Axdı, Bakıya axdı…
Amma İlham Əliyev onlara baxmadı…
Dövlət qurumlarına axan şikayətlərin sayı-hesabı bilinmir. Statistikasını aparan yoxdur. Bəzən hansısa rəqəmlər deyilir, ancaq onlar gerçəklikdən çox uzaqdır. Çünki bütün başqa sahələrdə olduğu kimi (məsələn, Ramil Usubov hər il çıxıb deyir ki, cinayətkarlıq filan qədər azalıb – R.H.), şikayətlərdə də azalma olduğu deyilir.
Tamamilə yanlış informasiyadır. Düzdür, poçt sistemimiz sovetlərin vaxtında olduğu kimi işləmir, amma yazanlar tanıyıram ki, elə o vaxtkı kimi şövqlə yazır. Əhalinin gündən-günə ağırlaşan durumu başqa yol qalmadığını deyir… Redaksiyamıza axan şikayət məktubları da bunu təsdiqləyir. Indi həm də internet əsridir, hətta prezidentin də poçtuna istənilən adam istədiyi vaxt məktub yaza bilir. Həcm məhdudiyyəti olsa belə…
Prezidentin poçt qutusu
Ramiz Mehdiyevin korrupsiyaya qarşı mübarizə kampaniyasına start verməsindən ay yarım keçib. Hansısa uğurdan və ya uğursuzluqdan danışmaq fikrim yoxdur. Bunu Ramiz müəllim özü qiymətləndirəcək. Şikayətlər məsələsinə toxunmaq istəyirəm. Ilham Əliyev də Qərb bölgəsinə səfəri zamanı əhalini fəal olmağa, qanunsuzluqlardan şikayət etməyə çağırdı. Prezident bu çağırışında səmimiydimi? Qətiyyən yox. O da Ramiz müəllimin kampaniyasına qoşulduğunu, hətta korrupsiyaya qarşı mübarizənin başında dayandığını sübut etmək istəyirdi. Olsun. Bu işin müsbət cəhətlərindən biri və birincisi odur ki, neçə illərdir korrupsiyadan, rüşvətxorluqdan biz yazırdıq, Ilham Əliyev də, Ramiz Mehdiyev də, onlardan aşağılar da daş atıb başını tuturdular, bunun olmadığını deyirdilər. Indi onlar da bizə qoşulublar, lap yaxşı. Amma baş aldatmaq niyə? Mən dəfələrlə bu və ya başqa şikayətçinin məktubunu prezidentin poçtuna göndərməkdə yardımçı olmuşam. Tez-tez də prezidentin saytına girib ora göndərilən məktublarla tanış oluram. Aşağıda onlardan sizin üçün də bir neçə nümunə gətirəcəm, tanış olun və qiyməti özünüz verin. Onu da deyim ki, hələ indiyə qədər bu poçtda şikayət məktubuna rast gəlməmişəm. Baxmayaraq ki, neçəsini özüm göndərmişəm. Bu qədər saxtakarlıq, ikiüzlülük olarmı? Bundan sonra korrupsiya ilə mübarizəyə, yaxud prezidentin yalançı bəyanatlarına, vədlərinə kimsə inanarmı?
Şikayət, yoxsa tərif?
Kür daşqınlarından əhalinin nələr çəkdiyi çoxlarına bəllidir. Bu günlərdə Kür qaçqınları kütləvi etiraz aksiyalarına start veriblər. Ayrılan kompensasiyanı hələ də almadıqlarından, tikilməli olan evləri də tikilmədiyindən. Ağzından od tökülən, onun-bunun qapısında qalan, imkansızlıqdan uşağı məktəbə getməyən bu adamlar sizcə, məktub yazmağa vaxt tapar? Bəlkə də tapar, amma şikayət məktubu yazmağa, daha tərif məktubu yazmağa yox. Prezidentin poçtunda isə onlara rast gəlmək mümkün deyil. Burada yalnız tərif dolu məktublardır. Şübhəsiz, bu da PA-nın yerlərə verdiyi tapşırıqdır, ət-süd planı kimi tərif məktubları yazmaq da rayonlar üçün öhdəlikdir. Ola bilsin heç rayonlara göstəriş də verilməyib, elə Prezident Administrasiyasında oturub onun-bunun adından yollayırlar məktubları. Lap təzəsiylə sizi tanış edək. Məktubları saytda olduğu kimi təqdim edirəm: tarixi, saatıyla…
Qaravəlli məktubları…
“Qaravəlli kənd sakinlərindən, Zərdab, Azərbaycan, 24 fevral 2011, 15:20
Möhtərəm cənab Prezident!
