Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun ürəyindən əməliyyat olunmasını etiraf edim ki, təəccüblə qarşıladım. Səbəbsiz deyildi, çünki bu, rejimin iş başında olan məmurları üçün spesifik xəstəlik sayılmır. Onların ürəklə problemi adətən “vurulduqdan” sonra olur. Bir anda rahat kabinet, cazibədar katibə və işin sonunda gün ərzində alınan rüşvəti hesablamaq kimi sevimli məşğuliyyətdən ayrılan məmurların ürəyi buna tab gətirmir, elə həmin günün sabahı sorağı reanimasiyadan gəlir…
Əli Həsənov, maddi cəhətdən tam təmin olunmuş bir məmurdur, iqtidaryönlü mətbuat və siyasi partiyalara nəzarət ona tapşırılıb. Onlara ayrılan nəhəng maliyyə qaynağının paylanmasına rəhbərlik edir, bir sözlə, hamını Əliyevlərin xalqı xöşbəxt etməsinə inandırmağa çalışır. Ən əsası isə, vəzifə başındadır. Əslində hamıya nümunə olacaq bu şəxsin, evi sökülən, şərlənib tutulan, nəhayət, 150 manatla ailəsini saxlaya bilməyən insanlara xas olan bir dərdə mübtəla olmasının suallar doğurması təbiidir. Əli Həsənovun ürəyi rejimin haqsızlığınamı dözmədi, yoxsa bir ideoloq kimi daha Ilham Əliyevin perspektivinə inanmır?..
Son dövrün tədqiqatları sübut edir ki, beyin təkcə şüurun yox, eyni zamanda bədənin də birgə məhsuludur. Alimlər insan ürəyinin bu prosesdə əsas rol oynadığını sübut etdilər və beləliklə, tibbdə yeni sahə – neyrokardiologiya yarandı. Bu sahə ürəyin sinir sisteminin sərbəst şəkildə informasiya qəbul etmək, onu araşdırmaq və qərar vermək imkanlarını və bunu ritmlərin əsnək dinamikası ilə büruzə verməsini öyrənir. Xüsusi aparatlar vasitəsilə müsbət və mənfi emosiya doğuran xəbərlərə ürək müvafiq şəkildə, normal və deorqanizə ahəng ritmləri ilə cavab verir. Mənfi emosiya ürək döyüntülərini xaotik, müsbət emosiya isə əksinə, nizamlı hala salır.
Artıq ürəyə qanvuran nasos kimi yox, özünün aktiv hərəkət edən beyni olan mürəkkəb bir sistem kimi baxırlar. Bu sistem beyindən asılı olmayaraq informasiya qəbul edir, onu incələyir və nə qədər qəribə görünsə də, qərar qəbul edir. Və bu qərarları ali orqan olan beyinə ötürür. Yəqin ki, siz dəfələrlə belə bir səhnənin şahidi olmusunuz – biri dilənçinin yanından bir neçə addım uzaqlaşandan sonra geri dönür və ona sədəqə verir. Bu hərəkət bilavasitə ürəyin beyinə ötürdüyü siqnal vasitəsi ilə mümkün olur. Beyin və ürəyin nevroloji sistemləri eyni vaxtda qərar qəbul edirlər və bu qərarların nə dərəcədə üst-üstə düşüb-düşməməsi insanların sağlamlıqlarında özünü büruzə verir. Bir sözlə, ürək-beyin qarşıdurması…
Hakimiyyətin ideoloji siyasətinin aparıcı simalarından olan, Əli Həsənovun məhz Almaniyada ürəyindən əməliyyat olunması həm də simvolik bir hadisədir, çünki hakimiyyətin Almaniyaya qarşı ideoloji müharibəsinə məhz Əli Həsənov başçılıq edir. Bu ölkənin zooparkında öz əcəli ilə ölən qoca filə görə az qala Angela Merkeldən hesab soran az.TV, onun kurasiyasında, sədr müavini Ibrahim Məmmədov isə onun ən etibarlı kadrıdır. Son vaxtlar Almaniya haqda böhtanlara ara verilməsi də, yəqin ki, bu amillə bağlıdır. Məncə dəyməz, çünki Almaniyada səhiyyə siyasətdən kənardadır.
Əli müəllim ayağının tozu ilə prezident seçkilərinə də münasibət bildirdi, 9 milyonun gözü qarşısında baş vermiş bir olayla bağlı yenə də ürəyinin vediyi “siqnala” əhəmiyyət vermədi. Dedi ki, “prezidentliyə namizədlərin oradakı hərəkətlərinə nəzər salsanız görərsiniz ki, yalnız Hafiz Hacıyev deyil, başqalarının da davranışlarında, debatda özlərini aparmalarında müəyyən qüsurlar var”. Dolayı yolla Hafiz Hacıyevi digər namizədlərlə eyniləşdirdi və ən əsası, qərargahında heç bir zaman 40 nəfərin toplaşmadığı bir adamın 40 min imza toplamasına haqq qazandırmağa məcbur oldu. Burası da bir həqiqətdir ki, Əli Həsənovu digər iqtidar nümayəndələrindən fərqləndirən cəhəti məhz onun hadisələrə müəyyən çərçivələr daxilində nisbətən fərqli baxış sərgiləməyə cəhd etməsidir. Yəni eyni mövzuya o, ən azı Mübariz Qurbanlı, yaxud da Əli Əhmədov kimi birbaşa yanaşmır, loru dildə desək, “nala-mıxa” vurur. Hər iki YAP funkisioneri açıq şəkildə Hafiz Hacıyevi müdafiə etdilər və bu günə qədər də, bir dəfə də olsun ürəklərindən şikayət etməyiblər…
Rejimin bu qədər uzunömürlü olmasında ürək faktoru çox mühüm rol oynasa da, ürək də təslim olmaq istəmir, döyünür.
Və… beyinləri sıradan çıxarır…