Vəkil Əsabəli Mustafayev hesab edir ki, ictimai asayişi pozmaqda təqsirləndirilən AXCP üzvü Dəyanət Babayevin əməlində heç bir qanun pozuntusu yoxdur. O, “Media forum” saytına deyib ki, sentyabrın 27-də Nəsimi Rayon Məhkəməsində keçirilən prosesdə (Prokuror cəbhəçi gəncə 4 il həbs istədi) işə xitam verilməsi haqda vəsatət qaldırıb: “İş materiallarına istinad edərək bildirdim ki, Dəyanət Babayevin əməlində cinayət tərkibi yoxdur. İstintaq materiallarında bunu sübut edəcək dəlillər olmadığını əsas götürərək işə xitam verilməsini xahiş etdim. Prokuror isə heç bir mötəbər sübuta istinad etmədən ağır cəza istədi. Əgər məhkəmə Dəyanət Babayev barəsində həbs hökmü çıxarsa və onu azadlıqdan mərhum edərsə, bu, gənclərə qarşı ilin əvvəlindən basılanmış repressiyaların tərkib hissəsi olacaq. Çünki necə ay davam edən proses göstərir ki, həmin işdə cinayət baş verməyib, ortada heç nə yoxdur.
Məhkəmə prosesi bir ildir davam edir. Bu müddətdə Dəyanət azadlıqda olub. Amma elə həbsdə olan bir məhbus kimidir, bir ildir bütün fəaliyyəti məhdudlaşıb, heç hara gedə bilmir. Bundan sonra ona həbs cəzasının tətbiq olunması heç bir hüquqa əsaslanmayan bir hal olacaq”.
Əsabəli Mustafayev bildirib ki, iş üzrə zərərçəkmiş kimi göstərilən şəxs də məhkəmədə çıxışında şikayətinin olmadığını söyləyib.