7 ildən artıq prezidentlik fəaliyyətiniz dövründə bütün regionlar kimi Zərdaba və zərdablılara göstərdiyiniz diqqət və qayğını kəndimizin bütün insanları yüksək qiymətləndirir.
2010-cu ilin yazında Kür çayının daşması ilə bağlı yaranan təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında göstərdiyiniz köməyə görə Sizə öz dərin minnətdarlığımızı və səmimi təşəkkürümüzü bildiririk. 1978-ci ildə ümummilli lider Heydər Əliyev, 2010-cu ildə isə Siz biz zərdablıları Kürün təhlükəsindən xilas etdiniz.
Bu gün Sizin diqqət və qayğınız sayəsində bütün rayonlar inkişaf edir, gözəlləşir. Son illər Zərdabda aparılan genişmiqyaslı tikinti-abadlıq işləri bizi ürəkdən sevindirir. Zərdab-Mollakənd yolunun asfaltlaşdırılmasına, Otmanova istiqamətində qaz xəttinin çəkilişinə başlanılmasına, Qaravəlli kəndinə qaz xəttinin çəkilişinin başa çatdırılmasına, kənd məscidinin təmir olunmasına görə kəndimizin ağsaqqalları adından, bütün kənd əməkçiləri adından Sizə bir daha ən xoş arzularımızı çatdırırıq. Bu sevincli günləri bizə bəxş etdiyinizə görə Sizə səmimi minnətdarlığımızı bildirir, Sizə və ailənizə xoşbəxtlik, səadət və cansağlığı arzu edirik. Inanırıq ki, Sizin rəhbərliyiniz altında xalqımız, o cümlədən zərdablılar çox yaxın gələcəkdə daha firavan günlərə qovuşacaq.
Dərin hörmətlə,
Tağıyev Feyzulla Məzahir oğlu, Tağıyeva Qumru Usub qızı, Rəhimov Fərahim Sabir oğlu və başqaları. Cəmi: 627 imza”.
Məktuba bəlkə də inanmaq olardı, amma onun altındakı 637 imza məni kiçicik bir araşdırmaya sövq elədi.
Son parlament seçkisində rəsmi qurumlar bu kənddə 502 seçicinin olduğunu yazıb. Onlardan gerçəkdə kənddə nə qədər olduğunu deyə bilmərəm, bunun Rusiyası, Ukraynası, Avropası-filanı var. Bütün başqa rayonlarda olduğu kimi bu rayonun da sakinlərinin bir hissəsi çörək dalınca didərgindir, uzaq-uzaq vilayətlərdə. 627 imzanı hardan çıxarıblar görən, Ramiz müəllimin belə nüanslara diqqət yetirməsi gərək. Hər şey inandırıcı olmalıdır. Yeri gəlmişkən, zərdablılardan biri ilə əlaqə saxladım, o, rayonun əksər kəndlərinin, o cümlədən Qaravəllinin qazsız olduğunu dedi: “Bu kəndə qədər qaz xətti çəkilib, amma əhaliyə hələ də paylanmayıb”.
Zərdabın yastı yolları…
Bu məktub da Zərdabdan gəlib. Amma daşqınların bəndi-bərəni dağıtdığı vaxtda. Camaat hamısı canının hayına qaldığı çağlarda Zərdabın Xanməmmədli kəndinin sakinləri Səmid Cavadov başda olmaqla özlərini, övladlarını, əmlaklarını xilas etmək əvəzinə oturub prezidentə təşəkkür məktubu yazıblar. Mayın 20-də…
“Səmid Cavadov və başqalarından, Zərdab, Azərbaycan 20 may 2010, 16:07
Möhtərəm cənab Prezident,
Mayın 4-də Zərdab rayonunun Xanməmmədli kəndində Türyançay çayında mühafizə bəndi yarılmış və kənd əhalisi ciddi təhlükə qarşısında qalmışdı. Bənddə yaranmış təhlükəli vəziyyət qısa müddətdə aradan qaldırılmışdır. Əhaliyə göstərilən bu diqqət və qayğıya görə, cənab Prezident, Sizə təşəkkür edirik.
