Milli Şuranın aksiyası iqtidardakı qrupların yenə üz-üzə gəlməsinə səbəb oldu
Demokratik Qüvvələrin Milli Şurasının 22 sentyabr mitinqi hakimiyyətin qarşıdan gələn prezident seçkisi ilə bağlı narahatlığını bir qədər də artırıb. Elə mitinq günü AXCP sədri Əli Kərimlinin oğlunun həbs edilməsi bunun təzahürüdür. Iqtidardaxili mənbələr bildirir ki, hakimiyyət aksiyanın coşqulu keçəcəyini gözləmirmiş.
Məlumatlara görə, xüsusilə seçkini keçirmək təşəbbüsünü ələ alan qruplaşma – Paşayevlər çox məyus olub. Çünki növbəti dəfə əks qruplaşmanın – Ramiz Mehdiyevin rəhbərlik etdiyi “Naxçıvan” klanının hədəfinə gəlib. “Bu qrup Milli Şuranın uğurlu mitinq keçirməsinin səbəbini Ictimai Televiziyadakı məlum qalamaqallı debatla izah edir. Onların fikrincə, məhz həmin debatdan sonra Milli Şuranın və onun namizədi Cəmil Həsənli cəmiyyətdə xeyli populyarlıq qazandı. Onların fikrincə, əgər seçki keçirmək təşəbbüsünü ələ alan qrup bu cür ciddi səhv buraxmasa idi, vəziyyət başqa cür olardı. Rəqib qruplaşmanın bu hücumlardan daha çox narahat olan YAP-ın icra katibi Əli Əhmədov və fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Çünki məlum debatın məsuliyyəti məhz bu iki şəxsin üzərinə qoyulur. Adıçəkilən şəxslər rəqib qruplaşmanın vəziyyəti dramatikləşdirməsi nəticəsində Paşayevlər tərəfindən ”vurula” biləcəklərindən ehtiyat edir. Əli Əhmədov artıq arzuolunmaz şəxsə çevrilib.
Güman ki, o, bundan sonra seçki prosesində əvvəlki tək tez-tez gözə görünməyəcək. Kəmaləddin Heydərova gəlincə, seçkinin maliyyə yükü onun üzərində olduğuna görə, hələlik ciddi qınaqla üzləşməyib. Lakin debatda məhz ona yaxın namizədlərin çıxışları ilə Ilham Əliyevin ailəsini hədəfə gətirməsi unudulmayıb. “Naxçıvan” klanı və Kəmaləddin Heydərovun rəqibləri də bu amili tez-tez qabardır. Ona görə də “fövqəlnazir” təşviş içindədir”.