“Bakı mətbuata təzyiqlərə son qoymalıdır”

«Azərbaycanın böhtana görə cinayət cəzası da daxil olmaqla, İnternetə qanunverici məhdudiyyətlər tətbiq etməsi, bir neçə jurnalistin və bloggerin həbs olunduğu ölkədə ifadə azadlığının gələcəkdə boğulmasıdı». Bunu ABŞ dövlət katibinin demokratiya və insan  hüquqları məsələləri üzrə köməkçisinin müavini Tomas Melia sentyabrın 25-də Varşavada insan ölçüsü üzrə çıxışında bildirib.

“Turan”ın Vaşinqton müxbirinin məlumatına görə, Melia ATƏT üzvü olan ölkələrin nümayəndələrinə müraciət edərək xatırladıb ki, Xədicə İsmayılova kimi jurnalistlərin təqib və təzyiqlərə məruz qalması davam edir. Bir neçə blogger də analoji situasiyaya düşüb.

«Biz hakimiyyəti bütün bu faktları, həmçinin «Azadlıq» radiosunun yayımlanması və digər azərbaycandilli KİV ilə bağlı problemləri araşdırmağa çağırırıq», – deyə o bildirib.

Sentyabrın əvvəllərində Azərbaycan hakimiyyəti Tomas Melianın rəhbərliyi ilə ABŞ Dövlət Departamentinin nümayəndə heyətini qəbul etməkdən imtina edib. O, bundan əvvəl də vətəndaşların hüquq və azadlıqlarının  pozulmasına görə Bakını kəskin tənqid edib.