“Biganəliyi aradan qaldırmışıq, qorxu və inamsızlığı da məğlub edəcəyik” -VİDEO

«Türkelin həbsinə əqidəli insanlara qarşı repressiyanın tərkib hissəsi kimi baxıram» (YENİLƏNİB)

AXCP sədri Əli Kərimli “Azadlıq” radiosunun “Işdən sonra” verilişinin qonağı olub. Əli Kərimli oğlu Türkelin həbsi, ölkədə seçkiqabağı durum barədə sualları cavablandırıb. “Azadliq.info” müsahibənin bir hissəsini gecədən oxucularına təqdim edib və davamının bura əlavə olunacağının anonsunu verib. Müsahibənin davamını mətnin içindəki başlıq altında oxuya bilərsiniz.

– Əli bəy, əvvəlcə Türkelin həbsilə bağlı fikirlərinizi öyrənmək istərdik…
– Bu həbs müxalifətin son illərdə ən uğurlu mitinqi günü baş verdi. Mən bunun arasında bir əlaqə görürəm. Düzdür, mənim ailəmə təhdidlər, hədələr çoxdan var idi. Bu barədə ictimaiyyətə məlumat verməsəm də, ailəm mütəmadi hədələnirdi, evimizə zənglər olurdu, həyat yoldaşıma xatırladılırdı ki, uşaqlarınız var, onları fikirləşin. Əli Kərimli fikirləşmirsə də, anasınız, siz fikirləşin. Bu baxımdan Türkelin həbsi təsadüfi deyildi. Ancaq məhz mitinqdən sonra bu qərarın verildiyi qənaətindəyəm. Çünki 22 sentyabrda keçirilən mitinq doğrudan da son 7-8 ildə Azərbaycan müxalifətinə qarşı sistemli repressiya və təzyiqlərin müqabilində çox böyük bir mitinq idi. Ciddi rezonans yaratdı.

– Səhv etmiriksə, Türkel də ilk dəfə idi aksiyada iştirak edirdi…
– Xeyr. Əvvələr də iştirak edib. Ümumiyyətlə, Türkel peşəkar siyasətlə məşğul olmur və olmaq niyyətində də deyil. Hüquqşünas kimi öz səriştəsini artırmaq və bu sahədə peşəkar kimi formalaşmaq iddiasındadır. Ancaq bizim mübarizəmizin nə olduğunu dərk edir, artıq 20 yaşı var. Nə vaxt Bakıda olursa, o zamana mitinqlər, müxtəlif başqa tədbirlər düşürsə, iştirak edir. Çünki Türkel Böyük Britaniyada təhsil alır.
Bilirdim ki, Türkelə təhlükə var. Açığı, ata kimi ona məsləhət bilmişdim ki, tək gəzməsin. 20 yaşlı gənc oğlanı evdə qapayıb saxlamaq olmaz. Onun da öz həyatı, dostları, tələbə yoldaşları var. Onu inandırmışdım ki, tək olmamalıdır, şərlənə bilər. Görünür, hökumət müşahidə apardı və gördü ki, Türkel tək olmur. Müəyyən mənada, onunla həbs olunan iki dostunun da məsuliyyətini mən daşıyıram. Onlar məhz Türkellə bərabər olduqlarına görə həbs olundular, üçünü də birdən şərlədilər.
