Həsən Kərimov xəstəxanaya yerləşdirildi

AXCP funksioneri müalicə üçün Türkiyəyə gedəcək

AXCP Ali Məclisinin sədri Həsən Kərimov xəstəxanaya yerləşdirilib. H.Kərimov sentyabrın 22-də gecə saatlarında C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya Institutuna aparılıb. O, ürəyində başlayan ağrılar səbəbindən hospitalizə olunub. Institutdan bildirilib ki, hazırda H.Kərimovun səhhəti normaldır və bir müddət xəstəxana şəraitində müalicə olunmasına ehtiyac var.
H.Kərimov deyib ki, son üç gün ərzində ürəyində ağrılar artsa da, ciddi qəbul etməyib. Həmin gecə isə ağrılar şiddətlənib, bu səbəbdən də xəstəxanaya müraciət etmək məcburiyyətində qalıb: “Bu infarkt olmasa da, həmin vəziyyətə gətirib çıxarmaması üçün profilaktik tədbirin görülməsinə ehtiyac var. Həkimlər hələ bir müddət xəstəxana şəraitində müalicə olunacağımı deyirlər. Təxminən on gün müalicəmi burada davam etdirəcəm. Səhhətim getdikcə düzəlir”. H.Kərimov seçki başa çatandan sonra müalicə üçün Türkiyəyə getmək istədiyini bildirib: “Ancaq əvvəlcə həkimimlə məsləhətləşəcəm”.