Təhlükəsizlik Şurası ortaq məxrəcə gəldi

Suriyanın kimyəvi silah ehtiyatlarının tam ləğvi gələn ilə planlaşdırılır

 

BMT Təhlükəsizlik Şurasının daimi üzvləri – ABŞ, Çin, Rusiya, Fransa və Böyük Britaniya Suriyada kimyəvi silahın məhvinə dair qətnamə ilə bağlı vahid qərar qəbul ediblər. Bu barədə “Assoşieyted Press” agentliyinə BMT-dəki diplomatlar bildiriblər.

Məlumatlara görə, Rusiya və ABŞ xarici siyasət idarələrinin rəhbərləri Sergey Lavrov və Con Kerri qətnamə layihəsini razılaşdırmağa müvəffəq olublar. Rusiya XIN rəhbərinin sözlərinə görə, qətnamə layihəsi Suriyaya qarşı dərhal tədbirlərin görülməsini nəzərdə tutmur. S.Lavrov qeyd edib ki, sənəd Dəməşqin kimyəvi silahının beynəlxalq nəzarətə verilməsi ilə bağlı əldə olunan razılaşmanı dəstəkləyir. Münaqişə tərəflərindən birinin pozuntuya yol verəcəyi təqdirdə BMT Təhlükəsizlik Şurasının yenidən çağırılması nəzərdə tutulur. Qətnamənin yekun variantı təsdiqlənənədək Lavrov və Kerri arasında bir neçə görüş keçirilib.  

Oktyabrın 1-dən isə Suriyada kimyəvi silah bazalarının yoxlanılmasına başlanılacaq. Rusiya və ABŞ arasında əldə edilən razılığa əsasən BMT ekspertləri noyabr ayında ilkin yoxlamanı başa çatdıracaq. Suriyanın kimyəvi silah ehtiyatlarının tam ləğvi isə 2014-cü ilin birinci yarısına planlaşdırılır.

Sentyabrın 24-də Dəməşqə dönən BMT müfəttişləri Suriyada kimyəvi silahdan istifadə ehtimallarının araşdırılmasını davam etdirmək üçün hazırlıq işlərini yekunlaşdırıblar. Bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Martin Nesirki bildirib: “Dəməşqə qayıdan komanda görüləcək işlərə hazırlıqları yekunlaşdırıb. Belə ki, onlar Suriyanın hakimiyyət qurumları ilə bir sıra görüşlər keçirərək fəaliyyətlərini müzakirə ediblər”. 

Iran prezidenti Həsən Ruhani ilə Avropa Birliyinin prezidenti Herman van Rompey arasında Nyu-Yorkda keçirilən görüşdə də Suriyadakı böhran müzakirə olunub. Ruhani bildirib ki, rəsmi Tehran Suriyada terrorçu qrupların mövcudluğundan narahatdır. Bu ölkədə yaşanan böhranın sona çatması üçün təşkil edilən hər bir beynəlxalq konfransa şərtsiz qatılmağa hazıram”.

H.Rompey də Iranın bölgədə mühüm rol oynadığını deyərək, Suriya mövzusunda Avropa Birliyinin də Iran kimi narahat olduğunu və siyasi həll yolunun ilk sırada yer aldığını vurğulayıb.