Milli Şuranın mitinqi CNN-də (VİDEO)

Kanal mitinq iştirakçılarının Əliyevi istefaya çağırdığı kadrları yayımlayıb

Demokratik Qüvvələrin Milli Şurasının sentyabrın 22-də Bakıda keçirdiyi izdihamlı mitinqlə bağlı xəbər dünyanın bir sıra aparıcı media orqanlarında, o cümlədən CNN-də də yayımlanıb. Maraqlıdır ki, CNN xüsusən Əliyevin ünvanına “Istefa!” şüarları səsləndirilən kadrları tamaşaçılara çatdırıb.
Reportajda çıxışlara da yer ayrılıb. Müsavat başqanı Isa Qəmbərin Ilham Əliyevi istefaya çağırdığı qeyd olunub.
Keçmiş daxili işlər naziri Isgəndər Həmidovun çıxışına da diqqət yetirilib. Bildirilib ki, Həmidov çıxışında Əliyevin istefaya göndərilməsinin vacibliyini vurğulayıb.
“Milli Şura liderlərinin çıxışlarında əhalinin böyük dəstəyinin onlarda ruh yüksəkliyi yaratdığı açıq-aşkar hiss olunurdu”, – deyə CNN qeyd edir.
Reportajda AXCP sədri Əli Kərimlinin bu fikirlərinə də yer verilib: “Namizədimiz Cəmil Həsənli 12 dəqiqəlik televiziya çıxışı ilə 20 ildir hakimiyyətdə olan hökumətdən daha çox iş gördü”.
Reportajın sonunda qeyd olunur ki, Əli Kərimli vətəndaşları proseslərdə daha aktiv olmağa çağırıb: “Yalan və aldatma bəsdir! Bu hakimiyyət getməlidir!”

 

İnformasiya şöbəsi