Rəsul Quliyev Cəmil Həsənli ilə nələrdən danışıb?

Cəmil Həsənli: «Rəsul Quliyevlə Milli Şuranın seçki taktikasını, təşkilatın atacağı addımları müzakirə edərək, fikir mübadiləsi apardıq»

Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevlə bu partiyanın sədri Sülhəddin Əkbər arasında telefon danışığı kimi təqdim olunan səsyazısının həqiqiliyini adları çəkilən tərəflər inkar edirlər. R.Quliyev bildirib ki, 22 sentyabr mitinqinin başlamasına bir saat qalmış o, bir çox insanlarla əlaqə saxlayıb, prosesin necə getdiyi ilə maraqlanmışam. Nəticədə bu telefon danışıqlarından müəyyən bir audiomontaj edərək yanlış məlumat ictimailləşdirilib. Sülhəddin Əkbər də baş verənləri təxribat kimi qiymətləndirib. Bildirib ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin çıxışlarının effekt verdiyi, AXCP sədri Əli Kərimlinin oğlunun faktiki girov götürüldüyü, Oqtay Gülalıyevin oğlunun bıçaqlandığı bir ərəfədə gündəmi dəyişmək üçün bu cür üsullara əl atırlar. Sülhəddin Əkbər onu da əlavə edib ki, belə bir audioyazının yayılması təsadüfi eyil. Çünki bu audioyazı R.Quliyevlə Cəmil Həsənli arasında telefon danışığından az sonra yayılıb: “Görünür, heç 24 saat dözə bilməyiblər. Hakimiyyət Milli Şurada münasibətlərin normal olmasını həzm edə bilmir. Bu təxribat savadsız sovet milisinin əməllərinə bənzəyir”.

ACP lideri R.Quliyevlə telefon danışığında hansı məsələləri müzakirə etdiyini öyrənmək üçün Milli Şuranın namizədi Cəmil Həsənliyə müraciət etdik. R.Quliyevlə mitinqdən 3 gün əvvəl əlaqə saxladıqlarını deyən C.Həsənli bildirdi ki, ACP lideri ilə normal söhbət edərək, bir sıra mühüm məsələləri müzakirə ediblər: «Mitinqdən 3 gün əvvəl Rəsul Quliyevlə telefon danışığımız oldu. Biz Milli Şuranın seçki taktikasını, yaxın zamanlar üçün təşkilatın atacağı addımları müzakirə edərək, fikir mübadiləsi apardıq».

 

Xəyal