Ağdaş və Masallıda plakatalar cırılır, Gəncədə protokllara indidən imza atdırılır
Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçki qərərgahından “Azadlıq”a verilən məlumata görə, rayonlarda yerli icra strukturları müxalifət namizədinin təbliğatına maneələr yaratmaqdadır. Seçki qərərgahının rəhbəri səlahiyyətlərini icra edən Gözəl Bayramlının verdiyi məlumata görə, ötən gün də rayonlardan qanun pozuntuları ilə bağlı informasiyalar daxil olub.
Belə ki, Gəncədə yerləşən ali təhsil müəssisələrində, Kənd Təsərrüfatı Akademiyasının, Gəncə Dövlət Universiteti, Texnologiya Universiteti və Inşaat texnikumunda yerləşən məntəqələrdə komissiyanın üzvlərinə boş protokollara imza atdırılır. Bu protokollarda Ilham Əliyevin 80 faizdən çox səs topladığı göstərilir. Yəni artıq bəri başdan komissiya üzvləri seçkidən sonra imzalamalı olduqları protokolları indidən imzalayır. Görünür rəsmilər seçki gün komissiya üzvlərinin protokollara imza atmayacağından narahatdır.
Digər bir məlumat isə Biləsuvar rayonundandır. Belə ki, AXCP rayon şöbəsindən seçki qərərgahına verilən məlumata görə, məntəqə üzvləri seçicilərin evlərinə gedir və onlara seçki siyahılarına imza atdırırlar. Halbuki bu siyahıya seçki günü bülleten alarkən imza atmaq lazımdır. həmin insanlara seçki günü məntəqələrə gəlməmək tapşırılır. Bülletenlər isə seçki günü qutulara doldurulacaq.
G.Bayramlı Cəmil Həsənlinin plakatalarının cırılması hallarının da davam etdiyini deyir. Ağdaşın Orta Ləki kəndində artıq bir neçə gündür ki, belə hallar davam etməkdədir: “Artıq neçənci gündür ki, Ağdaşda Orta Ləki məktəbinin və Orta Ləki bələdiyyəsinin qarşısındakı lövhədən Cəmil Həsənlinin şəkillərini cırırlar. Səlahiyyətli nümayəndərimiz yenə buna etiraz bildirəndə plakatları küləyin apardığı deyilir. Bizdə məlumat var ki, bunu birbaşa Məntəqə Seçki Komissiyasının üzvləri bunu təşkil edir. 70 saylı Masallı şəhər Seçki Dairəsinin 20-ci məntəqəsində məntəqə komissiyasının üzvləri bizim plakatları cırarkən nümayəndələrimiz bunu görüb. Etiraz bildirəndə isə onlar təzyiqə məruz qalıblar”.
Fizzə