BMT Təhlükəsizlik Şurasında fikir ayrılığı?

Suriya ilə bağlı qətnamə ziddiyyət yaratdı 

Britaniya Suriyaya 100 milyonluq yardım ayırdı

 

BMT Təhlükəsizlik Şurasının daimi üzvləri Suriya ilə bağlı qətnamənin əsas mətni ilə bağlı razılığa gəlib. Bu barədə “Röyter” agentliyinə diplomatik mənbələrdən məlum olub.

ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin yaxın zamanlarda qətnamə layihəsini BMT Təhlükəsizlik Şurasının digər üzvlərinə təqdim edəcək. 

Rusiyanın BMT-dəki nümayəndə heyətindəki mənbə isə bəyan edib ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin Suriya ilə bağlı qətnamə layihəsinə dair razılığa gəlməsi barədə məlumat doğru deyil: “Rusiya nümayəndə heyətində bu cür informasiyanın ortaya çıxması təəccüblə qarşılanıb”. 

“Rusiya Suriyada konkret siyasi qüvvələri dəstəkləməkdə deyil, Suriyanın ərazi bütövlüyünün qorunub saxlanmasında maraqlıdır”. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın “Washington Post” qəzetinə müsahibəsində deyib: “Biz Suriyada kiməsə bağlı deyilik. Bizi hansısa ayrıca bir şəxsin taleyi narahat etmir. Biz Suriyanın bölünməz, suveren, müstəqil və bütün qrupların, o cümlədən etnik qrupların haqlarına tam hörmət edilən bir dövlət olaraq qalmasını istəyirik”. Rusiyalı nazirin fikrincə, ABŞ diplomatiyası da öz qarşısına eyni məqsədləri qoyub və bu məqsədlərə çatmaq təşəbbüsü Rusiya-Amerika əməkdaşlığının genişlənməsinə kömək edəcək.

Suriyadakı vəziyyət Iran və Fransa xarici işlər nazirləri arasında Nyu-Yorkda BMT Baş Assambleyasının 68-ci sessiyası çərçivəsində baş tutan görüşdə də müzakirə mövzusu olub. 

Iran XIN rəhbəri Məhəmməd Cavad ölkəsinin Suriyadakı proseslərlə bağlı mövqeyini belə açıqlayıb: “Bu ölkədəki böhran Suriyadakı tərəflər arasında keçirilən müzakirələrlə öz həllini tapmalıdır. Suriya böhranında radikal qrupların rolundan və onların kimyəvi silahlar əldə etməsi ehtimalından narahatıq. Oxşar təhlükələrə qarşı qəti tədbirlər görülməlidir. Suriyaya hər cür xarici müdaxilə qəbuledilməzdir. Bu ölkənın gələcəyi radikal qruplarsız əhəmiyyətlidir”.

Loran Fabius isə öz növbəsində bildirib ki, Suriya böhranı davam etdiyi müddətcə vəziyyət daha kompleks hal alacaq və radikal qrupların fəaliyyətləri üçün lazımi mühit yaranacaq.

Ingiltərə hökuməti Suriyaya əlavə 100 milyon funt-sterlinq məbləğində humanitar yardım edəcəyini açıqlayıb. Bu barədə Britaniya baş nazirinin köməkçisi Nik Kleq məlumat verib. 

BMT-nin ilasında çıxışı zamanı baş nazirin köməkçisi Suriya xalqına, xüsusilə də köməyə ehtiyacı olan uşaqlara həmişə diqqət ayırdıqlarını bəyan edib: “Britaniya indiyə qədər Suriyaya 500 milyon funt-sterlinq vəsait ayırıb”. 

Britaniya rəsmisi Türkiyə və Iraqa sığınan suriyalı qaçqınlara ərzaq, təmiz su, dərman kimi yardımlar etdiklərini də vurğulayıb.