Bizi əzən manqurtlar üçün ödənişsiz təbliğat…

Hər pisdən yaxşı gözləmək çarəsiz adamların təsəllisidir. Mənciyəz həyatımda baş verən yüzlərlə pis hadisələrin yaxşı tərəfini hələ ki, görməmişəm. Tutaq ki, lap nə zamansa o yaxşı şeylər baş verdi, bəs o qədər yaxşını necə yaşamaq olar? Altı neft, üstü “kef” ölkəmizdə bitməz zülmə, zillətə məhkum olunmuş bizlər buna öyrəncəli deyilik axı. Ola da bilmərik, çünki yaxşıya çatmaq üçün pislərdən təmizlənməyin şərt olduğunu unuduruq.  

Aradan nə qədər keçib bilmirəm, ötənlərdə mövcud olduğum ərazinin başçısı ilə görüşmək üçün apardığım mücadilənin davamı olaraq növbəti dəfə yerli hökumətin qapısına getdim. Binanın girişindən içəri adlamaq istəyəndə cavan bir oğlan əllərini qabağa verib üstümə gəldi: “Olmaz, olmaz, ayağını təmizlə, sonra”! Ayaqlarım – ayaqqabılarım ona görə təmizdi ki, dizim qatlanmadığından onları evdə geyinib çıxıram. Ora qədər də piyada getmədiyimdən kirlənməmişdi. 

Elçi daşı

Əvvəllər camaat icra hakimiyyətlərində başçı ilə üzbəüz zalda oturub gözləyərdi. Son illər demə, “gözləmə otağı” giriş qapısının açıldığı yerdə təyin edilibmiş. Yəni qapının ağzındaca dərdini mənə qışqıran uşağa deyirsən, o da elə oradanca səni tezbazar “yola verir”. Həm də bir qayda olaraq bu işlər gənc məmurlara tapşırılır. Yəqin “stajirovka” keçmək üçün. Təxminən keçmiş aspirantların laboratoriya işləri kimi, intəhası orada təcrübə başqa canlıların üzərində gedirdi. 

Bizim gənc qəhrəman yerinə keçib, dəftərxana kitabını aça-aça soruşdu: “Probleminiz nədir?” – “Mənim problemim sənin kitabına sığmaz bala, yuxarı çıxmaq istəyirəm”, dedim. Bir az fikirləşib, adını çəkdiyim adama zəng vurdu. “Yox” cavabını sevimli gəncin iztehzalı baxışlarından oxudum: “Sənin yuxarılarda nə azarın var, ay yazıq?”. 

Məni tanıyan polisin yardımı ilə sükuta bələnmiş yuxarıya qalxıb, məni görmək istəməyən adamın qapısını açdım. Adam mənim məsələmin son aylarda iş yerində görünməyən baş memara aid olduğunu bildirdi. “Onu tapa bilmirəm”, deyəndə “Onu kim tapır ki” deyib mənalı-mənalı gülümsədi: “Idarəyə gəlmir ki?” “Bəs, indi mən neyləyim?”. “Axtarın, Ismayıl bəy Qutqaşınlı küçəsində maşınla aşağı-yuxarı obyektləri gəzir”. Bir ildə üç əməliyyatdan keçmiş ayağım qeyri-ixtiyari sızıldadı. Özümü ələ alıb qapıya doğru yönəlmişdim ki, arxamca səslənib kürəyimi yandıran səslə: “Allah yetirsin!”,-  dedi.

Marafon

Oyunun ikinci – daha ağır hissəsi qarşıdaydı. Memarın cibinə zəng eləyib onu görmək istədiyimi bildirdim. Mümkün deyil, dedi, küçədəyəm. Küçənin harasında? Nə dəxli var harasında? Indi taksi dayanacağındayam, iki-üç dəqiqədən sonra sökülən tikintidə olasıyam. Sonra… Üç dəqiqə məni gözləyə bilərsiniz? Çox vacibdi? Yalnız üç dəqiqə! Telefonu bağladı. Üç dəqiqəyə ora çatmaq imkansızdı. Mən həmin məsafəni dörd dəqiqədən bir az gec qət elədim. Baş memarın əzəmətli, qara maşını görünmürdü. Sorağını alıb mən daha iki dəqiqəyə növbəti ünvana özümü çatdırdım. Getmişdi! Təxminən iki dəqiqəlik gecikmə üzündən yenə çata bilmədim. Nəfəsimi birtəhər dərib, zəng elədim. Bu dəfə səsi bir az da uzaqdan gəldi. Artıq nə keçirdiyim, nə də naqolay yeriş ucbatından hər an keçirə biləcəyim qəza vecimə deyildi. Nə olur-olsun, addımlamaq, bu təhqirin, amansızlığın sonuna qədər getmək istəyirdim. 

…Nəhayət, üçüncü cəhdim alındı. Qızdırmadan dumanlanmış gözlərimin güclə seçdiyi baş memar əllərini qaldırıb “gəlməyin, gəlməyin” deyərək mənə qarşı yeriyirdi. Əcaba, yenə ayaqlarımmı? Yaddaşımdakı axırıncı ayaqqabı təmizləmək əmrini, nədən xatırladım? Yox, deyilmiş!!! Memar demə, “finiş”in iki-üç addımlığırndakı mənə “acıyırmış”(?!): “Dayanın, sizin ayağınız narahatdır(???!!!). Onsuz da daha yeriməyə taqətim qalmamışdı…

Nəfəsimi dərənə qədər baş memar prezidentin gözlənilən gəlişinə fövqəladə hazırlıq işlərindən danışmağa başladı. Belə bir vaxtda vətəndaşın hər hansı cılız şəxsi problemin dalınca düşməsi ayıb sayılırmış. Mən… əlbəttə, utanırdım. Minlərlə, yüz minlərlə mənlərin bu cür adamlardan asılı olduğundan utanırdım. Bir də məni buralara qədər birtəhər sürüyən xəstə ayağımdan utanırdım. Qaldı ki, illərdir ötür-ötürə salınan məsələnin daha məndən ötrü heç bir önəmi yox idi. 

…Özünə görə çəkisi olan bir bölgədə yaşanan bu insanlıq dramı ölkədə hər hansı vətəndaşın başına gətirilən ən adi oyunlardan biridir. Və mən həmin gün bu biabırçılığı qova-qova ona çatdım. Yoxsa bunların həqiqət olduğuna inana və inandıra bilməzdim. 

“Kirlənmək gözəldir”

“Sən reklamı at ortaya, balıq bilməsə də, xalq bilər”… Bu müasir atalar sözünü orda kəşf eləmişdim.

Evə çatanda ayaqqabılarım kirlənmişdi. “Kirlənmək gözəldir”, amma elə kirlər var ki, heç xlorla da getmir. Vicdan ləkəsi kimi.