Saatlıda qonşu kəndə hazırlığa gedənlərə qadağa

«Dərs deməyin. Böyüyüb Əli Kərimli kimi müxalifətçi olacaqlar!»

Respublikanın əksər kəndləri kimi Saatlı rayonunun Azadkənd kəndində də dərs keçilmir. Uşaqlarını savadlı görmək istəyən valideynlər çıxış yolunu övladlarını qonşu kəndə repetitor yanına göndərməkdə görürlər. 

Azadkənd kəndindən olan 6 nəfər abituriyent sentyabrın 20-də, saat təxminən 15:00 ÿradələrində Saatlı rayonunun Fətəlikənd kəndində Adil Çaxoyev adına tam orta məktəbdən qovulub. “Azərbaycan tarixi” fənnindən dərs deyən Bəhruz Quliyevin dərsində məktəbin qarovulçusu Abil Abdullayev abituriyentləri zorla sinifdən çıxarıb. A.Abdullayev tapşırığın Saatlı rayonunun icra başçısı Siraqəddin Cabbarovdan gəldiyini bildirib: “Başçı deyir ki, Azadkənddən olan uşaqlara dərs deməyin. Böyüyüb Əli Kərimli kimi müxalifətçi olacaqlar!”.

Bundan sonra abituriyentlər və müəllim məktəbdən çıxıb riyaziyyat müəllimi Ömər Rəhimovun evinə gedərək orada dərslərini davam etdiriblər. Həmin gündən başlayaraq Azadkənd kəndindən Fətəlikənd orta məktəbinə hazırlığa gələn uşaqlar məktəbə buraxılmır və onlar müəllimlərin evində dərs keçirlər.

Məktəbə buraxılmayan uşaqların içində AXCP Saatlı rayon şöbəsinin sədri Şamil Hacıbəylinin qızı Altunay Hacıbəyli də var.