“Buta” sarayı ilə bağlı qalmaqal

Bosniya və Herseqovina vətəndaşlarının Azərbaycanla bağlı problemi Avropa Məhkəməsi müstəvisinə çıxa bilər

Bosniya və Herseqovinadan olan bir qrup şəxs Azərbaycanla bağlı Avropa Insan Hüquqları Məhkəməsinə şikayət etmək niyyətindədir. Əgər Ali Məhkəmə sözügedən əcnəbilərin şikayətini təmin etməsə… Seudin Zoletiç, Catic Goran, Begic Hajrudin, Saric Ibro, Jukic Ismail və başqalarından ibarət ümumilikdə 38 nəfər Bosniya və Herseqovina vətəndaşı Azərbaycanda əmək hüquqlarının pozulmasından şikayətçidir. Hadisənin kökü isə beş il əvvələ gedib çıxır. Onlar 2006-cı ilin sonlarından etibarən işləmək üçün Azərbaycana gətiriliblər və “Serbaz” Layihə və Tikinti şirkətində işə götürülüblər. Şikayətçilərin sözlərinə görə, ölkəyə daxil olarkən sərhəddə pasportları alınıb və bir daha geri qaytarılmayıb.
Azərbaycana gətirildikdən sonra onları kütləvi olaraq 5 evdə yerləşdiriblər. Evlərin hər otağında çoxlu sayda 2 mərtəbəli çarpayılar yerləşdirilib və iddiaçılar kiçik otaqlarda 12-24 nəfər olmaqla yaşayıblar. Onlar Bakıda C.Cabbarlının heykəli və Mərkəzi Bankın arasındakı ərazidə tikilməkdə olan ticarət mərkəzinin, aeroport yolunda yerləşən “Buta” sarayının tikintisində, həmçinin hava limanının yaxınlığında yerləşən və ticarət mərkəzi kimi inşa edilən digər bir tikintidə işləyiblər.

Qeyri-insani davranış

Əcnəbilər deyir ki, yaşadıqları evlərdə ciddi qaydalar hökm sürüb. Hamı bir nəfər kimi səhər işə gedib, axşam evə qayıdıb. Başqa vaxtlar evdən çıxmaq üçün xüsusi hazırlanmış icazələrdən istifadə olunub. Evlərin divarlarında, qapılarında müəyyən olunmuş qaydalara əməl etməyənlər barədə cəzaların elanı asılıb. Məsələn, Milan Vilic 23 dekabr 2008-ci ildə Bosniyaya gedərkən yoldaşları ona meyvə şirəsi, kolbasa və s. veriblər. Buna görə Milan Vilic onlara rəhbərlik edən Yalçın tərəfindən 500 dollar cərimələnib, Bozidar Vuçenoviç və Rade Lyubiçiç isə cəzalandırılaraq, Mərkəzi Bankın arxasındakı ərazidə tikilməkdə olan Ticarət Mərkəzinin binasında üç gün, üç gecə 6 kvadrat metrlik yerdə saxlanılıb.
Şikayətçilərin sözlərinə görə, yaşadıqları evlərdə telefon, televizor, radio, internet xətti, bəzi evlərdə heç qaz da olmayıb. 2009-cu ilin mayından sonra şirkət rəhbərliyi əməkhaqlarını vermədiyinə görə minimum ehtiyaclarını belə ödəyə bilməyiblər. Buna görə də onlar qonşuluqdakı mağazalardan nisyə ərzaq malları alıblar, nəticədə  borcları yaranıb. Yaranmış vəziyyətə etiraz edənləri isə rəhbərlik cəzalandırıb.
Vəziyyətdən çıxış yolu kimi, onlar məhkəməyə müraciət ediblər. Iddiaçılar “Serbaz” şirkətindən hüquqlarının pozulması, əməkhaqlarının verilməməsinə görə hər birinə 10 min dollar ödənilməsini tələb ediblər.
Şirkət rəhbərliyi isə bu ödənişdən imtina edib. Şirkətin nümayəndəsi Toğrul Məmmədov məhkəmədə bildirib ki, “Serbaz” şirkəti Bosniya və Herseqovinanın “Acora Business LTD” şirkətilə əcnəbi işçilərə dair müqavilə bağlayıb. “Acora Business LTD” şirkəti öz ölkəsində adamlarla müqavilə bağlayaraq, işçi qüvvəsini “Serbaz”a ezam ediblər. Ona görə də şikayətçilər hüquqlarının bərpasını “Acora Business LTD”dən tələb etməlidir.

