“Hafiz Hacıyevin qəzetimizin ondan üzr istəməsi barədə fikirləri yalandır, cəfəngiyyatdır. Bu, rəsmi dövlət qəzeti olan “Azərbaycan”a qarşı hətta deyərdim ki, böyük təhqirdir”.
Bunu “Qafqazinfo”ya açıqlamasında “Azərbaycan” qəzetinin parlament və siyasət şöbəsinin redaktoru, qəzetin seçki məsələləri qrupunun sədri İxtiyar Hüseynli deyib. O, bildirib ki, prezidentliyə qeydə alınmış namizədlərin “Azərbaycan” qəzetində ödənişsiz təbliğat materiallarının yerləşdirilmə ardıcıllığı püşkatma ilə müəyyən edilib. Püşkatmada Hafiz Hacıyevin təmsilçisindən başqa digər namizədlərin nümayəndələri iştirak etdi: “Püşkatmaya məlum namizədin səlahiyyətli nümayəndəsi də dəvət olunmuşdu. Hətta biz telefonla o nümayəndəyə ödənişsiz təbliğatın nə olduğu barədə ən elementar məlumatı tam 10 dəqiqəyə ancaq başa sala bildik. Lakin «qərargahımızda adam yoxdur, gələ bilməyəcəyik” – deyərək püşkatmaya gəlmədilər.
Bundan sonra yenə də qərargahla əlaqə saxlayıb (baxmayaraq ki, bunu etməməliydik), onlara Hafiz Hacıyevin təşviqat materiallarının çap günlərini xatırlatdıq. Yenə də cavab verdilər ki, namizədimizin plakatları hazır deyil, hazır olanda göndərəcəyik.
Göründüyü kimi, baş vermiş hadisədə məsuliyyət məhz Hafiz Hacıyevin şəxsən özünün və seçki qərargahının üzərindədir. Biz qanunvericiyə uyğun olaraq, səhifələrimizdə ona təşviqat üçün müvafiq yer ayırmışıq. Bu yeri təşviqat materialı ilə təmin etmək isə pezidentliyə namizədin öhdəliyidir, necə ki, digər 9 namizədin seçki qərargahı bu işi məsuliyyətlə, çeviklə və qarşılıqlı anlaşma şəraitində həyata keçirə bildi.
Bu gün Hafiz Hacıyevin seçki qərargahının iki üzvü müxtəlif vaxtlarda redaksiyamıza zəng edərək, yaranmış vəziyyətlə bağlı özlərinin məsuliyyət daşıdığını və səhvin onlarda olduğunu söylədilər, bizdən rəsmən üzr istədilər. Biz onların üzrxahlığını qəbul etdik. Onlardan tələb etdik ki, fəaliyyətlərini düzgün nizamlasınlar, digər namizədlərin seçki qərargahlarından örnək götürsünlər. Onlar buna əməl edəcəklərinə söz verdilər.
Amma onların ikiqat üzrxahlıqlarından sonra Hafiz Hacıyevin belə cılız yalanı söyləməsinə təəssüf edirik. Hafiz Hacıyevi rəsmi dövlət qəzetini öz uğursuz şoularına alət etməkdən çəkinməyə və danışdığı sözlərə məsuliyyətli olmağa çağırırıq”.
Qeyd edək ki, “Azərbaycan” qəzetinin 22 sentyabr sayında 4-cü səhifədə Hafiz Hacıyevin ödənişsiz təşviqat materialının yeri boş saxlanılıb. Hafiz Hacıyev isə bunun qəzetdə bu işə məsul olanların səhlənkarlığı üzündən baş verdiyini iddia edib və buna görə ondan üzr istənildiyini deyib.
“Azərbaycan” qəzeti Hafiz Hacıyevi ələ saldı
•