanda dəyişiklik etmək istəyən, hakimiyyətə gəlmək istəyən qüvvələr guya millətçi qüvvələrdir və onlar hakimiyyətə gəlsələr, bu, Qərbin maraqlarına ciddi zərbə olar. Bu, hakimiyyət üçün vəziyyətin son dərəcədə ağır olmasının göstəricisidir. Əks halda belə bir çıxışa heç bir ehtiyac olmazdı. Deməli, ABŞ-a olan səfərlər uğursuzluqla nəticələnir. Hakimiyyətin yeritdiyi istər daxili, istərsə də xarici siyasət Azərbaycanda hakimiyyətdə olan qüvvənin əsl simasının üzə çıxmasına səbəb olub”.
Demokratik qüvvələrin Azərbaycanda ilk növbədə vəziyyətin çox pis olduğunu anladıqlarını deyən R.Hacıyev vurğuladı ki, Azərbaycanda insan hüquq və azadlıqlarına hörmət etməyən, xalqına hörmət göstərməyən bir rejimin olması gələcəkdə çox pis nəticələr verə bilər. Azərbaycan hakimiyyətinin E.Məmmədyarovun timsalında olduqca primitiv arqumentlərlə çıxış etdiyini söyləyən R.Hacıyev qeyd etdi ki, ABŞ rəsmilərinin, çox nüfuzlu beynəlxalq təşkilatların hamısının Azərbaycanda demokratik qüvvələrin mövcudluğu barədə xəbərləri var: “Demokratik qüvvələrin Azərbaycandakı mübarizəsi barədə beynəlxalq aləm həm yazır, həm danışır. Azərbaycana səfər edən ABŞ rəsmiləri Elmar Məmmədyarovun qaraladığı müxalifət liderləri ilə görüşlər keçirir və onları həqiqətən də Azərbaycanda demokratiya uğrunda mübarizə aparan qüvvələr kimi tanıyırlar. Elmar Məmmədyarovun münasibəti göstərir ki, ABŞ-ın bu seçkilərin nəticələrini qəbul etməsiylə bağlı hakimiyyət istədiyi cavabı ala bilməyib. Ona görə də belə qeyri-ciddi bəyanat ortaya çıxır. Dünyanın ən qüdrətli dövləti olan ABŞ-a Azərbaycanda kimin demokrat, kimin anti-demokrat olduğu yaxşı bəllidir”.
Xəyal