Şübhəli sübut

Lakin iddiaçı əcnəbilər bu arqumentlə razılaşmayıblar. Daha doğrusu, onlar məhkəmədə bildiriblər ki, öz vətənlərində “Acora Business LTD” ilə müqavilə bağladıqları barədə deyilənlər həqiqətə uyğun deyil. Onlarla heç kim müqavilə bağlamayıb.
Yeri gəlmişkən, “Serbaz”ın nümayəndəsi də ümumiyyətlə, belə bir şirkətin mövcudluğu, şikayətçilərin onunla müqavilə bağlamaları barədə məhkəməyə sübut təqdim edə bilməyib. Toğrul Məmmədov deyib ki, Bosniya və Herseqovinadakı sözügedən şirkətlə aralarında işçilərin ezam edilməsinə dair razılaşmanın əsli və digər bir sıra sənədləri “Acora Business LTD” şirkətinin rəhbərliyi aparıb və geri qaytarmayıb. Toğrul Məmmədov məhkəməyə yalnız bir sənədin surətini təqdim edə bilib ki, iddiaçılar da onun saxta olduğunu əsas gətirərək qəbul edilməməsini istəyiblər.
Lakin məhkəmə həmin kağızı qəbul edib. Son nəticədə də buna əsaslanaraq, əcnəbilərin iddiası təmin olunmasıyıb. Bosniya və Herseqovina vətəndaşları Səbayel Rayon Məhkəməsinin bu qərarından apellyasiya şikayəti veriblər. Lakin bugünlərdə Bakı Apellyasiya Məhkəməsi də şikayətçilərin əleyhinə qərar çıxarıb.
Bu iş üzrə həm birinci, həm də apelyasiya instansiya məhkəmələrində əcnəbilərin hüquqlarını müdafiə etmiş vəkil Müzəffər Baxışov deyir ki, yaxın vaxtlarda kassasiyasi şikayətilə Ali Məhkəməyə müraciət edəcəklər. Çünki çıxarılan məhkəmə qərarlarını qanunsuz və əsassız hesab edirlər: “Bu məhkəmə qərarlarının heç bir qanuni əsası yoxdur. Ilk növbədə ona görə ki, ”Serbaz”ın nümayəndəsi guya, bu adamlarla müqavilənin “Acora” şirkəti tərəfindən bağlanması barədə heç bir sübut təqdim edə bilmədi. Ümumiyyətlə, belə bir şirkətin mövcud olub-olmadığı barədə heç bir sübutları yoxdur. Saxta bir sənəd düzəldib, bunu müqavilənin surəti kimi təqdim etmək və məhkəmənin də bunu sübut kimi qəbul etməsi tamamilə qanunsuzdur. Müqavilə bağlananda bütün tərəflərdə onun əsli olur. Belə olan halda, “Acora” niyə özündə olduğu halda, “Serbaz”ın da müqaviləsini aparmalı, özü də qaytarmamalıydı?
Bundan başqa, əməkçi miqrant ölkəyə daxil olduqda məhz əməkçi miqrant statusu ilə daxil olmalıdır. Əks halda, digər əsaslarla ölkənin hüdudlarına qanuni əsaslarla daxil
olmuş əcnəbi və ya vətəndaşlığı olmayan şəxs əmək fəaliyyətilə məşğul olmaq istəyirsə, əmək fəaliyyətini həyata keçirməyə hüquq verən viza almalıdır. Amma bu adamları turist vizasıyla gətirib işlədiblər.
Ən nəhayət, digər tərəfdən, Əmək Məcəlləsinin 49-cu maddəsinə görə, işəgötürən işçi ilə ən geci üç gün ərzində əmək müqaviləsi bağlamalıdır. Əks halda, Inzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən, məsuliyyət daşıyır”.
Müzəffər Baxışov onu da əlavə edib ki, əgər Ali Məhkəmə kassasiya şikayətini təmin etməsə, mübahisəni Avropa Məhkəməsi müstəvisinə çıxaracaqlar.