Qərarın mitinqdən sonra verilməsinə gəlincə, Azərbaycan hökumətinin üç dayağı var: biganəlik, qorxu və vətəndaşların özünə inamsızlığı. Nə Ilham Əliyevə xalq dəstəyi var, nə də YAP-ın kifayət qədər həqiqi tərəfdarı var. Cəmil Həsənlinin apardığı uğurlu seçki kampaniyası birinci faktoru demək olar ki, sıradan çıxarıb. Artıq vətəndaşlarımız biganə deyillər. Sosial şəbəkələrdə debatların monitorinqini etsəniz, görərsiniz ki, bir neçə ay əvvələ qədər mövcud olan biganəlik, laqeydlik arxa plana keçib. Insanlar öz həyatlarına maraq göstərməyə başlayıblar. Qorxu da azalır, çünki Azərbaycan hökuməti həmin gün gördü ki, 3 milyon əhalisi olan Bakıdakı mitinq 140 milyon əhalisi olan Rusiyanın 20 milyonluq paytaxındakı mitinqlə müqayisə oluna bilər. Deməli, hökumət başa düşdü ki, qorxu da sarsılır. Deməli, qorxu da aradan qalxsa, prosesin qarşısı alına bilməsə, inamsızlıq da yox olacaq. Çünki inamsızlıq qorxu ilə bağlıdır. Qorxmayan insanlar özlərinə inanırlar. Qorxmayan, özünə inanan insanlar qalib olurlar. Ona görə də bizi geri qaytarmaq üçün öz aləmlərində qəti addımlar atdılar. Nümayiş etdirdilər ki, hüquq, konstitusiya bunlar üçün heç nədir. Heç əxlaq da bunlar üçün bir şey deyil. Mənə qədər də Tofiq Yaqublunun ailəsinə, Xədicə Ismayıla, Təzəxan Mirələmliyə münasibətdə bunu nümayiş etdiriblər.

– Son məlumata görə, Oqtay Gülalıyevin oğlunu da naməlum şəxslər bıçaqlayıb…
– Buyurun, bu da növbəti arayış. Bu nə deməkdir? Mən indi siyasi həbslərdən danışmıram. Həbslər həmişə var. Əliyevlərin dövründə elə ay xatırlamıram ki, bizim partiyadan siyasi məhbus olmasın. Bu gün də 4 nəfər cəbhəçi siyasi məhbusdur. Mən o şeyləri nəzərdə tuturam ki, onu Azərbaycan cəmiyyəti uzun müddət məqbul bilməzdi. Tabu, qırmızı xətt deyilən bir şey vardı. Yəni, bu qədər olmaz. Azərbaycan hökuməti isə deyir ki, “bu qədər olar, hakimiyyət uğrunda hər şey məqbuldur, nə mənəviyyat, nə əxlaq…” Ağız dolusu mentalitetdən, milli dəyərlərdən danışırlar. Ancaq görün hansı ləyaqətsiz üsullarla hakimiyyətlərini qoruyub saxlayırlar. Son baş verənlərin hamısı bütün Azərbaycan cəmiyyətində kövrək də olsa, özünü saxlamış qırmızı xətlərin pozulması deməkdir. Azərbaycan hökuməti açıq mesaj verir ki, proses mənim məğlubiyyətimə doğru gedir, mən hakimiyyəti itirməklə hələ ki, barışmaq niyyətində deyiləm. Çünki bunlar üçün hakimiyyət təkcə hakimiyyət deyil, eyni zamanda, milyardlara sahib olmaq, cəzasız şəkildə öz rəqiblərini cəzalandırmaq, harın həyat yaşamaq fürsətidir. Bu fürsəti itirməməkdən ötrü bütün vasitələrə əl atırlar.
Ilk növbədə bir ata kimi, cavabım budur ki, özüm həbs olunmuşam, əqidədaşlarım həbs olunub, bu gün də Azərbaycanın çox dəyərli insanları həbsdədir. Türkelə də onlardan biri kimi baxıram. Cəbhəçi, “NIDA”çı, dindar gənclərə, bütövlükdə əqidəli insanlara qarşı repressiyanın tərkib hissəsi kimi baxıram. Hesab edirəm ki, doğmalarımıza qarşı belə repressiyalar bizi ədalət, ləyaqət uğrunda mübarizədən çəkindirməməlidir. Ona görə də ilk gün bəyan etdim ki, Türkelin həbsi də, hətta özümün belə, həbsim də siyasi mövqeyimdə hər hansı bir korrektə yarada bilməz. Mənim onsuz da bir ailə üzvüm girov idi. Iki ilə yaxındır ki, qaynım Elnur Seyidov həbsdədir.

