İTV “zərərçəkmiş” rolunda – xeb xet
Prezidentliyə namizədlərin ictimai televiziyada yayımlanan “Xalq seçir” adlı debatlarında baş verənlər, kimin kim olduğu, kimin əlinin kimin cibindən çıxdığı ilk söhbətdən bilindi. O da bilindi ki, prezidentliyə namizəd Ilham Əliyevin nümayəndələrindən çox, fərdi qaydada və rəhbərlik etdikləri partiyalardan namizədlikləri irəli sürülənlər daha çox canfəşanlıq edirlər. Faktiki olaraq beş namizəd və onların nümayəndələri kəskin formada, üç namizəd və onların nümayəndələri nisbətən mülayim tonda Milli Şuranın namizədi Cəmil Həsənliyə qarşıdırlar.
Bu adamlar görüşə sanki yalnız Cəmil müəllimindən danışmaq üçün gəlirlər. Adamların prezident olmağa nə həvəsləri var, nə də istəkləri. Yaşasın, Cəmil müəllim, güclü adammış. Qorxulu namizədmiş. Əsas rəqibi ondan o qədər çəkinir ki, qarşısına dörd əsas, üç yardımçı qüvvə çıxarıb. Qüvvələrin “silahı” analizlər, kitablar, su qabı, söyüş, təhqirdir. Silahların gücsüzlüyü adamların gücsüzlüyü deməkdir.
Haqsızın yanında olmaq kimsəni haqlı etmir
ITV-də prezidentliyə namizədlərin ikinci görüşü daha qalmaqalla keçdi, “hücum” əmri verilmişdi. Hücum əmri niyə məhz həmin gün verilmişdi, çünki marafonun pulu həmin gün təyinat yerinə çatdırılmışdı. Namizədlərin ikinci görüşündə (buna debat deməyin yeri yoxdur) baş verənlərdən hər kəs xəbərdardır. Ordakı dava-dalaşda Hafiz Hacıyevin, YAP-dan Əli Əhmədovun, partiyasız Zahid Orucun, partiyalı Qüdrət Həsənquliyevin, ağsaqqallıq edib “o da qələt edir, bu da” deyən Araz Əlizadənin nə qədər rolu var, göründü. Barmağını masaya döyəcləməklə söhbətə sahiblik iddiasını ortaya qoyan, amiranə tonda “çıxarın bunu burdan” göstərişi verən Əli Əhmədov və təhqir olunan Cəmil Həsənli MSK-ya şikayət etdi. Normaldır. Rəqabətdir, mübarizədir, rəqibi sıradan çıxarmağın sivil yoludur. Hər kəsin şikayət etmək haqqı var. Şikayətçilərin hansının nə qədər haqlı, hansının haqsız olduğunu MSK yox, zaman göstərəcək. Bu olayda mühüm məsələ Ictimai televiziyanın tutduğu birtərəfli mövqedir. Biabırçı və gülünc mövqe. ITV-nin mövqeyini ortaya qoyan bəyənatından bir hissəni yada salaq: “Cəmil Həsənli püşkatma ardıcıllığına uyğun olaraq qeydə alınmış prezidentliyə namizəd Ilham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun təşviqatÿüçün ödənişsiz efir vaxtına dəfələrlə müdaxilə edib və Dəyirmi Masa iştirakçılarını təhqir etməkdən belə çəkinməyib. Beləliklə o, təşviqat üçün ayrılmış 6 dəqiqəlik ödənişsiz efir vaxtından başqa 6 dəqiqə 12 saniyəÿvaxtdan istifadə edib. Bu vaxtın 6 dəqiqə 15 saniyəsi özünün sərbəst istifadə etdiyi efir vaxtı, 5 dəqiqə 37 saniyə prezidentliyə namizəd Hafiz Hacıyevlə mübahisə etdiyi və mikrofonsuz istifadə etdiyi efir müddəti, 20 saniyə qeydə alınmış prezidentliyə namizəd Ilham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədovun vaxtına müdaxilə, cəmi 12 dəqiqə 12 saniyə”. ITV belə bəyənat verib və MSK-ya şikayət edib.