Hörmətlə, Cavadov Səmid, Quliyev Məzahir, Şirinova Səmayə. Cəmi 110 ailə.
Xanməmmədli kəndinin sakinləri, Zərdab rayonu”.
Rəsmi rəqəmlər bu kənddə də vur-tut 268 seçici olduğunu deyir. Seçici siyahısında olan adamların soyadlarını və qohumluq əlaqələrini təxmini də olsa tutuşdurandan sonra heç 70-80 ailəyə gedib çata bilmədik. O ki ola 110 ailə…
Dəstəkçi bakılılar...
Hələ bu həkimin məktubuna diqqət yetirin:
“Hüseynov Cavanşirdən, Bakı, Azərbaycan 11 fevral 2011, 12:20
Əziz Prezident!
Mən televiziya vasitəsi ilə Sizin Naftalan, Gəncə şəhərlərinə səfərinizə baxdım. Sizin iradənizlə görülən işlərə çox sevinirəm. Siz Azərbaycan xalqının gözündə gündən-günə ucalırsınız. Allah Sizi daha da ucaltsın və qorusun. Siz bizə çox lazımsınız.
Mən həkim işləyirəm. Azərbaycanın dünyanın sayılıb-seçilən ölkələrindən biri olması üçün 2003-cü ildən start verdiyiniz quruculuq işlərində iştirak etmək hər bir azərbaycanlının arzusudur. Qismət olsa mən də bu böyük quruculuq işlərində iştirak edərəm. Bu mənim üçün böyük fəxr olar.
Mən Sizinlə fəxr edirəm, cənab Prezident.
Allah Sizi qorusun. Allah köməyiniz olsun.
Hörmətlə, Hüseynov Cavanşir Əlisa oğlu.
Bakı şəhəri, Yeni Yasamal, Bünyadzadə küçəsi-1, mənzil 55″.
Fəlakət saxtakarlığı
Bir az əvvələ gedək. Prezidentə “sevginin” korrupsiya ilə mübarizə başladıqdan sonra yaranmadığına siz də şahid olun.
“Camal Sadıqovdan, Imişli, Azərbaycan 21 may 2010, 16:16
Cənab Prezident!
Bu yaxınlarda Kür çayının daşması nəticəsində yaranmış ağır şəraitdə təbii fəlakət zonasına gəlməyiniz, zərər çəkmiş insanlarla görüşməyiniz, onlara maddi və mənəvi cəhətdən dəstək olmağınız, ağrı-acının nə demək olduğunu yaxşı bilən bir insan kimi qəlbimizdə kövrək duyğular oyatdı. Azərbaycan vətəndaşları çətin anlarda öz Prezidentinin onların yanında olduğunu bütün varlığı ilə duydu və buna görə dərin qürur hissi keçirdilər.
Sizin tapşırığınızla təbii fəlakət zonasında yaradılmış qərargahın üzvlərinin – Baş nazirin müavini Abid Şərifovun, fovqəladə hallar naziri Kəmaləddin Heydərovun, daxili işlər naziri Ramil Usubovun, səhiyyə naziri Oqtay Şirəliyevin, kənd təsərrüfatı naziri Ismət Abasovun, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sədri Əhməd Əhmədzadənin və digər hökumət adamlarının öz vəzifə borclarını layiqincə yerinə yetirmələri daşqına məruz qalmış kəndlərin əhalisində dərin razılıq hissi doğurmuşdur.
Biz – Imişli rayonunda məskunlaşan məcburi köçkünlər çətin anlarda göstərdiyiniz diqqət və qayğıya görə, Sizə dərindən minnətdarlığımızı bildiririk.
Hörmətlə, Yeni Bəhramtəpə qəsəbəsindəki 1 saylı fin şəhərciyində məskunlaşmış məcburi köçkünlər adından
Sadıqov Camal Ərşad oğlu, Imişli rayonu”.
Məktubu qaçqınların yazmadığı gün kimi aydındır, görəsən, Prezident Administrasiyasında oturub bütün bunları qələmə alanların vicdanı, xəcalət hissi varmı? Yeri gəlmişkən, bu şəhərcik seldən ziyan çəkməyib. Sel fəlakəti zamanı adları sadalanan kəndlər, qəsəbələr sırasında bu şəhərciyin adı yoxdur. Bəs boğazdan yuxarı təşəkkür, minnətdarlıq nə üçün?