– REAL hərəkatının sədri Ilqar Məmmədov da son məhkəmə prosesində ailə üzvlərinə çox güclü təzyiq olunduğunu deyib. Son illərin də təcrübəsi göstərir ki, ən çox təzyiq sizədir. Məhz sizə və sizin ailənizə qarşı. Özünüz adını çəkdiniz, qaynınız həbsdədir, evinizin qarşısında aksiyalar keçirilib. Son debatlarda da ən çox adı hallandırılan şəxs sizsiniz. Sizcə, niyə?
– Bəs sizcə, niyə? Mən indi özüm burada tərəfəm. Mənim üçün maraqlıdır, Azərbaycan cəmiyyəti nə qədər bunun fərqindədir? Bu ilk növbədə mənim rəhbərlik etdiyim Xalq Cəbhəsinin apardığı prinsipial, Azərbaycan hökumətinin yaratdığı eybəcərliklərlə barışmaz mübarizə, yeri gələndə şəxsi nümunə göstərməyimiz, özünüsenzuranın oturuşmasına imkan verməməyimiz, baş verənlərə sərt, vaxtında reaksiyalarımız, hökumət haqqında həqiqətlərin tirajlanması, keçirilən kütləvi aksiyalarda cəbhəçilərin xüsusi mövqeyi, qəbul olunan siyasi qərarların hökumətin nəzarətindən çıxarılmasında göstərdiyimiz qətiyyətlə bağlıdır. Bunları təkcə xalq yox, hökumət də müşahidə edir. Onlar başa düşürlər ki, Milli Şuranının mövcudluğunda da, bu seçkidə vahid namizədlə iştirak etməsində də Xalq Cəbhəsinin həlledici rolu olub. Icazəli və icazəsiz aksiyalarda Xalq Cəbhəsinin rolunu görüblər. Hakimiyyətin eybəcərliklərinin yüz minlərlə insana çatdırılmasında da Xalq Cəbhəsinin böyük rolu var. Xalq Cəbhəsinə qarşı prinsipial siyasətinə görə sərt bir münasibət var. Əvvəl bu münasibət mənə qarşı idi. Indi bu münasibət bütövlükdə Xalq Cəbhəsinə keçib. Təkcə mənim ailəmə qarşı da deyil. Həsən Kərimovun vəziyyəti bu gün pisdir. Üç dəfə ürək əməliyyatı keçirmiş adamı 2011-ci ilin aprel mitinqlərindən sonra öldürürdülər faktiki. Biz əgər onu beynəlxalq təşkilatların təzyiqilə Türkiyəyə aparıb əməliyyata çatdırmasaydıq, onu həbs edib məhv edəcəkdilər. Yaxud, Nurəddin Məmmədli. Ahıl yaşda professorun aksiyalarda qolunu sındırdılar. Gözəl xanımı – Azərbaycanın mübarizə simvollarından birinin, AXCP-nin sədr müavini, Əli Əhmədovu – YAP-ın siyahıdakı birinci adamını məğlub etmiş bir siyasətçi xanımın aksiyalarda qolunu çıxartdılar. Fuad Qəhrəmanlı xüsusi qəddarlıqla döyüldü. Bunların hamısı mənim müavinlərimdir. Yəni, hökumətin iyerarxasiyasında YAP üçün ən üstdə olan kimlər varsa, müxalifət üçün bu adamlar sayılmalıdır. Ancaq görün bunlarla necə qəddar, necə amansız davranırlar. Cəbhəçilərə qarşı hansı münasibət sərgiləyirlər? “Azadlıq” qəzetinin yazarı Seymur Həzinin başına torba keçirib döyülməsi, indi Pərviz Həşimlinin həbsi… Yoldaşı şahidlik edir ki, ona qondarma cinayət işi açılanda təklif olunub Əli Kərimliyə, Xalq Cəbhəsinə qarşı bəyanatla çıxış eləsə, bu məsuliyyətdən yayına bilər. Şərt qarşısında qoyublar. Bütövlükdə Xalq Cəbhəsinə qarşı terror aparılır. Insanları sındırmağa çalışırlar, məhv etmək istəyirlər. Bizim bir suçumuz var: xalqımıza, onun demokratik dəyərlərinə çox bağlıyıq. Biz güzəştə getmək istəmirik. Biz hesab edirik ki, kimlərsə bu zərbələri qəbul etməlidir. Niyə biz yox?! Böyük Məmməd Arazın “məndən, səndən ötən, vətən sənə dəydi” misralarını unutmamışıq. Ona görə də biz özümüzü kənara çəkmirik ki, məndən ötüb kiməsə dəysin. Sinəmizi qabağa veririk, oradan da zərbələr alırıq.
