Hakimiyyət indi də İngiltərə ilə müharibəyə başladı

“Azərbaycan” qəzeti Britaniya dövlətini, hökumətini və kral ailəsini ağır sözlərlə aşağıladı

 

Rəsmi dövlət qəzeti “Azərbaycan” 15 mart tarixli sayında İngiltərə əleyhinə geniş məqalə dərc edib. Məqalədə İngiltərə hökuməti və bütövlükdə dövləti, hətta kral ailəsi də aöır ifadələrlə itiiham olunur, aşağılanır.
“İngilis barmağı” adlı məqalə “Azərbaycan” imzası ilə dərc olunub. Məqalədən parçaları təqdim edirik:

 

“Müasir dünya nizamının formalaşmasına təsir göstərmiş amillərdən danışarkən tez-tez bir ifadə işlənilir – “ingilis barmağı”. Bu ifadənin kökündə yerindən və zamanından asılı olmayaraq, dünyanın istənilən ərazisində və istənilən zaman kəsiyində baş vermiş eybəcər, qeyri-humanist hadisənin arxasında, əslində, Britaniya hökumətinin dayandığına olan inam dururdu.
Həqiqətən də bir vaxtlar bəşəriyyət tarixində bütün qitələri əhatə edən ən böyük müstəmləkə imperiyasını qurmuş və ötən əsrin 30-cu illərində 37 milyon kv.km əraziyə və ya dünyanın az qala 1/4-nə nəzarət edən ingilislərin “barmağı” Yer üzündə gedən antiinsani proseslərin əsas rıçaqı, vasitəsi kimi qəbul edilirdi. Bir vaxtlar bu imperiyanın ərazisində yaşayan insanların sayı 500 milyona çatırdı ki, bu da Yer kürəsi əhalisinin 25 faizinə bərabər idi. Və bu gün – Britaniya imperiyası dağıldıqdan və müasir İngiltərə öz tarixi ərazisinə çəkildikdən sonra da bu “ingilis barmağı” nəinki aradan qalxmamış, əksinə, əvvəlkindən daha məkrli formada təzahür etməyə başlamışdır…

Dünya indiyədək çoxlu sayda imperiyalar görüb, amma qəddarlığına və antiinsaniliyinə görə Britaniya imperiyası ilə müqayisəolunacaq imperiya olmayıb! Öz müstəmləkəsini Britaniya imperiyası qədər amansızcasına talan edən, əhaliyə vəhşicəsinə divan tutan, istila etdikləri ərazilərin təbii ehtiyatlarını barbarcasına daşıyan, yerli aborigenləri isə qul bazarlarına çıxaran imperiyanı heç kim xatırlamır. Bu gün də dünyanın gözündə Böyük Britaniya Krallığının “ən zəngin” və “ən varlı” görünməsi təəccüblü deyil!..

Etiraf etmək lazımdır ki, “ingilis barmağı”nın fəsadlarını ötən əsrin əvvəllərində Azərbaycan və digər müsəlman ölkələri də çox yaxından hiss etmişdir. Məsələn, tarixə “Mart qırğınları” kimi düşmüş 1918-ci ildə Bakıda ermənilərin törətdiyi soyqırımı hadisələrində ingilislərin iştirakına dair bir sıra tarixi faktlar məlumdur…
Britaniyanın bu riyakar və antiinsani siyasətindən heç kəs sığortalanmayıb – ən yaxın müttəfiqlər belə tarixin müəyyən anında bu siyasətin bütün dəhşətlərini öz üzərlərində hiss etmişlər.

Tarixdən də görünür ki, Britaniya dəfələrlə düşmənlərinə qarşı koalisiya yaradaraq, müttəfiqlərinin hesabına məqsədinə çatdıqdan sonra onları yarı yolda buraxaraq pis vəziyyətdə qoymuşdur. Uzağa getməyək: 2008-ci ildəki Rusiya-Gürcüstan müharibəsindən sonra Londonun davranışına nəzər salmaq kifayətdir. Separatçılıq dalğası zəminində öz ərazilərini itirmək təhlükəsi ilə üz-üzə qalmış Gürcüstanı Rusiya ilə açıq münaqişəyə və müharibəyə həvəsləndirənlərdən biri olan London sonradan nəinki Tiflisə dəstək vermədi, əksinə, Moskva ilə münasibətlərini bir qədər də yaxşılaşdırmaq üçün Rusiya – Avropa İttifaqı danışıqlarını bərpa etməyin tərəfdarı qismində çıxış etdi. Hər halda, bu barədə elə Böyük Britaniyanın “The Daily Telegraph” qəzetinin özü diplomatik mənbələrə istinadən xəbər verirdi. Halbuki bundan cəmi ay yarım əvvəl Böyük Britaniyanın ovaxtkı Baş naziri Qordon Braun özünün avropalı həmkarlarını Moskvanı cəzalandırmağa və Aİ ilə Rusiya arasında yeni əməkdaşlıq müqaviləsinə dair danışıqları dayandırmağa çağırırdı…

