Son vaxtlar tez-tez eşitdiyimiz bu suala cavab vermədən öncə artıq sosial şəbəkədə paylaşdığım bir tarixi əhvalatı yada salmaq istəyirəm… Teoder Mommzen barədə eşitmiş olarsınız. Məşhur “Roma tarixi”nin müəllifidir, olduqca böyük alimdir. Nobel mükafatı da almışdı. Çox maraqlı həyatı olub, üsyanda yaralanıb, siyasi fəaliyyətə görə universitetdən qovulub və s.
Mommzen uzun yaşadı. Qoca vaxtında birÿgün universitetdə dərs zamanı Afinadakı hadisəni danışarkən, yazı taxtasında küçələr və evlər cızdı, hətta bir ağac şəkli çəkdi. Göstərdi ki, haqqında danışdığı həmin iki adam bizim eradan əvvəl filan ildə məhz o ağacın altında üz-üzə gəlib. Hamı sonacan dərsə maraqla qulaq asdı. Dərs bitdikdə otağa bir gənc qadın gəldi. Professoru gözləyirdi. Tələbələrdən biri ondan soruşdu ki, niyə gözləyir professoru. O da açıqca dedi ki, qulluqçusudur, evə aparacaq, yoxsa qoca alim evinin yerini unudur.
Onda o gənc tələbə dəhşətə gəldi. Ixtisasını o cür yadda saxlayan, Afinadakı küçəni, evin yerini dəqiq deyən bu alim öz evini unudur.
– Anladım, – dedi, – deməli, bu böyük alim özünü işinə necə həsr edibsə, öz evini unutsa da, tədqiq etdiyi əsrlər öncəki yerləri evbəev unutmur, oraları tərk etmir, hər mühazirəsi dəqiq və möhtəşəm olur. Deməli, özünü işinə həsr edəcəksən.
Mommzen özünü işinə həsr etmişdi, oraya bağlı idi, oradan güc alırdı. Cəmil Həsənli də bu illərdə özünü Azərbaycan Cümhuriyyətinə, Rəsulzadəyə və onun silahdaşlarına həsr edib. Son çıxışları da göstərdi ki, oradan güc alır, oraya bağlıdır. O, mitinqdə söylədiyi şeir ilə məni bir daha buna inandırdı. Üstəlik, kifayət qədər enerjili, vicdanlı və bacarıqlı adam olması, arxasındakı qüvvələr, üzərinə düşən missiya ona böyük cəsarət və güc verdi.
Cəmil müəllimə güc verən bir amil də onun Rəsulzadə yadigarı olan Bakı Dövlət Universitetinə bağlılığıdır. Indi bir şeyi də anladınızmı ki, niyə bu hakimiyyət Rəsulzadənin adını BDU-dan götürüb və oranı Abel Məhərrəmov kimi bir adamın idarəçiliyində boğur. O Abel Məhərrəmov ki, ərəb inqilablarını həmin coğrafiyadakı karbon qazının fərqi ilə izah edir.
Nəhayət, bütün bu subyektiv amillərə başqa bir şərt – obyektiv amil imkan yaratdı. Bu azad efirin – azadlığın verdiyi imkandır. Cəmil müəllim azad efiri dadaraq o gücü tapdı. Nəticədə çox az bir zamanda hər kəsi heyrətləndirdi, hamının sakit təbiətli alim kimi tanıdığı Cəmil müəllim sakit təbiətli olmayanların da edə bilmədiyini etdi. Debatlardakı 6 dəqiqəlik efir çıxışları bütün ölkədə ovqatı dəyişdi. Texniki seçki keçirib, yenidən öz saxta qələbəsini sənədləşdirmək istəyən Əliyevlər iqtidarının arzusu gözündə qaldı. Üstəlik, Ilham Əliyev elə bir ifşa gördü ki, bunu ciddi siyasi mərhələ saymaq olar.
Bu yazıda mənim məqsədim yalnız Cəmil müəllimi təqdim etmək deyil. Məqsədim onun timsalında bir həqiqəti açmaqdır. Biz inanmalıyıq ki, bu ölkədə çox sayda Cəmil müəllim kimi, amma hələ potensialı açılmamış şəxslər var. Bu rejim illərdir aşılayır ki, Əliyevlərdən başqa “heç kim” yoxdur. Amma gördünüz ki, var. Biz azad bir ölkə qurmağa haqlıyıq, layiqik və bunu edə biləcək kifayət qədər insanlar var bu ölkədə. 6 dəqiqəlik efir azadlığı, tərif monoloqunun əvəzinə sərbəst debatın olması belə sürprizlər verirsə, görün azad TV-lərin olması bizim cəmiyyəti nə qədər dəyişdirər, bizə nə qədər yeni adamlar tanıdar, bizi haralara aparar.
Cəmil Həsənli prezident seçildikdə, onun böyük töhfəsi söz azadlığını, mətbuat azadlığını, azad efiri qaytarması olmalıdır. Mən bilirəm ki, məhz elə də olacaq.