Ona görə biz daha çox zərbələr alırıq.
Yeri gəlmişkən, bu “plakat cırmağa” görə bir dəfə əmim oğlu da siyasi məhbus həyatı yaşayıb. Ona da o adı qoymuşdular. Indi bu dəfə absurd o qədər böyükdür ki, Türkeli tutdular. Ancaq nə cırılan plakat tapıldı, nə də bilindi ki, kimin plakatıdır. Axırda polisə müqavimət adıyla qərar verdilər. Yalançının yaddaşı olmaz. Bu yaxınlarda mənim evimə girmişdilər. Heç bilmirəm ora nə qoyublar, nə ediblər. Qərargahda təmir zamanı dinləyici qurğunu mətbuat konfransında elan etmişdim. Bizə həddindən artıq basqılar var. Ancaq bu basqılar nə məni, nə ailəmi, nə Xalq Cəbhəsini geri çəkilməyə, dayanmağa sövq edə bilməz. Bizim mübarizəmiz dəyərlər uğrunda mübarizədir. Biz hakimiyyət uğrunda mübarizə aparmırıq. Baxın, görün mən hansı könül rahatlığı ilə bu il vahid namizəd ideyasını təbliğ etdim, əvvəl Rüstəm Ibrahimbəyovun, ondan sonra da Cəmil Həsənlinin vahid namizədliyini müdafiə etdim. Mən prezidentliyə namizədliyimi irəli sürməmişəm. Hər zaman birləşmənin, güzəştə getmənin təbliği ilə çıxış etmişəm. Biz onun uğrunda mübarizə aparırıq ki, insanlarımz bu cür hüquqsuz olmasın. Bü cür bədbəxtlik hamının qapısını bir-bir döyməsin. Hər il yüzə qədər günahsız, nakam əsgərimiz ordudadı səhlənkarlığın, cinayətkar münasibətin qurbanı olur. Indi hamı gözləməlidir ki, sıra onun yaxınına gəlib çatsın? Hər bir valideyn bu ağrı ilə yaşayır ki, görəsən, mənim övladım sağ-salamat evə gələcəkmi, yoxsa onun cibinə narkotik qoyub məni çağıracaqlar ki, olan-qalanımı alsınlar?