Belə qəfil baş verən “əqidə dəyişikliyi” rəsmi Londonun yüzilliklər boyu əsaslandığı və istifadə etdiyi daha bir prinsipdən irəli gəlir. Söhbət bir çoxlarının Uinston Çörçilin adı ilə bağladığı “Britaniyanın daimi müttəfiqləri yoxdur, daimi maraqları var” prinsipindən gedir…

Zadəgan şərəf-ləyaqətini üstün tutan və “centlmen razılaşması” kimi mənəvi dəyərlərə söykənən bir razılaşmanı daim dünyaya bəyan edən bir millətin başında duranlar, göründüyü kimi, onlara sərf edəndə, nəinki mənəvi dəyərləri, qarşılıqlı razılaşmaları, hətta hüquqi öhdəlikləri belə pozmağa, dost və müttəfiq anlayışına rişxəndlə yanaşmağa hazır kimi görünür.
Və təəssüf ki, keçən əsrlər boyu Britaniyaya rəhbərlik edənlər və ölkənin xarici siyasətini yürüdənlər daim bu cür riyakar və ikili standart yanaşmasına sadiqlik nümayiş etdirmişlər.
Bu gün istər daxili, istərsə də xarici siyasətlə bağlı vaxtaşırı baş qaldıran qalmaqallar göstərir ki, “ən mükəmməl demokratiya” və “ən praqmatik xarici siyasət”ə iddialı olan İngiltərənin siyasi elitası, əslində, korrupsiya, yalan və məişət pozğunluğu içindədir…

Bəli, bu gün Britaniya əvvəlki kimi açıq istila siyasəti yürütmür, çünki dünyada gedən proseslər və müasir beynəlxalq münasibətlər sistemini nəzərə alaraq müstəmləkələrdən imtina etmək məcburiyyətində qalıb. Amma Əfqanıstan, Pakistan, İraq və geniş ərəb dünyasında baş verən iğtişaşlar, etnik toqquşmalar, terrorizm və zorakılıq dalğası məhz Britaniya imperiyasının vaxtilə tərk etdiyi ərazilərdə qoyduğu “minaların” nəticəsidir. İki-üç əsr əvvəl bu ərazilərdə səpilmiş milli, dini və etnik düşmənçilik toxumu bu gün də onlarla dövlətdə və böyük regionlarda sabitlik və sülhün bərqərar olmasına imkan vermir…

İndiyədək ailə münasibətlərində konservativlik nümayiş etdirən Britaniya üçün eynicinslilərin nikahı problemi artıq aktuallıq kəsb etməyə başlayıb. Hələ bir neçə il əvvəl heç kəs ağlına belə gətirə bilməzdi ki, “dünya parlamentlərinin anası” adlandırılan Britaniya parlamentində cinsi azlıq problemi qabardıla bilər. Amma 2010-cu ildə Britaniyanın Avropa məsələləri üzrə naziri Kris Brayant parlamentin binasında (!) eynicinsli nikaha girən ilk britaniyalı parlamentari oldu. “Cütlüyü” təbrik etmək üçün bir çox nazirlər bu mərasimə təşrif buyurmuşdular. İcmalar Palatasının spikeri Con Berkou isə bu mərasimin parlamentin binasında keçirilməsinə şəxsən icazə verdi və hətta bu münasibətlə banket də təşkil etdi…

