Bakıdan Brüsselə qaz zərbəsi

Sentyabrın 19-da Xəzər dənizində «Şahdəniz» yatağının işlənilməsinə dair konsorsium Azərbaycan qazının Avropaya satışı ilə bağlı razılaşma şərtlərini açıqlayıb. Söhbət konsorsiumun ümumi həcmi $100 mlrd olan 25 illik öhdəliyindən gedir. 

Azərbaycan qazının Avropaya satışına dair razılaşma dərhal Qərbin aparıcı KİV-də müzakirə edilməyə başladı. Axı bu layihəyə Avropanın Rusiya enerji daşıyıcılarından asılılığının azalması vasitəsi kimi baxılırdı. Layihənin ikinci mərhələsinin hazırkı təchizata ildə daha 16 mlrd kub metr qaz əlavə edəcəyi gözlənilir. 

Layihənin siyasi səbəblərinin təhlili də xüsusi maraq kəsb edir. Bu mənada Financial Times nəşrindəki «Azərbaycan qazına dair qərar Brüsseli məyus etdi» başlıqlı məqaləsi diqqəti cəlb edir. Məqalədə Financial Times layihənin siyasi mənası və Avropa ölkələrinin Rusiyan qaz energetikasından asılılığını azaltmaq perspektivi təhlil edilir. Burada Financial Times Societe Generale-in analitiki Tyerri Brosun fikrini sitat gətirir. Bros ehtimal edir ki, «Şahdəniz» layihəsinə müəyyən edilən istiqamətin bir mənası var: onun Şərqi Avropa üçün enerji potensialı faktiki olaraq itirilib. Ona görə də Şərqi Avropa ölkələri bundan sonra da Rusiyadan enerji asılılığını  saxlayacaq. Bundan əlavə, ekspert hesab edir ki, «Qazprom»un hazırkı göstəriciləri ötən ilin avqustundan 10% yaxşılaşıb, bu isə o deməkdir ki, Rusiya yaxın perspektivdə Avropaya qaz nəqlində liderliyi Norveçdən alacaq. Financial Times-ın fikrincə, belə vəziyyət Brüsselin Azərbaycan qazından istifadə edərək Şərqi Avropa ölkələrinin Rusiya qazından asılılığını azaltmaq ümidlərinin puça çıxması deməkdir. Belə bir şəraitdə avropalıların yeganə təsəllisi «Şahdəniz»ə  dair müqavilərinin uzun müddətə imzalanması olacaq. Bu, perspektivdə müəyyən dərəcədə Avropa energetikasının inkişafına kömək edəcək. 

Fizzə