Yeri gəlmişkən siyasilər elə bilir ki, narkotik yalnız onlara qarşı istifadə olunur. Xeyr. Sadəcə, siyasilərə narkotik atılanda tuturlar, qeyri-siyasilərin isə cibinə qoyub pul alırlar. Bu bir böyük bədbəxtlik olub. Yüz minlərlə insan evindən didərgin düşüb. Onlar indi Moskvada, Ukraynada, Türkiyədə hansı vəziyyətdə pul qazanırlar? Hər həftə, hər on gündən bir Azərbaycana tabut gəlmirmi? Biz bunlara son qoyulmasını istəyirik. Biz istəyirik ki, insanlar bu ölkədə güvənli yaşasınlar. Buna son qoyulsun. Yüzə qədər ölkədə qanunun aliliyi təmin olunub. Demirəm ki, hamısında mükəmməl demokratiyadır. Ancaq qanun adına bir şey var. Mülkiyyət hüququ, inanc hüququ, ən fundamental azadlıqlar var. Azərbaycan yüz ölkənin sırasına düşə bilməyib. Azərbaycan 1918-ci ildə demokratik ölkə olanda dünyada yalnız 25 ölkədə demokratiya vardı. Indi yüz ölkə arasında biz yoxuq. Azərbaycan buna layiq deyil axı… Bunu sən, mən, o, qabağa düşüb eləməsək, kim eləməlidir? Övladlarımıza saxlayaq bunu? Həmin bu mənəvi şantajı, insaniyyətə zidd olan hücumları, sabahımızla bağlı olan hər cür təhlükələri övladlarımız da yaşasın? Bu cür gənclər öz həyatlarını buna həsr etsinlər? Mübarizəmiz bundan ötrüdür. Oradan güc alırıq biz. Yalnız o böyük dəyərlərin məqsədi, o amal bizə güc verir ki, bu repressiyalara davam gətirək. Böyük amal olmasa, insanın nəyinə lazımdır ki, özünü böyük təhlükəyə atsın.

Başa düşmürlər ki, yay nə qədər çox sıxılsa, o qədər bərk açılacaq?

– Əli bəy, təzyiqlərlə istədikləri nəticəni ala bilmirlər. Ancaq təzyiqlərdən də əl çəkmirlər. Bunun bir dayanma nöptəsi olmalıdır. Amma necə?
– Azərbaycan hökuməti bir gün anlamalıdır ki, bu yolla dünyada hələ heç kimə əbədi hakimiyyət qismət olmayıb. Bu cür üsullarla hakimiyyəti bir müddət uzatmaq olur. Ancaq bu üsulla hakimiyyətini uzadanların axırı çox pis qurtarır. Yəni bunlar ətraflarında baş verənlərdən, gözü çıxan qardaşlarından heç nə öyrənmirlər? Başa düşmürlər ki, yay nə qədər çox sıxılsa, o qədər bərk açılacaq? Başa düşümürlər ki, özlərinin də bu xalq tərəfindən bağışlanmasına şans saxlamaq lazımdır? Bu xalqı o həddə gətirib çıxarmamalıdırlar ki, sonra bunların bağışlanmasını istəyənlər tapılmasın. Məncə bir gün bunu anlayacaqlar.
Məgər, xalq barışmalıdır ki, bütün hüquqlarını bir ailəyə verir, etiraf edir ki, millət olaraq bacarıqsızdır, millətin hamısı qabiliyyətsiz insanlardan ibarətdir, ona ancaq təbəə olmaq yararşır, öz hüquq və azadlıqlarından Əliyevlər ailəsinin xeyrinə imtina edir? Bunu eliyərmi xalq? Eləməz! Bunu heç bir xalq etməyib, Azərbaycan xalqı niyə etsin? Azərbaycan hökuməti bir gün dayanmalı olacaq. Mən məsləhət görərdim ki, daha çox səhv etmədən, geriyə yollarını daha çox bağlamadan dayansınlar. Onsuz da bir gün dayanmaq, hakimiyyətin əllərindən çıxması ilə barışmaq məcburiyyətində qalacaqlar. Nə qədər tez, xalqla körpüləri tamam yandırmadan dayansalar, özlərinin də, övladlarının da, gələcəklərinin də , mülklərinin də xeyrinə olacaq. Nə qədər gec dayansalar özləri üçün acınacaqlı həyat və məsuliyyətin labüdlüyünü təmin edəcəklər.
