Milli Şura üzvləri hamını Cəmil Həsənli ilə görüşə çağırdı
Partiyalar və ictimai təşkilat təmsilçiləri mitinqə hazırlığın yüksək səviyyədə aparıldığını deyirlər
Bu gün saat 16-da Bakıda Yasamal Rayon Idman-Sağlamlıq Kompleksinin stadionunda Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçicilərlə növbəti görüş-mitinqi keçiriləcək. Budəfəki aksiyanın möhtəşəmliyi ilə yadda qalan 22 sentyabr mitinqini geridə qoyacağı və daha da izdihamlı keçəcəyi gözlənilir.
Artıq Milli Şurada təmsil olunan partiyalar mitinqə hazırlıqları işlərini başa çatdırıb. Bu barədə “Azadlıq”a məlumat verən partiya rəhbərliyində təmsil olunan şəxslər fürsətdən istifadə edib xalqa aksiyada iştirakla bağlı çağırış da etdi.
“Bu aksiya və seçkidə fəal iştirak əhalinin rahat gələcəyi üçündür”
AXCP sədrinin müavini Asəf Quliyev hazırlıq işlərinin tam yekunlaşdığını, bütün texniki məsələlərin həllini tapdığını, plakat və şüarların hazır olduğunu deyir. Vətəndaşların mitinqə cəlb olunmasına gəldikdə, partiya sədrinin müavini Cəmil Həsənlinin televiziyadakı debat zamanı aksiya ilə bağlı çağırışı ilə yanaşı radio və mətbuat vasitəsilə əhaliyə çağırış edildiyini bildirdi. Bundan əlavə, partiya üzvləri aksiyaya çağırış vərəqələri də paylayıb.
Hər kəsi bugünkü mitinqə dəvət edən A.Quliyev bunun, ümumiyyətlə, cəmiyyətimiz, hər bir Azərbaycan vətəndaşı üçün önəmli məsələ olduğunu qeyd etdi. Çünki bu gün Cəmil Həsənliyə dəstək vermək insanların gələcək xoşbəxtliyinə, rahatlığına, firavanlığına, ağır vəziyyətdən çıxarılmasına xidmət edir. Bu aksiya və seçkidə fəal iştirak onların rahat gələcəyi üçündür: “Hamıya müraciət edirəm ki, bu mitinqlə bağlı diqqətli olsunlar və Cəmil Həsənliyə dəstək versinlər”.
“ACP üzvləri əvvəlki mitinqdə olduğu kimi aktiv şəkildə iştirak edəcəklər”
Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər rəhbəri olduğu partiyanın ilk aksiyada olduğu kimi budəfəki mitinqdə də aktiv iştirak etmək niyyətini açıqladığı. S.Əkbər seçki kampaniyası ilə bağlı kütləvi tədbirlərdə iştirakla bağlı həm ümumi göstəriş, həm də bugünkü mitinqlə bağlı konkret tapşırıqların verildiyini bildirdi.
S.Əkbər ACP-nin eyni zamanda Cəmil Həsənlinin Bakı şəhərində görüşlərinin təşkilində məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu da vurğuladı: “Ən azı bu görüşlərdə ikisinin təşkilatçılığını üzərimizə götürməyə hazır olduğumuzu həm Cəmil bəyin özünə, həm də seçki qərərgahına bildirmişik. Bu mitinqdə də təbii ki, ACP üzvləri əvvəlki mitinqdə olduğu kimi aktiv şəkildə iştirak edəcəklər”.
ACP sədri fürsətdən istifadə edib bütün demokratik qüvvələri, Azərbaycanda demokratik dəyişiklik, ümumiyyətlə, öz həyatında müsbət dəyişiklik istəyən hər bir Azərbaycan vətəndaşını, ilk növbədə ACP üzvlərini və partiyanın tərəfdarlarını bu mitinqdə aktiv şəkildə iştirak etməyə çağırdı.
“Hər kəs bu aksiyada iştirakla özünə, vətəninə, övladlarının gələcəyinə töhfə verir”
Müsavat Partiyası icra aparatının rəhbəri Arif Hacılı təmsil olunduğu partiyada mitinqə hazırlıq işlərinin artıq başa çatdığını bildirdi. Aksiyadan bir gün əvvəl Müsavat partiyası Bakı şəhəri və əraziləri işğal olunmuş rayonların təşkilatlarının, eyni zamanda digər fəallarının mitinqə hazırlıqla bağlı müşavirəsi keçirilib. Bu müşavirədə son tapşırıqlar verilib.
