Cəmil Həsənlidən İlham Əliyevə çətin suallar-VİDEO

«Sən necə hamının prezidentisən ki, cavan uşaqların cibinə narkotik atdırırsan»

«İlham Əliyev hesabat versin görək, bu 10 ildə 10 metr torpaq azad edibmi?»

Prezidentliyə namizədlərin təşviqat kampaniyası çərçivəsində dünən Ictimai Televiziyada dördüncü çıxışlar oldu. Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə vahid namizədi Cəmil Həsənli bu dəfə də Ilham Əliyevin korrupsiya əməllərindən, ölkədə sosial-iqtisadi durumun acınacaqlı olmasından, Qarabağ problemindən, iqtidarın repressiv siyasətindən danışdı. Cəmil Həsənlinin çıxışını oxucucuların diqqətinə çatdırırıq:

Bu hakimiyyətin 6 dəqiqəyə dözümü yoxdur

“Əziz seçicilər, dəyərli vətəndaşlarımız. Sizinlə dördüncü görüşə gəlmişik. Hakimiyyət 3 görüşə dözə bilmədi. Artıq Milli Şurada təmsil olunan insanların övladlarına qarşı təqiblər başlayıb. Əli bəyin oğlu dünən (srağagün-red) həbs olunub. Mənim mətbuat xidmətimin rəhbəri Oqtay Gülalıyevin  16 yaşlı oğlu dünən (srağagün-red) bıçaqlanıb və ölüncəyə qədər döyülüb. Hal-hazırda xəstəxanada yatır. Gördüyünüz kimi bu hakimiyyətin 6 dəqiqəyə dözümü yoxdur. Mən bu günki 6 dəqiqədə də soruşuram: Hanı Yeni Azərbaycan Partiyasından prezidentliyə namizəd Ilham Əliyev? Biz ona çoxlu suallar vermişik. O sualların böyük əksəriyyəti milləti düşündürən suallardır. Niyə o suallara cavab vermir?

Korrupsiyaya uğramış hakimiyyət heç vaxt torpaq azad edə bilməz

Bu gün mən Azərbaycanın milli taleyi üçün daha zəruri olan bir məsələnin cavabını soruşmaq istəyirəm: Qarabağla bağlı Ilham Əliyev bu 10 ildə nə edib? Bu gün Mübariz müəllim onun nümayəndəsi kimi qeyd edir ki, işğal olunmuş ərazilərin azad edilməsi iqtisadi yüksəlişdən keçir. 20 ildir o sözü verirsiz millətə. Bu 20 ildə 20 metr torpaq azad edə bilməmisiz. 10 ildir cənab Ilham Əliyev prezidentdir, bunun hesabatını vermək lazımdır ki, bu 10 ildə Ilham Əliyev 10 metr torpaq azad edibmi? Neçə dəfə Ermənistanın prezidenti ilə görüşüb və bu görüşlərin nəticəsi nədir? 10 il işğal altında olan bir ərazidən 10 metr azad edə bilməyən bir adamın 3-cü müddətə prezident olması tamamilə yolverilməzdir. Bir ölkənin ərazilərinin düşmən tapdağı altında qalması üçün 10 il çox vaxtdır. Korrupsiyaya uğramış hakimiyyət heç vaxt torpaq azad edə bilməz.

YAP ölkədə səriştəli korrupsiya və rüşvət sistemi qurub

Ilham Əliyev hakimiyyətə gələndə vəd etdi ki, islahatlar keçirəcək. Hanı bu islahatlar? 10 il ərzində islahatlar niyə keçirilmir? Indi təzədən vəd edir ki, islahatlar keçiriləcək. Eyni zamanda burada YAP-ın nümayəndəsi dedi ki, biz yalanı da səriştəli danışa bilmirik. Düzdür bəlkə biz yalanı səriştəli danışa bilmirik, amma YAP ölkədə səriştəli korrupsiya və rüşvət sistemi qura bilib. Belə səriştəni siz öz təcrübənizdə çox yaxşı nümayiş etdirmisiniz.
2003-cü ildə cənab Ilham Əliyev hakimiyyətə gələndə dedi ki, o hamının prezidenti olacaq. 2010-cu ildəki çıxışında isə milli və antimilli qüvvələrdən danışdı. Ölkəni böldü iki yerə. Müxalifət antimilli, iqtidar isə milli qüvvədir. Antimilli qüvvə o qüvvədir ki, müharibə gedən bir ölkənin sərvətlərini daşıyıb aparır xaricə. Antimilli qüvvə odur ki, müharibə aparan bir ölkəni korrupsiya bataqlığına yuvarladıb. Antimili qüvvə eyni zamanda o deməkdir ki, ölkənin milli sərvətlərinin bölüşdürülməsində böyük ədalətsizliyə yol verir. Baxın, cənab prezident ölkənin qızıl mədənlərini özü götürür, gəlirli sahələri özü götürür, amma seçkidə millətə 10 manat əta edir, qaçqınlara çörək pulu olaraq 1 manat 50 qəpik əta edir. Bu cür neft gəlirləri olan ölkədə millətə belə bir münasibət ola bilər?!
Həzrəti Əli deyirdi ki, zülmü görüb ona etiraz etməmək zalımın yanında olmaq deməkdir. Çox təəsüflər olsun ki, Nə qədər ki, antimilli YAP rejimi qalıb heç bir inkişaf olmayacaq Azərbaycandakı korrupsiyanın izləri bizim bəzi din xadimlərinin də imanına hopub və bunu görmək istəmirlər. Baxın, bu adamları nə ilə tuturlar. Kimisinin cibinə narkotika atırlar, kimisinin evinə, maşına silah atırlar. Kimlər tutulub? Qurban Məmmədov, uzun müddət Azərbaycanda vəkillik peşəsinin yüksək zirvəsinə qalxmış adam. Ilqar Məmmədov, Yadigar Sadıqov, Tofiq Yaqublu, Hilal Məmmədov, Nemət Pənahlı, Əvəz Zeynallı, bizim çox dəyərli ilahiyyat alimləri Taleh Bağırzadə, Möhsün Səmədov, Abgül Süleymanov və digərləri. Bizim dəyərli gənclərimiz. Sən necə hamının prezidentisən ki, bu cavan uşaqların cibinə narkotik atdırırsan, “Molotov” butulkaları düzəltdirirsən. Nəticədə nə oldu? Nəticədə Rəşadət Axundovun babası damarlarını doğramalı oldu. Zülm bəs necə olar? Ilham Əliyevin bu respublikada yaratdığı istibdad rejiminin bilavasitə göstəricisi Rəşadət Axundovun babasının özünü doğramasıdır. Gül bayramları, bu mənasız bayramlara millətin 60-70 milyon vəsaiti xərclənir. O vəsaitə evsiz qalan gənclərə ev tikmək olar. Ona görə də nə qədər ki, antimilli YAP rejimi qalıb heç bir inkişaf olmayacaq”.