Onu Avropada çətin suallar gözləyir

Ədliyyə naziri Fikrət Məmmədov Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin oktyabrın 29-31-də Fransanın Strasburq şəhərində keçiriləcək 23-cü sessiyasında iştirak üçün dəvət edilib. Dəvətə səbəb Azərbaycanda yerli özünüidarənin mövcud vəziyyəti və inkişafına mane olan amillər barədə müzakirələr aparmaqdır.

Nazirin sessiyada iştirakı barədə məlumat hələ ötən il konqresin Azərbaycanla bağlı qəbul etdiyi sənəddə əksini tapmışdı. Sənəddə deyilirdi ki, ədliyyə naziri 2013-cü ilin oktyabrında təşkil olunacaq müzakirələrə dəvət ediləcək və Azərbaycanda yerli demokratiyanın inkişafı sahəsində atılan addımlar, tövsiyələrin icra vəziyyəti müzakirəyə çıxarılacaq. Çünki Azərbaycan hökuməti bu müddətdə fəaliyyət planı qəbul etməli, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin verdiyi tövsiyələrin həyata keçirilməsi üçün zəruri addımlar atmalı idi. Monitorinq Komitəsi eyni zamanda təcili olaraq Bakıda Yerli Hakimiyyət Xartiyasının tətbiqi məsələləri üzrə seminar keçirmək və regional demokratiyanın vəziyyətini qiymətləndirmək məqsədilə monitorinqləri davam etdirmək təklifini irəli sürmüşdü.

Konqresin ötən il oktyabrın 17-də keçirilmiş 23-cü sessiyasında Monitorinq Komitəsinin hazırladığı “Azərbaycanda yerli və regional demokratiya” məruzəsi müzakirə edilib, müzakirələr nəticəsində 345 saylı Qətnamə və 326 saylı Tövsiyələr qəbul olunub.ÿ

Sənəddə deyilir ki, hələ 2003-cü ildə açıqlanmış ilk hesabatda yer almış tövsiyələrin əksəriyyəti yerinə yetirilməmiş qalıb. Məruzədə həmçinin Avropa Yerli Özünüidarə Xartiyasının müddəalarına riayət edilməməsi ilə əlaqədar ciddi narahatlıq ifadə olunub: “Faktiki olaraq Azərbaycanda yerli və regional demokratiya mövcud deyil, vəziyyətin dəyişdirilməsinə yönəlik planlar da yoxdur ki, bu da narahatlıq doğurur”.

Hesabatda yer almış tövsiyələr sırasında bələdiyyələrə ayrılan maliyyə resurslarının artırılması, bu vəsaitlərdən sərbəst istifadə hüququnun verilməsi də var. Konqres Bakı şəhərinin xüsusi statusu haqqında qanun qəbul etməyə və paytaxtda yerli özünüidarə orqanlarına demokratik seçkilər keçirməyə çağırıb.