– Sizcə bu həbs Türkelin xatirəsində necə qalacaq? Ona siyasətə olan və yaxud olacaq həvəsini öldürməyəcək? Qarşısını kəsməyəcək?
– Əksi ola bilər. Mən sizə dedim, oğlumla söhbətlərdən belə qənaətə gəlmişəm ki, onun siyasətlə məşğul olmaq fikri yoxdur. Bizim mübarizəmizə mənəvi dəstək vermək, mübarizəmizdə bir vətəndaş kimi iştirak etmək başqa məsələdir, o bunu edir. Ancaq özü peşəkar siyasətlə məşğul olmaq fikrində deyil. Mən istisna etmirəm ki, bu cür hərəkətlər onu əksinə, siyasətə sala bilər. Onu deyə bilərəm ki, möhkəm xarakterlidir, bundan rahatam. Belə təzyiqlər heç bir halda onu məzlum, başıaşağı edə bilməz, əksinə daha da mübariz edər. İstisna etmirəm ki, belə təzyiqlər onu siyasətə yaxınlaşmağa sövq etsin.
– Sonuncu kursda oxuyur. Universiteti bitirdikdən sonra Azərbaycana qayıdacaqmı?
– Öz karyerası ilə bağlı qərarları ilk növbədə özü verəcək. Türkelin atası da, anası da, dayısı da, əmisi də hüquqşünasdır, özü də hüquqşünas olacaq. Demək, bu ənənəni davam etdirmək, hüquqşünas karyerası qazanmaq istəyir. Necə olacaq, bir ildən sonra bilinər.
Bu həbsdə bizi ən çox narahat edən məsələ Türkelin təhsilinə vurulan zərbədir. Çünki Türkelin təhsil aldığı məktəbdə proqram olduqca sıxdır. 25 gün o təhsilin qırılması, onun yükünü artıracaq. Onsuz da o dərsdən əlavə gündə 8-10 saat oxumalı olurdu. İndi dörd həftənin də o biri dərslərlə birlikdə oxuması çox çətin olacaq. Yeri gəlmişkən inzibati həbs yerlərində saxlanılan şəxslərin mövcud qanunvericiliyə görə ailə üzvləriylə görüşmək hüququ var. Mənim belə bir istəyim olmadı bu hüququmdan istifadə edim, ancaq anası istədi ki, Türkellə görüşsün. Bu gün (sentyabrın 24-də – red.) gedib, təsdiq ediblər ki, bəli, burada saxlanılanlarla adamlarla görüş olar, ancaq müxalifətçilərlə yox. Türkelə anası ilə görüş verməyiblər. Anasının görüşməkdə məqsəd o idi ki, Türkeldən müvafiq koordinatlar alsın – müəllimlərin, professorların – biz onlarla yazışaq, bu müddətdə olacaq mühazirələri bizə çatdırsınlar, verək Türkelə, həbsxanada olsa da dərsdən çox da geri qalmasın.
Əlbəttə ki, bu, seçki dövründə və seçkidən sonra oğlumu girovluqda saxlamaqdır. Bir səbəb də yəqin ki, bu xəbis insanların oğlumun təhsilinə də maneə yaratmaq istəyidir.
