“Ədliyyə naziri Fikrət Məmmədov 4 ildir bizi süründürür”
Ötən gün “Vətən Müharibəsi Əlilləri Ictimai Birliyi”nin üzvləri Ədliyyə Nazirliyinin qarşısında etiraz aksiyası keçirdi. Daha sonra əlillər Ədliyyə Nazirliyinin binasına daxil olaraq Fikrət Məmmədovun şəxsən onları qəbul etməsini tələb etdilər. Qarabağ əlillərinin əsas tələbi 4 ildir yaratdıqları cəmiyyətin qeydiyyatdan keçirilməməsidir.
Biz Qarabağ əliliyik, yoxsa vətən xaini?
Qarabağ əlili Xaliq Məmmədov bildirdi ki, biz öz sağlamlığımızı bu vətənin yolunda qoymuşuq. Bu gün də yarı canımızla döyüşməyə hazırıq. Ancaq dövlət bizə heç bir qayğı göstərmir. Mən Qarabağda şücaət göstərdiyim üçün Heydər Əliyev sinəmdən medal asıb. Ancaq bu medalın qara qəpiklik qiyməti yoxdur. Mən yol kənarında dayanıb təkər dəyişirəm. Hər dəfə bir adamın evində qalmağa məcburam. Bizə verilən pulla ailə saxlamaq olmaz. Məni görən insanlar deyirlər ki, sən bu torpaq uğrunda vuruşmusan, ancaq heç bir imtiyazın yoxdur. Bunu görən hansı cavan döyüşə gedər. Bizə niyə belə münasibət göstərirlər. Özləri villalarda yaşayırlar, kabab yeyirlər, biz isə yavan çörəyə möhtac qalmışıq. Biz Qarabağ əliliyik, yoxsa vətən xaini? Belə getsə, bizi vətən xaini elan edəcəklər. Hər dəfə başımızın altına “yastıq” qoyub aldadırlar.
Neft borularından axan pullar hara gedir?
Sevil Abbasova Qarabağ döyüşləri zamanı tankın içində yanıb. Bədəni və sifətindən müxtəlif dərəcəli yanıq xəsarəti alıb. Illərdi onun müalicəsi üçün dövlət heç bir köməklik göstərmir. Sevil xanım deyir ki, onlar dövlətdən heç nə istəmirlər. Sadəcə olaraq yaratdıqları cəmiyyəti qeydiyyatdan keçirsinlər. Necə olur ki, ölkədə yüzlərlə mənşəyi bilinməyən QHT fəaliyyət göstərir, ancaq öz sağlamlığını vətən yolunda qoyanlar rədd cavabı alır. Yüzlərlə polisi bura yığıblar ki, bizim etirazımızı boğsunlar. Biz Qarabağda döyüşəndə bu polislər harda idi. Məni həbs etməklə hədələyirlər. 4 ildir nazir bizi qəbul etmir, müxtəlif bəhanələrlə bizə ümid verirlər. Bu ölkənin sahibi var, bu ölkədə konstitusiya var? Divarda yazıb vurublar ki, nazirin qəbul günləri var. Bu gün də nazirin qəbul günüdür. Bizi niyə qəbul etmir. O bizi qəbul etmirsə, kimin naziridi? Daşın, divarın naziridir? Azərbaycanın neft borularının içindən maşın keçər. həmin borudan 1 dəqiqədə keçən neftin pulun əlillərin probleminə sərf etsələr, heç bir problem qalmaz. Bizim problemlərimizin həllindən başqa, neft pulları hər yerə gedir.
Əlilə qiymət verilməyən yeganə ölkə Azərbaycandır
2-ci qrup əlil Nərminə Abbasquliyevə Qarabağ döyüşləri zamanı çəkdirdiyi şəkilləri jurnalistlərə göstərir. Nərminə xanım deyir ki, bədəninin yarısı yoxdur. Təkcə özü deyil, oğlu da döyüşlər zamanı azyaşlı olub və xəsarət alıb. Oğlunun bədənində 50-dən çox tikiş var. Nərminə xanım deyir ki, oğluna əlillik dərəcəsi vermirlər. Çünki buna görə pul vermək lazımdır, bizim də pulumuz yoxdur. Bu ölkədə hamıya mükafat verirlər, ev verirlər. Ancaq sağlamlığını vətən yolunda qoyanlara sonuncu sort insan kimi baxırlar. Türkiyədə, Iranda ən böyük hörməti qazilərə göstərirlər. Öz qazisinə ən ucuz qiymət verən, öz qazisini təhqir edən yeganə ölkə Azərbaycandı.
Fikrət Məmmədov anarxistdi, diktatordu
“Vətən Müharibəsi Əlilləri Ictimai Birliyi”nin sədri Firudin Məmmədovdur. Əlillərin nazirlikdə uzun müddət etiraz etdiyini, jurnalistlərin baş verənləri çəkdiyini gördükdən sonra Ədliyyə nazirinin müavini Firudin Məmmədov onları qəbul etdi.
30 dəqiqəlik qəbuldan sonra Firudin Məmmədov bildirdi ki, heç bir tələbləri qəbul edilməyib, növbəti dəfə məsələyə baxılacağı bildirilib: “4 ildir bizə deyirlər ki, gedin bir aydan sonra gəlin. Indi də oktyabrın 10-dan sonra məsləyə baxılacağını deyirlər. Bir sənədi qeydiyyatdan keçirmək nə çətin işdir? 20 yaşından döyüşlərdə canımızı qurban vermişik. Yazmadığımız, müraciət etmədiyimiz ünvan qalmayıb, 9 dəfə bizə rəsmən etiraz məktubu göndəriblər. Müxtəlif bəhanələrlə bizi qəbul etmirlər. Guya sənəddə vergül əyri düşüb, cümlə səhv gedib və s. Nazirliyin öz əməkdaşları etiraf edir ki, bu müraciətlər boş şeydi. Onlar deyirlər ki, sizi yuxarıdan tapşırmalıdılar ki, işiniz həll olsun. Indi biz Prezident Aparatına gedəcəyik, sonra da özümüzü Heydər Əliyevin məzarına zəncirləyəcəyik. Bütün dünyaya çatdıracağıq ki, Azərbaycanda hansı vəziyyətdir. Azərbaycanda Fikrət Məmmədov adlı qol zəncirləyən, anarxist, diktator, avtoritar var. Afrika ölkələrində də belə vəziyyət yoxdur. Kimə dərdimizi deyək, məhkəmə də Ədliyyə Nazirliyinin tabeliyindədir…
Cavabsız suallar
Ədliyyə naziri Fikrət Məmmədovun qəbul günləri var və qəbul günlərinin vaxtı nazirliyin giriş qapısının divarlarında yazılıb. Ancaq nazir vətəndaşları qəbul etmək istəmir. Nazirin vətəndaşları qəbul etməməsinin səbəbini öyrənmək istəsək də, nazirliyin əməkdaşlarından məntiqli cavab ala bilmədik. Ən yaxşı halda “lazımi adamlar vətəndaşları qəbul edir” cavabını eşitdik. Bir sözlə, Qarabağ əlilləri yenə də qeydiyyatdan keçə bilmədilər.
Ilham,
Xəyal