Türkel Kərimlinin həbsinə sərt reaksiya

Vətəndaş cəmiyyəti nümayəndələri ictimai-siyasi şəxslərin övladlarına qarşı edilən təzyiq və təhdidləri pislədilər

 Vətəndaş cəmiyyəti nümayəndələri AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimlinin dostları ilə birlikdə həbsi və Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin mətbuat mərkəzinin rəhbəri, QHT sədri Oqtay Gülalıyevin oğlu Əli Gülalıyevin bıçaqlanması ilə bağlı bəyanat yayıblar.

Bəyanatda deyilir:

“Prezident seçkiləri ərəfəsində AXCP sədri Ə.Kərimlinin və Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin mətbuat sözçüsü O.Gülaliyevin övladlarına qarşı baş verənlərdən narahatlığımızı bildiririk və bu halları qətiyyətlə pisləyirik.

T.Kərimli sentyabrın 22-də Milli Şuranın Bakıda keçirdiyi mitinqdən sonra dostları Ülvi Nuriyev və Coşqun Salahovla birgə polis tərəfindən saxlanılıblar. Sentyabrın 23-də Nəsimi Rayon Məhkəməsi T.Kərimlini 25, Coşqun Salahovu 30, Ülvi Nuriyevi 20 sutka müddətinə azadlıqdan məhrum edib. Gənclər İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi (polisə tabe olmamaq) ilə təqsirli biliniblər. Polis gənclərin prezidentliyə namizədlərin təbliğat plakatlarını, şəkillərini cırarkən saxlandığını bildirir. Həbs olunan gənclər Bakı şəhər Baş Polis İdarəsinin İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində saxlanırlar.

 Türkel Kərimlinin və onun dostlarının həbsini, həmçinin Ə.Gülalıyevin naməlum şəxslər tərəfindən bıçaqlanmasını siyasi hakimiyyətin fəallara, siyasətçilərə qarşı həyata keçirdiyi təzyiq və təhdidlərin davamı kimi qiymətləndiririk. Hesab edirik ki, T.Kərimliyə qarşı irəli sürülmüş inzibatı iş əsassızdır, onun həbsi Ə.Kərimlinin siyasi fəaliyyəti ilə bağlıdır və siyasi motivlidir.

Qeyd edək ki, bundan öncə Ə.Kərimlinin qaynı Elnur Seyidov da əsassız ittihamlarla həbs edilib və onun həbsi də Ə.Kərimliyə təzyiq kimi qiymətləndirilir. T.Kərimlinin həbsinin 9 oktyabrda keçirilən prezident seçkisi ərəfəsinə düşməsi narahatlıq yaradır. Onun həbs edilməsi siyasi hakimiyyətin Ə.Kərimlinin seçki zamanı tutduğu mövqeyə təsir etmək məqsədi daşıyır. Seçki günü və seçkidən sonra T.Kərimlinin həbsdə olması atasının siyasi fəaliyyətinə görə Saxlanma Məntəqəsində ona qarşı təzyiqlərin və təxribatların olacağı ehtimallarını da yaradır.

Xatırladaq ki aprelin 30-da polis tərəfindən saxlanılaraq inzibati qaydada həbs edilən AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Turqut Qəmbər və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadə də İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsində işgəncəyə məruz qalmışdılar və orada müxtəlif təmizlik işləri görərkən çəkilmiş fotoları alçaldıcı şərhlərlə bir sıra hakimiyyətyönlü internet saytlarında yayılmışdı.

Atasına təzyiq kimi T.Kərimlinin də bu cür hadisələrlə üzləşməsi istisna edilmir. Ona görə də siyasi hakimiyyəti, uyğun dövlət qurumlarını bu məsələdə məsuliyyətli olmağa çağırırıq.

 Qeyd edək ki hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı hökuməti tənqid etdiyinə görə, iyul ayında nəvəsi Camaləddin Əzizov naməlum şəxslər tərəfindən fiziki zorakılığa və hədə-qorxulara məruz qalıb.

Biz valideynlərinin ictimai-siyasi fəaliyyətinə görə övladlardan qisas almağın yolverilməz olduğunu bildiririk. Siyasi hakimiyyətdən öz opponentlərinə qarşı bu cür hadisələrə son qoymağa, Ə.Gülalıyevi bıçaqlayanların tezliklə tapılıb məsuliyyətə cəlb edilməsini, eyni zamanda T.Kərimli və onunla birlikdə həbs edilən gənclərin dərhal azad edilməsini tələb edirik.

Eyni zamanda Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovadan bu məsələləri diqqətdə saxlamağı və baş vermiş qanun pozuntularının aradan qaldırılması üçün öz səlahiyyətlərindən istifadə etməyi tələb edirik”.

İmzalayanlar:

1. Leyla Əliyeva – Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri

2.İntiqam Əliyev – Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri       

3. Şahvələd Çobanoğlu – jurnalist

4. İradə Cavadova – İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin rəhbəri

5. Mirvari Qəhrəmanlı – Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri

6. Qubad İbadoğlu – İctimai Təşəbbüslər Mərkəzinin sədri

7. Xalid Bağırov – vəkil

8. Rafiq Tamrazov – Bərabər İmkanlar Mərkəzinin rəhbəri

9. Aynur Elgünəş – jurnalist

10. Elmir Mirzoyev- kulturoloq

11. Şəhla İsmayıl – Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin sədri

12. Əvəz Həsənov – Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri

13. Xalid Kazımov – Regional İnsan Hüquqları və Media Mərkəzinin rəhbəri

14. İlqar İbrahimoğlu – Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin rəhbəri

15. Fuad Həsənov – Demokratiya Monitorunun rəhbəri

16. Sabit Bağırov – İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri

17. Leyla Yunus – Sülh və Demokratiya İnstitutunun rəhbəri

18. Anar Məmmədli – Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri

19. Mətanət Əzizova – Qadın Krizis Mərkəzinin rəhbəri

20. İdrak Abbasov – jurnalist

21. Rövşən Hacıbəyli – Demokratik Jurnalistika Məktəbinin rəhbəri

22. Hafiz Həsənov – “Hüquq və İnkişaf” İctimai Birliyinin rəhbəri

23. Nəsrulla Nurullayev – Ahıl Ziyalılara Qayğı Cəmiyyəti sədri

24. Cavad Cavadov – vəkil

25. Mehdibəy Səfərov – Azəri-Talış Birliyinin sədri

26. Azər Mehdiyev – İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri

27. Mətanət Əliyeva – Media Hüquqları Mərkəzi İctimai Birliyinin rəhbəri

28. Mirəli Hüseynov – “Demokratiyanın öyrənilməsi” İctimai Birliyinin rəhbəri

29. Samir Kazımlı – Siyasi Azadlıqları Müdafiə Alyansının koordinatoru

30. Rəsul Cəfərov – İnsan Haqları Klubunun sədri

31. Zöhrab İsmayıl – Azad İqtisadiyyata Yardım Mərkəzinin rəhbəri

32. Elçin Abdullayev – Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyinin sədri

33. Ziya Quliyev – Hüquqi Təşəbbüslər Mərkəzinin rəhbəri

34. Zaur Əkbər – “Gənclər Klubu” İctimai Birliyinin rəhbəri

35. Elşən Həsənov – “Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru

36. Elnur Məlikov – Avropa Dəyərlərinə İnteqrasiya İctimai Birliyinin rəhbəri  

37. Anar Orucov – jurnalist