Bu gün Bakı Ali Məhkəməsində “REAL” Hərəkatının həbsdə olan sədri İlqar Məmmədovun Mərkəzi Seçki Komissiyasına qarşı kasasiya şikayəti əsasında məhkəmə prosesi olub. Məhkəmədə iştirak edən İlqar Məmmədov MSK-ya təqdim olunan imzaların saxta olması barədə qərarına etiraz edib. Həmçinin ona qarşı ayrıseçkilik edildiyini bildirib.
Məhkəmə tərəfləri dinləyib və qısa müşavirədən sonra İlqar Məmmədovun MSK-ya təqdim etdiyi imzalarla bağlı kasasiya şikayətinin təmin edilməməsi qərarını verib.
Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası sentyabrın 13-də keçirilən iclasında həbsdə olan REAL Hərəkatının sədri İlqar Məmmədovun namizədliyini qeydə almayıb. İlqar Məmmədovun təqdim etdiyi 41 247 imzadan 4982-nin etibarsız çıxdığı bildirilib. Bu qərardan sonra isə İlqar Məmmədov məhkəməyə müraciət edib.