Razi Nurullayev: «Bu, sensasiya yaratmaq üçün deyilən sözlərdir»
BMT Baş Assambleyasının iclasında çıxış edən Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanı Qarabağ münaqişəsindəki mövqeyinə görə kəskin tənqid edib və Moskvanın münaqişədə heç bir tərəfin qalib gəlməsini istəmədiyini deyib. Saakaşvili Rusiyanın Ermənistana da dəstək vermədiyini və bu ölkənin münaqişədə qalib gəlməsini istəmədiyini bildirib.
Gürcüstan prezidentinin Ermənistana hərtərəfli dəstək verən və silahlandıran Rusiyanın bu ölkənin qələbəsini istəmədiyini deməsi birmənalı qarşılanmayıb. Çünki Moskvanın Yerevana verdiyi dəstək heç kimə sirr deyil. Xatırladaq ki, bir müddət əvvəl Saakaşvili Rusiyanın Azərbaycanda çevriliş hazırladığını bildirmişdi. Rusiya ilə münasibətləri gərgin olan və hakimiyyət müddəti başa çatmaqda olan Gürcüstan prezidentinin bu açıqlamaları nəyə xidmət edir?
Politoloq Razi Nurullayev Saakaşvilinin hakimiyyətinin ilk illərində populyar olmasına baxmayaraq bir siyasətçi kimi dünyada get-gedə əhəmiyyətini itirdiyini deyir. Artıq onunla maraqlanan qurumların, ona edilən dəvətlərin də sayı azalmaqdadır. Bu səbəbdən də Gürcüstan prezidenti əvvəl sahib olduğu mövqeyə qayıtmaq üçün təzadlı fikirlər səsləndirir. Bununla da yenidən dünyanın və regionun gündəminə gəlmək, özünü önəmli siyasətçi kimi təqdim etmək istəyir. Amma əslində bununla öz reytinqini və çəkisini daha da aşağı salır.
Ekspert Saakaşvilinin Rusiya fobiyasının olduğunu və bu səbəbdən də istənilən ölkə, istənilən mövzu ilə bağlı danışanda Rusiya faktorunu önə çəkdiyini deyir. Ancaq Rusiyanın Ermənistanın arxasından çəkildiyini iddia etmək yanlış fikirdir: “Heç bir halda demək olmaz ki, Rusiya Ermənistanın arxasından çəkilib, onu taleyin ümidinə buraxıb və artıq Ermənistan adlı bir ölkəni tanımaq istəmir. Bu yanlış fikirdir. Bu sadəcə sensasiya yaratmaq üçün deyilən sözlərdir. Rusiya heç vaxt Ermənistana arxa çevirməz. Əksinə, Rusiya hazırda Ermənistanla daha yaxından əməkdaşlıq etmək və onu öz qanadı altına almaq üçün ciddi şəkildə çalışır”.
Fizzə