Üç ay işlədib, bir ayın maaşını verirlər…

Ümumiyyətlə, Azərbaycanda əmək fəaliyyətilə məşğul olan əcnəbilərlə bağlı vəziyyəti öyrənmək üçün Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyevə müraciət etdik. Təşkilat rəhbərinin dediklərindən belə məlum oldu ki, ölkədə əmək hüquqlarının pozulmasından şikayətçi olan əcnəbilərin sayı minlərlədir. Əlövsət Əliyevin sözlərinə görə, “Miqrasiya haqqında” qanunda əcnəbilərin Azərbaycanda əmək fəaliyyətilə məşğul olması üçün normalar müəyyənləşdirilsə də, əməkçi miqrantların hüquqlarının qorunması üçün şərait yoxdur: “Əcnəbilər əmək fəaliyyətilə məşğul olmaq üçün fərdi icazə almalıdır. Bu icazələrin alınması Dövlət Miqrasiya Xidməti vasitəsilə həyata keçirilir. Bu qurum sənədləri qəbul edib Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərir. Təəssüf ki, daha çox əcnəbiləri işə cəlb edən firma və təşkilatlar əksər hallarda onlar üçün fərdi icazələr almır. Azərbaycandakı böyük tikinti şirkətlərinin əksəriyyəti Türkiyə, Özbəkistan, Bosniya və Herseqovina,  hətta Gürcüstandan işçiləri dəvət edirlər. Onları qapalı şəkildə saxlayırlar. Işlədikləri yerlər də qapalı yerlər olur. Onlarla əmək müqavilələri bağlanmır. Fərdi icazə almaq üçün işəgötürən hər bir əcnəbi üçün dövlət rüsumu ödəməlidir. Bu rüsum ödənilmir. Sosial sığorta ilə bağlı problemlər yaşanır. Ona görə Azərbaycana daxil olarkən onların pasportları alınır. Onlara müstəqil fəaliyyət göstərmələri, insan kimi yaşaması üçün heç bir şərait yaradılmır. Gətirirlər, üç ay işlədirlər, onun bir ayının maaşını verirlər və deyirlər ki, ”gedin, sonra yenə sizə dəvət göndərəcəyik, sizə bir illik icazə alacağıq”. Amma sonradan onları dəvət etmirlər”.

