Rəsul Quliyev və Sülhəddin Əkbərin danışığı yayıldı

Adıçəkilən şəxslər isə audioyazının montaj olduğunu və təxribat məqsədi daşıdığını bəyan etdi

 

Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyevlə bu partiyanın sədri Sülhəddin Əkbər arasında telefon danışığının 2 dəqiqə 6 saniyəlik audioyazısı yayılıb. Audioyazı internet üzərindən yüzlərlə jurnalistə göndərilib.

Danışıqların məzmunundan belə anlaşılır ki, söhbət Milli Şuranın sentyabrın 22-də keçirilən mitinqi yenicə başlayan vaxtlarda olub. Rəsul Quliyev telefon danışığı zamanı Sülhəddin Əkbərin mitinq iştirakçıları arasında dayanıb tribunaya çıxmamasını alqışlayır, mitinqə gələnlərin az olduğunu deyir, Isgəndər Həmidov, Eldar Namazov barədə xoşagəlməz fikirlər səsləndirir.

Lakin Rəsul Quliyev “modern.az”a açıqlamasında sözügedən səs yazısının montaj olduğunu bildirib: “22 sentyabr mitinqinin başlamasına demək olar ki, bir saat qalmış bir çox insanlarla əlaqə saxlayıb, prosesin necə getdiyi ilə maraqlanmışam. Bu çox təbii bir haldır. Çünki indiki hakimiyyətin qismən olsa belə, azad seçki keçirməyinin açarı mitinqçilərin sayının çox olmasıdır. Bu telefon danışıqlarından müəyyən bir audiomontaj etmək heç bir problemli məsələ deyil. O audioyazıda mənim guya, bəzi adamlara təhqirli sözlər deməyim ağ yalandır. Birincisi, montaj professional tərəfindən həyata keçirilib. Bu audioyazı insanlara qarşı istənilən cinayəti də quraşdırdıqlarını sübut edir”.

Sülhəddin Əkbər də “Azadlıq”a açıqlamasında baş verənləri təxribat kimi qiymətləndirib. Bildirib ki, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin çıxışlarının effekt verdiyi, AXCP sədri Əli Kərimlinin oğlunun faktiki girov götürüldüyü, Oqtay Gülalıyevin oğlunun bıçaqlandığı bir ərəfədə gündəmi dəyişmək üçün bu cür üsullara əl atırlar. ACP sədrinin sözlərinə görə, yayılan audioyazı montaj olunub və qətiyyən həqiqəti əks etdirmir: “Bunu yaymaqda məqsədlərdən biri Milli Şuraya daxil olan partiyalar arasında konflikt yaratmaqdır. Ona görə də Rəsul Quliyevin adından onun demədiyi ifadələr montaj olunub. Bizim telefon söhbətimiz olub, həm də mitinq barədə. Amma söhbətin məzmunu bu cür olmayıb. Yayılan audioyazıdan belə çıxır ki, mən heç nə danışmamışam, susmuşam. Bu necə ola bilər?

Ümumiyyətlə, telefonların dinlənilməsi və danışıqların yayılması cinayətdir. Amma o da məlumdur ki, bu hakimiyyət qanunsuz topladığı sərvətləri itirməmək üçün istənilən cinayətə əl atır. Arsenallarında olan kompleks metodlardan istifadə edirlər”.

Sülhəddin Əkbər onu da əlavə edib ki, Rəsul Quliyevlə Cəmil Həsənli arasında telefon danışığından az sonra sözügedən audioyazı yayılıb: “Görünür, heç 24 saat dözə bilməyiblər. Hakimiyyət Milli Şurada münasibətlərin normal olmasını həzm edə bilmir. Bu təxribat savadsız sovet milisinin əməllərinə bənzəyir”.

Informasiya şöbəsi