Ermənistan və Ukraynadan sonra növbə Azərbaycana çatacaq
Vəfa Quluzadə: «Bütün bu qərarlar şantaj xarakteri daşıyır və Kievin qərarlarına təsir edə bilməz»
Moskva bildirir ki, Kiyevin Avropa İttifaqı ilə ticarət sazişi fəlakət gətirəcək. Kreml iddia edir ki, əgər Kiyev Avropa İttifaqı ilə inteqrasiya sazişinin üstündə axıra qədər dursa, Ukraynanı maliyyə fəlakəti və hətta iflas gözləyir («azadlıq radiosu»). Rusiya «axıra qədər dursa» deyəndə, yəqin ki, axıra qədər dura bilməyən Ermənistanı nəzərdə tutur. Çünki eyni məzmunlu hədələri Moskva Yerevan üçün də səsləndirmişdi və bu hədələr Ermənistanın Avropa ilə inteqrasiya üçün 4 illik zəhmətini bir neçə dəqiqə ərzində zay eləmişdi. Ermənistan Avropa ilə yox, Rusiyanın Gömrük İttifaqına daxil olmaq barədə Moskva ilə saziş imzaladı. Ekspertlər hesab edir ki, indi Rusiya nəhəng qonşusunu da eyni tələyə salmaq istəyir. Moskva seytnotdadır, çünki Kiyevin Brüssellə izdivacı noyabr ayında Avropa İttifaqı Şərq Partnyotrluğunun Vilnüsdə keçiriləcək sammitində gerçəkləşə bilər. Baş verənlərin fonunda Rusiya prezidentinin müşaviri Sergey Glazyev deyib ki, Rusiyanın Ukraynanın Avropa İttifaqına inteqrasiyasında neyrtral mövqe tutacağını gözləyənlər səhv edirlər. «Rusiya Ukraynanın əsas kreditorudur, – deyib Glazyev, – və Ukrayna yalnız Gömrük İttifaqının üzvü kimi bu borclarından çıxa bilər». Kreml müşaviri deyib ki, Ukraynanın Avropaya inteqrasiyası onun üçün həm də siyasi və sosial problemlər törədə bilər. O, Ukraynanın cənubunda separatçı hərəkatların qızışa biləcəyi barədə fikirlər səsləndirib. Moskva Ukraynanın cənubu deyəndə, ilk növbədə Krımı nəzərdə tutur və Glazyev-in dediklərinə hədədən başqa heç bir ad vermək olmur.Moskva Yerevanı da məhz belə yola gətirmişdi. Vladimir Putin Serj Sasrkisyanın qarşısında «ya Avropa, ya da Rusiya sualını» – «ya Avropa, ya da Qarabağ şəklində» qoymuşdu.
Politoloq Vəfa Quluzadə hesab edir ki, Rusiyanın Ukrayna kimi dövlətə hədələri bir nəticə verməyəcək. Rusiyanın hədəsiylə bağlı Ukraynanın baş nazirinin artıq beynəlxalq mediayaya mövqeyini açıqladığını deyən V.Quluzadə vurğuladı ki, Ukrayna Rusiyanın bu tip addımlarına qeyri-ciddi baxır və isteza ilə yanaşır: «Ukraynanın Avropa İttifaqına inteqrasiya ilə bağlı fikirləri ciddir. Nəticədə Ukrayna Avropa ilə vizasız rejimdə işləyəcək. Ukrayna azad iqtisadi zonaya üzv olmaqla öz maraqlarının qorunmasını təmin edir. Amma bununla yanaşı Ukrayna bəyan edir ki, onlar Gömrük İttifaqı ilə də əməkdaşlıq etməyə hazırdırlar. Amma Ukraynanın maraqlarına bu əməkdaşlıq harada xeyir gətirirsə əməkdaşlıq o səpkidə davam edə bilər. Yəni Ukraynanın siyasi kursu açıq və yadındır. Bütün bu qərarlar şantaj xarakteri daşıyır və Kievin qərarlarına təsir edə bilməz».
Baş verənlərlə bağlı rəyini öyrəndiymiz digər ekspertlərin isə fikrincə, Ermənistan və Ukraynadan sonra növbə Azərbaycana çatacaq. Çünki Rusiyanın Gömrük İttifaqı ilə bağlı hazırkı aktivliyi növbə ilə bütün keçmiş sovet ölkələrinə münasibətdə özünü göstərəcək.
Xəyal