Salyanda seçki saxtakarlığı

Cəmil Həsənlinin seçki qərərgahının nümayəndələri təhdid edilir

Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçki qərərgahından «Azadlıq»a verilən məlumata görə, rayonlarda yerli icra strukturları müxalifət namizədinin təbliğatına maneələr yaratmaqdadır.

Seçki qərərgahının rəhbəri səlahiyyətlərini icra edən Gözəl Bayramlının verdiyi məlumata görə, 59 saylı Salyan Seçki Dairəsinin sədri Səlamət Kərimov Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi tərəfindən Dairə Komissiyasına təqdim olunan məşvərətçi səs hüquqlu komissiya üzvlərinin və eyni zamanda müşahidəçilərin siyahısını icra hakimiyyətinin başçısı Tahir Kərimova təqdim edib. Bu isə tamamilə qanunsuz bir əməldir. Çünki icra strukturunun buna müdaxilə etmək haqqı yoxdur. Tahir Kərimov da öz növbəsində hüquq mühafizə orqanlarına göstəriş verib və həmin adamlara təhdidlər, təzyiqlər edilir, onlar işdən çıxarılmaqla hədələnir: «Cəmil Həsənlinin seçki qərərgahı üzvləri üçün müşahidəçilik edən adamlara hədə-qorxu gəlirlər. Həmin şəxslərdən komissiya üzvlüyündən çıxmaq tələb olunur. Evlərinə gedib ailələrinə təzyiq edirlər. Birinə deyirlər uşağınız ordan çıxsın, digərini işdən çıxarmaqla hədələyirlər. Bu şəxslərə təhdidlər edilir».

Fizzə