YAP yerlərdə tərəfdar qıtlığı yaşayır

Hakim partiya görüşlərə adam yığa bilmir

YAP bütün inzibati resurslarını işə salsa da hələ ki, izdihamlı görüşlər keçirə bilmir. Hələ də 600 min üzvü olan partiya zal tədbirlərindən kənara çıxa bilmir. Seçkiyə sayılı günlər qalsa da, YAP kütləvi tədbirlərdən qaçır. Əvvəlki illərdə müxtəlif üsullarla insanları təyin olunmuş yerlərə yığa bilsələr də, artıq bu üsullar işə yaramır və insanların haqlı etirazına səbəb olur.

Ötən gün Tovuz rayonunun Azaflı və Düz Cırdaxan kəndlərində Ilham Əliyevin təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirilib. Tovuzdan aldığımız məlumata görə, kənd nümayəndəliyi dövlət sektorunda işləyənləri məcburən görüşdə iştirak etməyə sövq edib.

Goranboy rayonunun Tatarlı, Qarqucaq, Nərimanlı və Balakürd kəndlərində də eyni üsullarla insanları Ilham Əliyevin təşviqat kampaniyasında iştirak etməyə yönləndiriblər.

Masallı, Gəncə, Yevlax, Bərdə rayonlarından redaksiyamıza verilən məlumata görə, bu rayonlarda keçirilən görüşlərin kütləvi alınması üçün rayon icra hakimiyyətinin nümayəndələri səfərbər olunub. Ancaq görüşlərdən çəkilmiş fotolardan da görünür ki, insanlar az sayda və həvəssizdirlər.

Ancaq YAP rəhbərliyi hər gün dayanmadan sübut etmək istəyir ki, Ilham Əliyevin təbliğat kampaniyasında hər rayon üzrə 10-15 min insan iştirak edir. Görəsən hakimiyyət sözçüləri bu “kütləvi” görüşlərdən çəkilmiş fotoları niyə bizə təqdim edib, qarşımıza fakt qoymur?

Bir neçə gün öncə Yevlaxın Tanrıqulular, Hürüşağı, Boşçalı kəndələrində Ilham Əliyevin təbliğatı məqsədilə seçicilərlə görüş keçirilib. Bütün resurslar işə salnısa da fotolar yenə boş qalıb. Onu da qeyd edim ki, Yevlax rayonunda baş tutmuş görüşlə bağlı xəbər “Yeni Azərbaycan” qəzetində cəmi 1 dəfə oxunub. Hətta görüşdə iştirak edənlər də barələrində olan xəbərə baxmaq istəmir.

Və yaxud Göygöl rayonunun Şəhriyar və Kəmərli kəndlərində YAP-çıların seçicilərlə görüşü keçirilib. Aldığımız məlumata görə, görüş bir neçə gün əvvəldən insanların səfərbər olunması sayəsində baş tutub. Ancaq yenə də sadiq seçicini görmək mümkün deyil. Üstəlik, bu xəbər də eyni qəzetin saytında 1 dəfə oxunub.

Ilham Əliyevin seçki qərargahının üzvləri Laçın rayonundan olan seçicilərlə də görüş keçirib. YAP-çılar bunu izdihamlı görüş adlandırslar da, şəkillərdən aydın olur ki, 20-25 adam bu görüşdə iştirak edib.

20 ildir hakimiyyət özünü zorla bu millətə sevdirmək istəyir. Ancaq bir tərəfdən səfalət, ədalətsizlik, xalqa hörmətsizlik edib, digər tərəfdən xalqın etimadını qazanmaq mümkün deyil. Əgər büdcədən maliyyələşən insanları zorla bu görüşlərə gətirmək olmasaydı, YAP-ın seçki kampaniyasında tamam boşluq görünərdi.

Ilham Hüseyn