Əslində olayın bu həddə gəlib çatmasının səbəblərindən biri verilişin formatı, bir günahkarı da Ictimai televiziyadır, verilişin aparıcısıdır. Aparıcı zəif olanda hərc-mərclik yaranır. Aparıcı ekstremal situasiyadan çıxmağı bacarmalıdır (o ayrı məsələdir ki, aparıcıya situasiyadan çıxmaq yox, durumu gərginləşdirmək, əsas namizədlərdən birini sıradan çıxarmağa dəstək göstərişi verilib, ya yox). Cəmil Həsənliyə tələb etdiyi 25 saniyəni vermək, Həsənlidən savayı hər kəsin mikrafonlarını söndürmək gərəkdi. Ondan sonra qoy kim bağırır, bağırsın. ITV özünü də günahkar bilib MSK-ya şikayət etməməliydi. Etmişdisə, Cəmil Həsənliyə qarşı qərəzli olmamalıydı. Cəmil Həsənlinin danışığını hesablayıb bunu pozuntu adlandırırdısa, Hafiz Hacıyevi həmkarına butulka atmasına, efir vaxtından sui-istifadə edib tanınmış partiya rəhbərlərini təhqir etməsinə, onları cinayətdə suçlamasına, digər namizədə danışmağa imkan verməməsinə görə cəzalandırılmasını, I.Əliyevin nümayəndəsi Ə.Əhmədova səlahiyyət həddini aşaraq aparıcıya göstəriş verdiyinə, C.Həsənlini təhqir etdiyinə görə xəbərdarlıq edilməsini istəməliydi. Ən azı Hafiz Hacıyevin və Əli Əhmədovun bir neçə dəqiqə əlavə efir vaxtından istifadə etdiyini vurğulamalıydı. Suçun C.Həsənlinin üstünə atılması ITV-nin hansı maraqlara xidmət etdiyini göstərir. Bəyanat isə səriştəsizliyin nümunəsidir.ÿMSK-nın məlumatına görə, ITV-nin şikayət məktubunda C.Həsənlinin efir qaydalarını pozduğu, əlavə 6 dəqiqə 12 saniyə efir vaxtından istifadə etdiyi, bununla da quruma zərər vurduğu bildirilir. ITV Cəmil Həsənlinin cavab haqqını tanımaqdansa, zorən müdafiəyə sərf etdiyi zamanın ona zərər vurduğunu bildirir. Bir alim, bir ziyalı 5 dəqiqəsiylə bir televiziyaya ziyan vurubmuş. Elə isə gəlin hesablayaq, həmin o televiziya analoqu olmayan inkişaf barədə qondarma xəbərlərlə, şişitrmə faktlarla, şəxsiyyətə pərəstiş yaratmaqla, insanların problemlərinə, dərdlərinə göz yummaqla, cəmiyyətdə əqidə qarşıdurması yaratmaqla, hər yoldan keçəni müğənni adıyla efirə buraxıb insanların zövqünü korlamaqla, bazar psixologiyası yaratmaqla bu xalqa, bu ölkəyə nə qədər zərər vurub və vurur da.
