Hərbi forma məsələsinə də prezident baxırmış

Dövlət başçısının yeni fərmanıyla qəribə dəyişikliklərə imza atılıb

Qəribə olayları görmək üçün dünyanı ələk-vələk eləməyə lüzum yox imiş. Çünki hər gün Azərbaycanın özündə elə hadisələr yaşanır ki, təəccüb qalmamaq olmur. Bu qəribəliklərdən biri də dövlət başçısının ona aidiyyəti olmayan məsələlərə rəsmi rəy verməsidir. Buna misal kimi, hərbi qulluqçuların hərbi geyim və fərqləndirmə nişanlarının təsdiqinin prezident fərmanıyla dəyişdirilməsini göstərmək olar.

Dövlət başçısı Ilham Əliyev “Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamə və “Azərbaycan Respublikası Daxili Işlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirlərinin təsdiq edilməsi barədə” prezidentin 2005-ci il 22 iyul tarixli 268 nömrəli fərmanında dəyişikliklər edilməsinə dair fərman verib.

Fərmanla DIN-in Daxili Qoşunlarının hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında “Əsasnamə” üzrə “tuman” sözü “yubka” sözü ilə əvəz edilib. Geyimlərdəki “qara” sözü “zeytun” sözü ilə əvəzlənib. Daha sonra fərmanda Daxili Qoşunların Ali Hərbi Məktəbi kursantlarının geyim forması (xüsusi geyimdən başqa) barədə bəhs edilib. Kursantların mərasim geyim forması olan yay paltarı, furajka (qadınlarda şlyapa), kitel, şalvar (qadınlarda yubka), şalvar qayışı, köynək, qalstuk, əlcək, akselbant, corab, yay tuflisi, qış paltarı, qış paltosu, kitel və s. təsvir edilib. Həmçinin kursantların gündəlik geyim forması, hərbi geyim əşyalarının necə olması da öz əksini tapıb.

Bundan başqa, Nazirlər Kabinetinə üç ay ərzində normativ hüquqi aktların bu fərmana uyğunlaşdırılması və fərmandan irəli gələn digər məsələlərin həlli tapşırılıb.

Xüsusi forma və onun necə olmasını sözlə deyil, gözlə görmək üçünsə “Azərbaycan” qəzetinin 25 sentyabr sayındakı səhifənin yarıdan çoxunu zəbt etmiş prezident fərmanına baxmaq olar.

Sosial şöbə