Azərbaycan cəmiyyətinin belə hadisələrə münasibəti daha sərt olmalıdır. Daha kütləvi şəkildə prosesə qoşulmaq lazımdır. Özünü qorumaq, məndən ötsün prinsipi ilə hərəkət etmək olmaz. Bu gün demopkratiya üçün müəyyən perespektivlər yaranıb. Dünənə qədər aktiv olmayan Azərbaycan ziyalıları prosesin önünə çıxıblar. Cəmil Həsənli kimi tanınmış bir şəxs bu gün müxalifəti çox ləyaqətlə təmsil edir. Ziyalılar Forumu uzun müddət mübarizə aparan partiyalarla bir yerdə Milli Şurada təmsil olunur. Azərbaycanın hüquqşünasları həbs olunmağı, Vəkillər Kollegiyasından çıxarılmağı göz önünə alaraq bu mübarizəyə qoşulublar. Azərbaycanın yüksək təhsilli gəncliyi mübarizəyə qoşulub, dindar kəsim bu mübarizədə yer alıb. Azərbaycan demokratik düşərgəsinin elitası bir araya gələ bilib. Ancaq onların gücü komanda yaratmağa çatar, bu millətin hamısını xilas etməyə çatmaz. Xilas üçün hamının prosesə qoşulması lazımdır. Biganə qalmaq olmaz. Ən yaxşısı, fürsətdən istifadə edib Cəmil Həsənlinin seçki mitinqlərinə dəstək vermək lazımdır. Hamı başa düşməlidir ki, bu mitinqlərə seçki təşviqatının elementi kimi baxmaq lazım deyil. Azərbaycanda köklü dəyişiklik, bu rəzalətin durudurulmasını, on minlərlə insanın evinin başına uçurulmamasını istəyən insanlar var – bunların hamısı axışmalıdır o meydanlara. Bütün millət olaraq prosesə qoşulmalıyıq.
Biz zəif olduqca hökumət qəddar olacaq. Hökumət o vaxta qədər qəddar olacaq ki, bu yolla hakimiyyəti saxlamağın mümkünlüyünə inanacaq. Görəndə ki, bu repressiyalar, anti-insani münasibət onu cəmiyyətdə təkləyir, xalqı birləşdirir, repressiya qurbanlarının hörmətini artırır, onda dayanacaqlar, başqa yol tutacaqlar. Çarə daha çox itkilərin verilməsini gözləmədən hərəkətə keçməkdədir. İndi həbsdə olan insanlara, müxalifət fəallarına, inanclı insanlara dəstək vermək lazımdır. Bu dəstəyi verməyə füsət var. Bu seçki kampaniyasının yaratdığı fürsətdir. Cəmil Həsənli, bizim görkəmli professorumuz çox ləyaqətli mübarizə aparır. Hər yerdə bunu deyirəm və təkrarlamaqdan çəkinmirəm: o hansı cəsarətlə, vicdanla bu gün bu xalqın  pozulan hüquqlarını müdafiə edirsə, hər bir vətəndaş da özünə mənəvi borc hiss etməlidir ki, eyni ləyəqətlə, eyni cəsarətlə, eyni mərdliklə bu insana sahib olsun.
O insan öz həyatını qayğısız yaşaya bilərdi. Onun heç bir qayğısı yoxdur. 27 kitab yazıb, kitabı Harvardda çap olunub. Heç bir çətinliyi yoxdur. Özünü təsdiq edib, həm Azərbaycanda, həm dünyada hörmət sahibidir. Nə maddi, nə də övladları ilə bağlı problemi var. Başqaları kimi “başı dinc” həyatını yaşaya bilərdi. İndi hamı görür ki, özünü necə bir təhlükəyə atıb. Yaxınlarını da təhlükəyə atıb. Nədən ötrü? Ona görə ki, Azərbaycan xalqının xilası üçün üzərinə düşən missiyanı yerinə yetirmək istəyir. Bizim hər birimiz o məsuliyyəti hiss etməliyik. Onsuzda əvvəl-axır hamımız o nöqtəyə gələcəyik ki, məsuliyyətdən yaxa qurtarmaq mümkün deyil, hamımız əlimzi bu daşın altına qoyaq, birləşək, birlikdə mübarizə aparaq və xilas olaq. Nə qədər bunu gec etsək, birləşmək qərarını gec versək, hökumət o qədər qəddar olacaq, insanların həyatını puç edəcək. Bunun olmaması üçün bu seçki kampnaiyasından istifadə edib birləşmiş müxalifətin layiqli namizədinə dəstək vermək lazımdır.