Türkiyəli bərbərin başına gələnlər

Mərkəzin rəhbəri bizimlə söhbətində maraqlı bir misal da çəkdi: “Bu yaxınlarda bir Türkiyə vətəndaşını Azərbaycana dəvət ediblər, 2-3 ay bərbər işləyib. Işə götürən onun hesabına gözəllik salonunu kifayət qədər reklam edib, sonda deyib ki, ”bağışla, mən sənə fərdi əmək fəaliyyətilə məşğul olmaq üçün icazə ala bilməmişəm”.
Əlövsət Əliyevin sözlərinə görə, əcnəbilərin istismara məruz qalması hallarına daha çox tikinti sektorunda rast gəlinir: “Mərmər və digər daşların döşənməsi sahəsində, divar tikintisində, tarixi abidələrin restovrasiyasında və s. müxtəlif ölkələrin vətəndaşları işlədilir və onların çox cüzi hissəsinə fərdi icazə alınır”.
Söhbətdən o da məlum oldu ki, Bosniya və Herseqovina vətəndaşları kömək üçün Miqrantlara Hüquqi Yardım Mərkəzinə də üz tutublar. Mərkəz rəhbərliyinin səyi nəticəsində onlara çatası əməkhaqqının bir hissəsi “Serbaz” şirkətindən alınıb: “4 milyona yaxın pul ödətdirə bildik. Amma bu, yığılıb qalmış əmək haqlarının cüzi hissəsi idi”.
Əlövsət Əliyev bu sahədəki problemlərin hüquqi müstəvidə həllinin çətinliyinə də toxundu. Onun sözlərinə görə, vəziyyəti qəlizləşdirən başlıca amil məhkəmələrin müstəqil olmamasıdır: “Azərbaycanda bu sahədə baxılan işlərdə məhkəmələr müstəqillik nümayiş etdirə bilmir. Çünki bizim mübahisələndirdiyimiz işlərin böyük əksəriyyətində qarşı tərəf yüksək səviyyədə himayə olunan, iri məmurların nəzarətində olan tikinti şirkətləridir. Bizə fərdi qaydada müraciət edənlərin əksəriyyətilə bağlı problemi məhkəmədən kənar qaydada həll edə bilirik. Amma məlum səbəblərdən ”Serbaz”, “Akkord”, “Paşa Inşaat”, “Yeni həyat” kimi tikinti şirkətlərilə bağlı bu, mümkün olmur. Yeri gəlmişkən, bu şirkətlərin hər birilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik. Təəssüf ki, onların barəsində cinayət işinin başlanmasına nail ola bilməmişik”.
Əlövsət Əliyev onu da qeyd etdi ki, Bosniya və Herseqovina vətəndaşlarına münasibətdə yol verilmiş hüquq pozuntusuyla əlaqədar “Serbaz” şirkətilə bağlı cinayət işi başlanması üçün də ayrıca Səbayel Rayon Məhkəməsinə müraciət etmişdilər. Lakin şikayət rədd olunmuşdu. Bakı Apelyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb. Lakin bir müddət əvvəl Ali Məhkəmə bu qərarları ləğv edərək, işi yenidən baxılması üçün Səbayel Rayon Məhkəməsinə göndərib: “Səbayel Rayon Məhkəməsi bu dəfə prosessual qərar qəbul etmək vəzifəsini Daxili Işlər Nazirliyinin üzərinə qoydu. Həmin iş nazirliyin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə göndərilib. Hazırda materiallar idarənin istintaq şöbəsindədir. Cinayət işinin başlanıb-başlanmayacağını isə hələlik bilmirik”.

Səfirliklərdə viza forması yoxdur?

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov da əməkçi miqrantların hüquqlarının qorunması sahəsində vəziyyətin acınacaqlı olduğunu deyir: “Dünyanın 65-dən artıq ölkəsindən Azərbaycanda əməkçi miqrant var. Onların əksəriyyəti qeyri-leqaldır. Cəmi 4 min nəfər əmək fəaliyyətini həyata keçirmək üçün fərdi icazə ala bilib. ”Əmək miqrasiyası haqqında” qanuna görə, əməkçi miqrant ölkəyə daxil olanda əmək vizası alıb daxil olmalıdır. Amma bizim konsulluq və səfirliklərdə viza forması yoxdur. Həddindən artıq yüksək rüsum qoyulub. Onlar hər il fərdi icazə üçün min manat rüsum ödəməlidir. Belə çıxır ki, 200 dollara gəlib işləyən adam illik maaşının yarısından çoxunu icazəyə verməlidir. Bu, əvvəl 45 dollar idi, indi 1000 manat olub. Ümumiyyətlə, bu sahədə problem həddindən artıq çoxdur”.

Aytən Məmmədova,
Gültəkin Knyazqızı