Son illər Britaniyanı silkələyən qalmaqallardan danışarkən, ilk növbədə, korrupsiya ilə bağlı üzə çıxan faktlar diqqəti xüsusilə çəkir…
Son illər Böyük Britaniyada ən böyük korrupsiya qalmaqallarından biri 2009-cu ildə baş verib və parlamentin aşağı palatasının spikeri Maykl Martinin istefası ilə nəticələnib… Martinin Britaniya parlamentinin aşağı palatasının 300 il ərzində istefa verən ilk spikeri olması faktı korrupsiya qalmaqalının miqyasından xəbər verir…
Daha bir korrupsiya qalmaqalının əsasını isə “Sky News” telekanalının jurnalistləri qoyublar. Ötən ilin martında jurnalistlər özlərini ABŞ şirkətlərindən birinin təmsilçiləri kimi təqdim edərək onlar üçün lazım olan qanunların hökumət və parlamentdə qəbulunda lobbiçilik üçün Leyborist Partiyasının 9 nəfər üzvündən yardım istəyiblər və müsbət cavab alıblar. Məsələn, keçmiş nəqliyyat naziri Stiven Bayers bildirib ki, o, hökumətin yuxarı dairələrində sıx əlaqələrə malikdir və gününə 5 min funt (7,5 min dollar) müqabilində istənilən məsələ ilə bağlı dövlət rəsmiləri ilə görüş təşkil edə bilər.
Qalmaqalda keçmiş səhiyyə və müdafiə nazirlərinin də adları hallanırdı.
İfşaedici materiallar üzə çıxdıqdan sonra leyboristlər qalmaqalda adıçəkilən deputatların partiyadan xaric edilməsi haqda qərar qəbul etməli oldular.

Növbəti qalmaqal “News of the World” qəzetində Lordlar Palatasının üzvü Makkenzinin rusiyalı oliqarx Vladimir Qusinski ilə əlaqələri haqda dərc olunmuş məqalədən sonra baş qaldırdı. Məlum oldu ki, Makkenzi 6 il ərzində V.Qusinskinin sahibi olduğu “İnterTV” şirkətindən üst-üstə 600 min funt pul alıb və bunu gizli saxlayıb. Halbuki qanuna görə, lordlar qazanclarını mütləq açıqlamalıdırlar.

Qeyd edilənlər son illər bütün Britaniya cəmiyyətini silkələyən və hələ üzə çıxan korrupsiya qalmaqallarının çox cüzi bir hissəsidir. Yerli mətbuatda keçmiş Baş nazir T.Bleyerin ayrı-ayrı ölkələrə səfərləri müqabilində külli-miqdarda vəsait alması, müxtəlif iş adamlarının Bleyerin övladlarına mülk bağışlaması, habelə sahibkarların maraqlarına cavab verən bu və ya digər qanunun qəbulu üçün hökumət və parlament üzvləri arasında vasitəçilik təklif edən deputat və nazirlər, hətta kral ailəsinin üzvləri haqda belə məlumatlar dərc olunur.

Məlum olur ki, ölkənin siyasi elitasını təşkil edən siyasi partiyaların rəhbərləri, Baş nazir, hökumət üzvləri və parlamentarilər vergiödəyicilərin hesabına dəbdəbəli həyat tərzi keçirir, şəxsi təyyarələr, villalar alır, dövlət vəsaitini şəxsi məqsədlərə sərf edir və s.

Məlum olur ki, bu ölkənin siyasi elitasına daxil olan şəxslər hökumət və parlament üzvlərinin qeyri-qanuni lobbiçiliklə məşğul olaraq rüşvət hesabına qanunlar qəbul etdirməsini, korrupsiya və rüşvətxorluqla bağlı qalmaqalları unutdurmağın yeganə yolunu başqa ölkələrin ünvanına əsassız korrupsiya ittihamları səsləndirmək, sübutsuz-filansız yalanlar tirajlamaqda görürlər…

Bütün bunlar Böyük Britaniyada hakim elitanın istər siyasi, istər iqtisadi, istərsə də mənəvi baxımdan aşınmaya məruz qaldığını göstərir. Əgər “Dumanlı Albion”da hələ də ikili standart və müttəfiqlərə xəyanət siyasəti “xarici siyasətdə praqmatizm” kimi təqdim olunursa, əgər xarici dövlətlərlə münasibətlər qurularkən hələ də üzdə bir, arxada isə tamam fərqli mövqe tutulursa, XXI əsrin əvvəlində başqa dövlətlərə və xalqlara münasibətdə orta əsrlərin feodal təfəkkürü ilə yanaşılırsa, onda bu gün rəsmi Londonun həyata keçirdiyi siyasətlə, Britaniya imperiyasının vaxtilə öz müstəmləkələrinə qarşı yürütdüyü qarətçi, şantaj və sayğısızlıq siyasəti arasında paralel görənlər o qədərmi haqsızdırlar?”.