Fransanın paytaxtı Parisdə G8 (Böyük Səkkizlik) ölkələrinin xarici işlər nazirlərinin Liviyadakı böhranla bağlı müzakirələri bu gün də davam edib.
Ev sahibi Fransa Liviyaya hərbi müdaxilə və Liviyanın uçuşa qadağan bölgə elan edilməsi kimi mövzularda Böyük Səkkizliyi razı sala bilməyib. Fransa və Böyük Britaniya müzakirələrdə Liviyanın hava məkanının bağlanması məsələsində Rusiya və Amerika Birləşmiş Ştatlarının da dəstəyinə nail olmağı qarşısına məqsəd qoymuşdu. Fransanın xarici işlər naziri Alen Jüpe, ‘Liviyanın uçuşa qadağan bölgə elan edilməsi üçün Böyük Səkkizlik ölkələrini hələ də razı sala bilməmişik’ deyərək müzakirələr haqqında açıqlama verib. Alen Jüpe Liviyaya dənizdən embarqo qoyulmasının da gündəmdə olduğunu bildirib.
Almaniyanın xarici işlər naziri Qido Vestervelle isə qeyd edib ki, hər hansı bir ölkənin uçuşa qadağan ölkə elan edilməsi özlüyündə hərbi müdaxilədir, bu harasa nəqliyyat işarəsi qoymaq deyil.
Ancaq xarici işlər nazirləri Liviya lideri Müəmmar Qəddafiyə qarşı sanksiyaların gücləndirilməsinə razıdır.