N!DA-çılar cinayət işi ilə tanış olur

N!DA Vətəndaş Hərəkatının həbsdə olan üzvləri barələrində açılmış cinayət işinin materialları ilə tanış olur. Bu barədə AzNews.az-a hərəkatın həbsdə olan üzvü Zaur Qurbanlının vəkili Xalid Bağırov məlumat verib. Vəkilin sözlərinə görə, N!DA-çılar dünəndən cinayət işinin materialları ilə tanış olmağa başlayıblar. X.Bağırov bildirib ki, həm vəkillər, həm də həbsdə olan gənclər istintaq materialları ilə tanış olub, işin bir an öncə məhkəməyə göndərilməsinin tərəfdarıdılar: “Biz cinayət işinin materialları ilə 20 gün ərzində tanış olmalıyıq. Ancaq həm uşaqlar, həm də biz, vəkillər çalışırıq ki, işlə tanışlığı tez yekunlaşdıraq və məhkəmə prosesləri başlasın”. 

Vəkil onu da qeyd edib ki, N!DA-çılar və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadəyə qarşı açılmış cinayət işinin materialları 18 cilddir. 

Xatırladaq ki, N!DA-nın üzvlərinə qarşı bu ilin mart ayında Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə cinayət işi açılmışdı. Bu ayın əvvəlində isə onlara və Azad Gənclik Təşkilatının üzvü İ.Rüstəmzadəyə 220.1-ci (yanğın və qırğınlarla müşayiət olunan kütləvi iğtişaşların təşkili) maddəsi üzrə yeni ittiham irəli sürülüb. N!DA üzvü Məmməd Əzizova qarşı isə bu iki maddə ilə yanaşı, Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə də cinayət işi açılıb.