Ictimainin bəyanat sevdası
Ictimai televiziyanın direktoru Cəmil Quliyev təzə vəzifədə ilk bəyanatını may ayında vermişdi, xatırlayarsız. “Eurovision” beynəlxalq mahnı yarışmasında Rusiyaya yüksək bal verilməməsiylə bağlı. O zaman Cəmil müəllim Rusiyaya 12 xal verildiyini iddia edirdi. Bir gündən sonra iddiasından çəkildi və bəlli oldu ki, dedikləri reallığı əks etdirmir. Almaniyadan aidiyyəti qurumdan onun cavabını verdilər: “Nə səs gəlibsə, o da hesablanıb”. Bəyanat əhəmiyyətinin itirdi, bu öz yerində, üstəlik, gülüş də doğurdu. Adama deyərlər, dediyinizi sübut edə bilməyəcəksizsə, niyə baş qoşursunuz axı?! Bu il “Eurovision”da Azərbaycanın səsləri satın almaq cəhdləri ilə bağlı internetdə video yerləşdirilmişdi. O zaman səslərin alınması məsələlərinə Gənclər və Idman nazirliyinin rəhbərlik etdiyi deylirdi. ITV bu videoyla bağlı bəyanat vermədi, halbuki Azərbaycanın yarışmada iştirakının rəsmi təşkilatçısı Ictimai televiziyadır. Bu günlərdə yarışmanın keçirilməsi qaydalarına edilən dəyişiklik dörd ay öncə yayılan videonun, söylənənlərin əsassız olmadığını, izssiz ötmədiyini göstərdi. Saxtakarlıq edildiyinə görə bəzi ölkələr müsabiqəyə qatılmaqdan imtina edib.ÿO üzdən Avropa Yayım Birliyi (EBU) 2014-cü ildən hər ölkənin milli münsiflər heyətində kimlərin yer alacağı və finalda hər münsifin hansı mahnıya necə səs verdiyini açıqlamaq qərarına gəlib. Şəffaflıq üçün səsvermə aparılan ölkələrdəki səslərin sayılması izləniləcək. Qəşəng, bu o deməkdir ki, Azərbaycanın bazarlıq edib qalib ola bilməsi qat-qat çətinləşdi.ÿ
ITV-dən təzə xəbər var
“Xalq seçir”in qalmaqalı unudulmamış ötən bazar ITV-də maraqlı bir olay yaşandı. “Carçı” proqramında ələşəndən-küləşəndən, çox şeydən danışdılar: avtomobillərin bahalaşmasından, qadın alıcıların sayının çoxalmasından, hətta dəri xəstəliklərindən. Sonda aparıcı az sonra BMT-nin 68-ci sessiyasına həsr olunmuş “Aktual” verilişinin efirə çıxacağını elan etdi. “Aktual” başladı, bir həftə qabaq efirə getmiş verilişi göstərməyə başladılar. Iki dəqiqə yarım keçdi, veriliş qəfil kəsildi, 6 dəqiqəlik reklam və anons bloku getdi və heç nə olmayıbmış kimi təzədən “Carçı”da elan olunan veriliş başladı. Efiri oyun-oyuncağa çeviriblər. Cəmil Həsənlinin 6 dəqiqəsindən şikayətçi televiziyadan tamaşaçını ələ saldığına görə biz şikayət etməliyik. Bacarıqsızları vəzifə başına gətirəndə, peşəkarları qeyri-peşəkarlarla dəyişəndə belə olmalıdır. Keçmiş direktorun yerliləri olan gürcüstanlıları kütləvi şəkildə işdən çıxarıb onların yerinə öz yerlilərini, cənub zonasından olanları (direktorun departament rəhbəri qoyduğu şəxslərin dördü də cənub zonasındandır), yaxud tələbələrini, tələbə yoldaşlarını gətirməklə baş direktor ITV-nin durumunu bir az da ağırlaşdırıb. Altı il qabaq Rumidən, 7-8 il qabaq NTV-də M.Əliyevadan, 6 il qabaq AzTV-də A.Imanquliyevadan çəkilmiş verilişləri təzədən göstərməklə gözə kül üfürmək olmayacaq. Bunlarla nə tamaşaçı aldanacaq, nə də yuxarılar. Deyilənə görə, Əli Həsənov müalicədən qayıdandan sonra onun adamı sayılan Oqtay Bayramov işdən çıxarıldığına görə başına komanda yığıb əks-hücuma hazırlaşır. Əks-hücum qanunsuz işdən çıxarılanların bir yerə yığışıb məhkəməyə müraciət etməsidir. Bu mütləq olmalıdır. Əlliyə yaxın əməkdaşı işdən çıxarmağın hesabı sorulmalıdır. Onların səssiz qalması işdə qalanların da susmasına, haqqını tələb etməməsinə aparır. Öz haqqını tələb edə, qoruya bilməyən televiziya jurnalisti sadə vətəndaşın haqqını necə qoruyacaq? Vəzifə əsirinə çevrilən birisi prezidentliyə namizədlərin görüşünü necə tənzimləyəcək? Haqqı tapdanan Cəmil Həsənlinin haqqını necə qoruyacaq?
A.Akifoğlu