Kütləvi aksiyalarda çoxlu sayda insanların iştirakının vacibliyini qeyd edən A.Hacılı seçki kampaniyasının demokratik üsulla aparılan mübarizənin pik nöqtəsi olduğunu vurğuladı: “Adətən Azərbaycanda bu hakimiyyətin dəyişməsini istəyən, hakimiyyətin siyasətindən narazı olan insanlar daim vəziyyətin nə cür dəyişməsi ilə bağlı bizə suallar verirlər. Biz demokratik üsullarla mübarizə aparan siyasi təşkilatlarıq və seçki kampaniyası demokratik üsullarla mübarizənin əslində kulminasiya nöqtəsidir. Ölkədə dəyişikliklər arzulayan, yeni bir cəmiyyətin, azad, açıq bir cəmiyyətin qurulmasını arzulayan hər kəsin bu kütləvi aksiyada iştirakını Azərbaycanda demokratik dəyişkiliklərə töhfə kimi dəyərləndirirəm. Ona görə də hər kəsin öz yaxınları, ailə üzvləri, dostları, iş yoldaşları, tələbə yoldaşları ilə birlikdə bu mitinqdə iştirakını zəruri sayıram. Hər kəs bilməlidir ki, bu aksiyada iştirakla özünə, vətəninə, övladlarının gələcəyinə töhfə verir”.
“Taleyinə biganə olmayan hər bir kəsi Milli Şuranın mitinqinə dəvət edirəm”
ALP sədri Əvəz Temirxan da rəhbəri olduğu partiyanın mitinqə hazırlıq işlərini başa çatdırdığını deyir. Aksiyaya bayraqsız qatılacaqlarını deyən ALP sədri budəfəki mitinqə daha çox tərəfdarlarının qatılacağına ümid etdiyini bildirdi: “Hesab edirik ki, orda prezidentliyə namizədin təbliğat mitinqinə bayraqsız getmək daha yaxşı olar. Bu aksiyada əvvəlkinə nisbətən daha çox partiya üzvlərimiz və tərəfdarlarımız iştirakını gözləyirik”.
ALP sədri taleyinə biganə olmayan hər bir kəsi Milli Şuranın mitinqinə dəvət etdi.
“Yalançı hakimiyyətdən və onun yalançı vədlərindən qurtulmalıyıq”
“EL” Hərəkatının üzvü Eldəniz Quliyev təmsil olunduğu qurumun aksiyaya ciddi şəkildə hazırlaşdığını və artıq hazırlıq işlərinin tam başa çatdığını qeyd etdi. Hər kəsi ədalət uğrunda mübarizəyə səslənən E.Quliyev hakimiyyətin yalanlarından qurtulmağın vaxtının çatdığını bildirdi: “Yalançı hakimiyyətdən və onun yalançı vədlərindən qurtulmalıyıq. Haqqa, ədalətə qovuşmaq üçün, Azərbaycanın, xalqımızın, övlardlarımızın gələcəyi naminə hər kəs bu aksiyaya qatılmalıdır”.
“Hər kəs bu seçkilərdə fəal olmalıdır”
Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu da təmsil olunduğunu partiyanın mitinqə hazırlıq işlərini başa çatdırdığını bildirdi. Aksiyadan bir gün əvvəl KXCP qərərgahında partiyanın Bakı şəhəri rayon şöbələri rəhbərlərinin mitinq komitəsi ilə birgə bu istiqamətdə müşavirəsi keçirilib. Partiya bugünkü aksiyada “demokratiya”, “azadlıq”, “korrupsiyaya yox”, “ədalət bərqərar olunsun” şüarları ilə tam gücü ilə iştirak edəcək.
X.Teyyublu Cəmil Həsənlinin seçicilərlə ikinci görüşünə Milli Şuraya daxil olan partiyalarla yanaşı daha çox bitərəf insanların qatılmasının arzulanan olduğunu qeyd etdi: “Azərbaycanda yaxşı yaşamağın, firavan həyatın, bütöv Azərbaycanın, övladlarımızın, hamımızın gələcəyimizin qarantı ölkədə keçiriləcək seçkilərdir. Hər kəs bu seçkilərdə fəal olmalıdır. Insanların taleyi öz əlindədir. Buyursun, Azərbaycan vətəndaşı bügünki mitinqdə fəal olsun və Cəmil bəyə dəstək versin. Seçkilərdə də onların Cəmil Həsənliyə səs verməsini gözləyirik”.
Fizzə