Sabirabadda gizli seçki müşavirəsi

Sabirabad rayonu İcra Hakimiyyətində gizli müşavirə keçirilib. Bu barədə “Azadlıq”a icra hakimiyyətindəki mənbədən məlum olub. Mənbənin dediyinə görə, iclasda bütün idarə müdirləri, büdcə təşkilatlarının rəhbərləri iştirak ediblər. İcra başçısı ora yığışanların hamısından yüzbaşılarla yaxşı işləməyi, habelə seçki günü hansı vasitəylə olursa olsun əhalini məntəqələrə gətirib İlham Əliyevə səs verilməsini təşkil etməyi tapşırıb. Bu vaxt iclasda mübahisə düşüb. Dövlət təşkilatlarından birinin yerli rəhbəri camaatı seçkiyə gətirmək üçün maliyyə tələb olunduğunu, özlərinin isə bunu qarşılamağa güeclərinin çatmayacağını deyib. Başqa idarə müdirləri də bu qəbildən iradlar səsləndiriblər.
İcra başçısı Nazim İsmayılov sentyabrın 28-də Sabirabadda YAP-ın namizədinə dəstək konsertini təşkil edəcəklərini deyib və məktəb direktorlarına tapşırıb ki, bütün şagirdlərə üzərində “İlhamla irəli” yazılmış köynəklər paylayıb konsertə gətirsinlər. Konsertdən sonra isə köynəkləri şagirdlərdən alsınlar.