Hüquq müdafiəçisi Türkel Kərimlinin həbsini pislədi

İnsan Hüquqları üzrə Maarifləndirmə İctimai Birliyinin  (İHM) sədri İradə Cavadova AXCP sədrinin oğlu Türkel Kərimlinin və digər iki gəncin 22 sentyabr mitinqindən qayıdarkən həbs olunmasını qətiyyətlə pisləyən bəyanat yayıb. Bəyanatda deyilir:
 
“İHM hesab edir ki, Türkel Kərimlinin və digər iki gəncin inzibati həbsi T.Kərimlinin atası, müxalifət partiyasının sədri Əli Kərimlinin aktiv siyasi fəaliyyəti, Milli Şuranın mitinqi və AXCP-nin bu prosesdə fəal iştirakı ilə bağlıdır.
İHM siyasi fəalların ailə üzvlərinə, yaxın qohumlarına qarşı təzyiqləri çirkin əməl hesab edir və bildirir ki, T.Kərimlinin prezident seçkiləri öncəsi həbs olunması müxalifət liderinin mübarizədən çəkindirilməsinə yönəlib və bu, həbsin siyasi sifariş olduğunu göstərir.
İHM Azərbaycanda son zamanlar siyasi baxışlarına və ifadə etdiyi fikirlərinə görə fəalların təzyiqlərə və təqiblərə məruz qalmasından, siyasi sifariş əsasında həbs edilməsindən dərin narahatlıq hissi keçirir. İHM siyasi fəalları, eləcə də onların ailə üzvlərini cəzalandırmaq üçün məhkəmələrdən istifadə olunmasının Azərbaycan Konstitusiyasına və ölkənin beynəlxalq öhdəliklərinə zidd olduğunu bildirir.
İHM onu da qeyd edir ki, ifadə azadlığı Azərbaycanın imzaladığı və ratifikasiya etdiyi bir çox beynəlxalq müqavilələr və hüquqi sənədlərlə təmin olunmalıdır. Həmin beynəlxalq sənədlərdə nəzərdə tutulmuş insan hüquq və azadlıqlarını pozmaqla Azərbaycan hökuməti üzərinə götürdüyü öhdəliyi ciddi pozur.
Azərbaycanda vətəndaşlar məmurlara münasibətdə müdafiəsiz, zəif və kövrək hüquqlara sahibdirlər. Nüfuzlu beynəlxalq qurumları Azərbaycanda fəaliyyət gğstərən Vətəndaş Cəmiyyətinə dəstək olmağa, fəal gənclərin azad olunması istiqamətində müvafiq tədbirlər görməyə çağıırırıq.
Vətəndaş cəmiyyəti təşkilatı olaraq, bütün məsul şəxsləri və dövlət qurumlarını insan hüquq və azadlıqlarının tanınmasına, onlara hörmət etməyə, qanunsuz həbs olunan ictimai fəalların, hüquq müdafiəçilərinin, jurnalistlərin azadlığa buraxılmasına, partiya rəhbərlərinin yaxın qohumlarına qarşı təzyiqlərə son qoyulmasına, ölkədə   baş verən pozuntuların aradan qaldırmasına yönələn effektiv və səmimi tədbirlər görməyə çağırırıq”.

Gozetci.az