Milli Şuranın Mitinq Komitəsinin sədri Asəf Quliyev qəzetimizə açıqlamasında növbəti mitinqlər haqda danışıb: “Bakıda sentyabrın 29-da növbəti bir mitinq keçirilməsi nəzərdə tutulub. Regionlarda isə aksiyalar Gəncə, Sumqayıt, Ağdaş, Saatlı və Masallıda keçiriləcək. Regionlarda artıq mitinqin keçirilmə vaxtı bəllidir. Gəncədə sentyabrın 29-da, Ağdaşda 30-da, oktyabrın 4-də Saatlıda, 5-də isə Sumqayıtda keçiriləcək”. A.Quliyev bildirib ki, regionlardakı mitinqlərdə Milli Şura rəhbərliyi iştirak edəcək: “Mitinqlərin bir neçəsində Cəmil Həsənli özü iştirak edəcək. Əgər o oktyabrın 3-də Avropaya səfər etsə, həmin ayın 4-ü və 5-dəki aksiyalarda iştirak edə bilməyəcək. Mitinqlərdə vahid namizədi səlahiyyətli nümayəndələri əvəz edəcək”. Komitə sədri dedi ki, sentyabr ayı üçün nəzərdə tutulan mitinqlərə görə rəsmi müraciət edilib: “Regionlarda bu ay keçiriləcək mitinqlərlə bağlı rəsmi müraciət edilib. Cavab verilib-verilmədiyi haqda məlumatım yoxdu”.
A.Quliyevin sözlərinə görə, Gəncədəki aksiya ilə bağlı artıq rayon icra hakimiyyətinə müraciət olunub. Amma icra hakimiyyətindən bildiriblər ki, həmin gün “Ümid” Partiyası da aksiya planlaşdırdığından Milli Şuranın müraciəti qəbul oluna bilməz. A.Quliyev onu da bildirdi ki, Gəncə İcra Hakimiyyəti ümumiyyətlə Milli Şuranın mitinqlə bağlı müraciətini qəbul etmək istəmir.