Vaxtını saxlayanlar

Bir neçə gündür ölkədə müvəqqəti də olsa şok yaşanır. Ölkəyə rəhbərlik edənlərin cinayətləri, korrupsiya əməlləri ilə bağlı məlumatlar elə onların nəzarətində olan telekanaldan seçicilərə – vətəndaşlara çatdırılır. Bunlar da ürək ağrısıyla onu seyr etmək zorundadırlar. Dözməsələr belə, süngüylə qarşılasalar belə başqa yol yoxdur. Bildiklərini, törətdiklərini eşitməyə məhkumdurlar.

Dilənçi kökündə yaşayan sadə camaat da eşidir ki, dövlət başçısı bir neçə il qabaq 11 yaşlı oğluna Dubayda 75 milyon dollara villalar alıb. Son illərdə ofşor zonalara 48 milyard dollar vəsait ötürülüb. Ailənin başqa üzvlərinin şirkətləri, qızıl yataqları, bir sözlə, biznes imperiyaları barədə məlumatlar illərlə yalan püskürən telekanaldan əhaliyə çatdırılır. Düzdür, imkan daxilində bunun qarşısını almağa, regionlarda işıqları söndürməklə camaatın həqiqətləri eşitməməsinə çalışırlar. Hər gün debat vaxtı müxtəlif rayonlardan zənglər gəlir: “Işığımızı söndürdülər”. Bəzi rayonlardasa ITV və AzTV-nin bir neçə gündür “radar”a düşdüyü xəbərləri gəlir. Bu kanallar vətəndaşların televizoruna gedib çıxa bilmirlər. Məqsəd birdir; adamları seçki prosesindən (əslində buna seçki prosesi də demək olmaz) kənarda saxlamaq, nələrin baş verdiyindən xəbərsiz qalmasına çalışmaq, seçim imkanını əlindən almaq…

Faydası olacaqmı? Bunu zaman göstərəcək. Ancaq zamanın da problemləri yox deyil. Debatlarda tez-tez bu zamana müdaxilənin şahidi oluruq. Hakimiyyət Milli Şuranın namizədi Cəmil Həsənlinin vaxtını oğurlamaq üçün qeydə alıb efirə çıxardığı namizədlərin əlilə ona (zamana) mane olmağa çalışır. Bu namizədlərin başlıca missiyası Cəmil bəyin çıxışını saf-çürük eləmək və ona cavab verməkdən ibarətdir. Bununçün onlar tez-tez zamanı, vaxtı saxlamaq məcburiyyətində qalırlar. Vaxt qazanmaq üçün vaxtı saxlamaq… Qazandıqları vaxtda elə hədyanlar, yalanlar, əxlaqa sığmayan şeylər danışırlar ki, adama onların zamanın hakimi olmamalarına sevinməkdən başqa çarəsi qalmır. Bu adamların imkanı olsa, zamanı biryolluq dayandırar, 9 oktyabrın gəlməsinin qarşısını, ümumiyyətlə, alarlar. Öz həyatları bahasına olsa belə. Onsuz da onlar bu həyatın bir həyat olmadığının fərqindədirlər…

Izləmə kamerası

“XX son 30 ilini respublikaya rəhbərlik etmiş ümummilli lider Heydər Əliyev iqtisadi baxımdan geri qalmış Azərbaycanı SSRI-də üç qabaqcıl respublikadan birinə çevirmişdi”. Bu sözlər Akif Muradverdiyevin MTN-dən göndərdiyi müraciətdəndir. O, bu müraciəti elə-belə yazmayıb. Kameradan baxıb “Ilham Əliyevin regionlara son dövrlər olan səfərlərini diqqətlə izləyəndən” sonra yazıb.

O müraciətdə başqa şeylər də yazılıb, onlara toxunmaq istəmirəm, kiminçünsə maraqlıdırsa, tapıb oxuyar. Həm də Akif müəllim bu müraciətini tanıdığı minlərlə adama ünvanladığını yazıb. Indi yəqin çoxdan alıb oxuyublar, tanış olublar, kiməsə başağrısı vermək, bildiyini təkrarlamaq yaxşı deyil. 

Diqqətimi çəkən başqa məqamdır. Akif müəllim Heydər Əliyevin 2001-ci ildə yeni il, yeni əsr təbrikindən sitat gətirib. Internetdə baxdım, dəqiq yazıb. Adam belələrinin yaddaşına heyran qalmaya bilmir. Necə də yadında saxlayıb?! Gərək ki, buna fenomenal yaddaş deyirlər. Bax, zamanın qədrini bilmək, ondan səmərəli və sərfəli yararlanmaq budur. Yoxsa efir vaxtı veriblər, imkan yaradıblar, 6 dəqiqəlik vaxt ayırıblar… Prezidentliyə namizədlərsə bu tarixi imkandan yararlanmaq əvəzinə kəlməbaşı “vaxtımı saxlayıram” deyirlər. Onu sənə saxlamaq üçün verməyiblər axı…

Qaldı Heydər Əliyevin Azərbaycanı SSRI-də üç qabaqcıl respublikadan birinə çevirməsinə… burda mübahisəyə yer var. Akif müəllim qalan iki respublikanın adını çəkməyib, SSRI görməyən gənc nəsil hardan bilsin ki, o respublikalar hansıdır. O dövrdə yaşayanların da yaddaş problemi ola bilər. Məsələn, dəqiq yadımdadır ki, Heydər Əliyevin ötən əsrin sonundakı hakimiyyəti vaxtı biz kərə yağını Ermənistandan alırdıq. Məntiq də vardı burda. Azərbaycanda Əliyevin vaxtında hər inəkdən üç bala alınırdı, inəyin südünü balaları əmirdi, xalqa süd qalmırdı ki, onu sağıb yağa çevirsin. Paltar üçün də Gürcüstana gedirdik…

Allah qapısını açsın, Akif müəllim bizi elə çətin suallar qarşısında qoyub ki… Mən indi hardan bilim o iki respublika hansıdır?!