Yenidən ataya görə övladdan qisas almaq əməlləri Azərbaycanın gündəmindədir. AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimlini şərləyib həbs etdilər, Cəmil Həsənlinin mətbuat sözçüsü Oqtay Gülalıyevin oğlu isə müəmmalı şəkildə bıçaqlandı.
Bizdə siyasi fəalların və tənqidçilərin yaxınlarından qisas almaq təzə məsələ deyil. YAP hakimiyyəti bunu həmişə edib. Ata oğula görə cavab verib, oğul ataya görə. Amma adətən seçki dövründə hakimiyyət maksimum səliqəli olmağa, dözüm göstərməyə çalışırdı. Axı “demokratik seçki keçiririk” deyirlər. Bu dəfə gərginliyə qətiyyən dözmədilər, heç olmasa seçki dövründə demokratiyanı imitasiya etmək və haqq-hesabı bir-iki aya sonra saxlamağa səbrləri çatmadı.
Əgər insanın yaxını ona görə təqib edilirsə, deməli, bu hakimiyyətdəkilər ictimai mübarizəni şəxsi çərçivədə qəbul edir, düşmənçilik kimi anlayır, rəqiblərinə və tənqidçilərinə düşmən kimi baxırlar. Hələ bundan sonra da çığır-bağır salırlar ki, bu müxalifət hakimiyyətə gəlib qisas almaq istəyir. Şəxsən Əli Kərimli barədə bu sözü çox işlədiblər. Açıqca deyirlər ki, Əli Kərimli hakimiyyətə gəlsə, bunlardan qisas alacaq. Adam sual etmək istəyir, bəs niyə Əli Kərimlidən qisas alırsınız? Niyə qaynını tutdunuz? Niyə oğlunu şərlədiniz? Niyə başqa saxlanılanlarla çətinliklə də olsa yaxınları görüşə bilir, onun oğlu ilə anasının qanuni görüşünə belə icazə vermirsiniz?
Bunlar bu qədər cılız və bu qədər mənfurdurlar: həm qisas alırlar və həm də qisasçılığın əleyhinə danışırlar…
Nə qədər nadan olmalısan ki, ədalət uğrunda mübarizəni düşmənçilik kimi anlayasan. Müasir dövrün bütün xalqları ədalət uğrunda çarpışır, tək biz yox. Dost ölkələrdə də, düşmən ölkələrdə də, uzaq dövlətlərdə də, yaxın qonşularda da bütün xalqlar bunu istəyir. Yetənlər ağ günə çıxıblar. Qara günə qalanlar isə bunun üçün çarpışırlar. Bu çarpışmaya qarşı duranlar anlamalıdır ki, özləri özlərinə qisasçılıqdan da ağır tale hazırlayır. Çünki xalqların zülmə qarşı coşqunluğu altında əzilib məhv olanları kimsə xilas edə bilmir, hətta bizlər xilas edə bilmərik.
Yazıçı Henri Millerin bir sözü var. Deyir ki, ac insanın qarnının səsi top atəşləri altından da eşidilir. Axı top yaylımları altında olan insan doğrudan da birinci öz qarnının səsini eşidir. Insan ən gərgin anlarda belə öz dərdini unutmur. Bunu niyə xatırlatdım? YAP hakimiyyətindəkilər illərdir böyük bir səhvə yol verirlər. Elə bilirlər ki, onlar hər cür özbaşınalığı edəcəklər, bu ölkəyə hər zülmü göstərəcəklər və hər şey də sabahısı unudulacaq. Yenə də davam edəcəklər. Amma belə olmur. Həqiqətlər adamın üzünə palçıq kimi çırpılır və yapışır. Elədikləri qulaqlarında artıq dəhşətlərlə səslənir. Məsələn, indi xalqın yaralarının iniltisi efirdən elə səslənir ki, hakimiyyətdəkilərin qulağında top səsi kimi guruldayır.
Adamları ləkələmək, onları həbs etmək, yaxınlarından qisas olmaq dayandırmayacaq bunu. Nə qədər çox müqavimət göstərilsə, bir o qədər ağırlaşır situasiya. Hətta məndə belə bir hiss var ki, ən məşhur yapçıların üzündə də bu narahatlıq var. Deyəsən, qarşıdakı dövrün Azərbaycan xalqı ilə üz-üzə gəlmək ehtimalını təxmin edirlər.
Amma onların bunu təxmin etmələrinə ehtiyac yoxdur. Illərdir anlamalı idilər və anlamalıdırlar ki, Azərbaycan azadlıqdan imtina edə bilməz. Heç bir xalq imtina etmir. Onlar isə bu azadlığın qarşısını uzun müddət ala bilməzlər. Yoldan çəkilmək ən yaxşısıdır.