Əxlaq məsələdir…
Qürbətdən məktublar
Bəs bu məktub necə? Onun gerçək olmasına görəsən, Ramiz Mehdiyev özü inanırmı? Ilham Əliyev onsuz da bu məktubları oxumur. Ona nə irad ola bilər? Irad Azərbaycandan didərgin düşüb Rusiyaya sığınan bu vətəndaşımızadır. Varsa… Sən demə, o vətəndaşımızın gözü burdaymış… Bizim də qohumlar, dostlar, tanışlar var Rusiyada, onlar bura hər gələndə aeroportdakı dilənçilikdən, özbaşınalıqdan hiddətlənirlər, bura tüpürüb gedirlər. Bu adda adamın orada yaşadığına, yaxud bu məktubu yazdığına inanmasam da, prezidentin poçtundan götürdüyüm məktubu mötəbər bilib sizə də təqdim edirəm.
“Çingiz Isayevdən, Perm, Rusiya 26 yanvar 2011, 18:10
Hörmətli cənab Prezident!
Siz Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarmısınız. Sizin rəhbərliyiniz altında aparılan əsaslı islahatlar, dünya iqtisadi məkanına sürətli inteqrasiya, ölkədə sabitlik, gənclərə və ahıllara qayğınız, ölkənin sosial-iqtisadi vəziyyətinin və xalqın rifahının yaxşılaşması üçün möhkəm zəmin yaratmışdır.
Biz Azərbaycana gələndə səhiyyə, təhsil, mədəniyyət və idman sahələrində sürətli inkişafın şahidi oluruq. Bu dinamika ölkənin sosial-iqtisadi inkişafı strategiyasının nəticəsidir. Azərbaycan dünyada yüksək nüfuza malikdir. Biz – xarici ölkələrdə yaşayan azərbaycanlılar Vətəndən uzaqda olsaq da, uğurlarımıza və qələbələrimizə sevinir, onlarla qürur duyuruq. Mən üç oğul böyüdürəm. Inanırıq ki, Azərbaycan öz ərazi bütövlüyünü, inşallah, bərpa edəcəkdir! Qoy Ulu Tanrı Sizə uzun ömür, cansağlığı və xalqımızın çiçəklənməsi yolunda uğurlar bəxş etsin.
Hörmətlə, Çingiz Mikayıl oğlu Isayev
Rusiya Federasiyası, Perm şəhəri, Park prospekti, ev 40a, mənzil 184″.
“Ərrəhman Isman oğlu Nuruyevdən, Novosibirsk, Rusiya 21 fevral 2011, 18:06
Hər vaxtınız xeyir, hörmətli və sevimli Prezidentimiz!
Mən Rusiya Federasiyasının vətəndaşı olduğuma baxmayaraq, Azərbaycana ruhən və qəlbən bağlıyam. Çox təəssüf edirəm ki, öz Vətənimdə yaşamıram. Mən Sizin siyasi fəaliyyətinizi Intenet və peyk televiziyası vasitəsilə diqqətlə izləyirəm. Sizin əməyiniz və uğurlarınız kənardan da görünür. Biz Sizə çox təşəkkür edirik ki, öz atanızın yolunu davam etdirirsiniz. Əsas problemlərdən biri olan korrupsiyaya qarşı mübarizəyə başlamağınız məni çox sevindirdi.
Bəlkə də bu məktub Sizə çatmayacaq, lakin mən səmimi-qəlbdən Sizə uzun ömür və sona qədər Azərbaycanı idarə etməyinizi arzulayıram, çünki bu işin öhdəsindən Sizdən daha yaxşı gələ biləcək başqa birisi çətin tapılar.
Nuruyev Ərrəhman Isman oğlu, Rusiya, Novosibirsk şəhəri, Dzerjinski prospekti, 79″.
Tapasan bu Ərrəhmanı, gətirəsən Azərbaycana, sonra da Məşədi Ibad demiş, yıxasan yerə ağzına-ağzına…
Poçtdakı son məktubların çoxu Ilham Əliyevin “korrupsiyaya qarşı mübarizəsinə” həsr olunub, vaxtınızı almaq istəmədim…
Rövşən Hacıbəyli