İqbal Ağazadənin görüşündə insident

Sentyabrın 22-də prezidentliyə namizəd İqbal Ağazadənin Ağstafa Rayonunda seçicilərlə görüşünə imkan verilməyib. “Turan”ın məlumatına görə, mitinq saat 12.00-da şəhər stadionunda keçirilməli idi. Bu yer icra strukturları tərəfindən məhz kütləvi təşviqat tədbirləri üçün ayrılıb. Lakin İcra Hakimiyyəti nümayəndələrinin rəhbərlik etdiyi öyrədilmiş adamlar aksiya iştirakçırının stadiona keçməsinə mane olub, görüşə gələn adamları saxlanılıb, hədə və təhqirlərlə geri qayıtmağa məcbur ediblər. Rayon İcra Hakimiyyəti başçısının Ramiz adlı müavini İqbal Ağazadənin MSK-dakı səlahiyyətli nümayəndəsi Rüstəm İzzətli döyməklə hədələyib. Ağstafada baş  verənlərlə bağlı Ümid Partiyasının sədri İqbal Ağazadə bildirib ki, yerli icra strukturlarının maneçilik cəhdlərinə baxmayaraq görüş baş tutub: “Hakimiyyət orqanları maneçilik törətməyə çalışsalar da, biz də qısa yürüş elədik. Bu zaman kiçik qarşıdurmalar olsa da, hesab edirəm biz də seçicilərimizlə görüşdük, öz mesajımızı onlara verə bildik. İnsanlar bir daha hakimiyyətin qanunsuzluqlarını gördülər”. İ.Ağazadə qeyd edib ki, yerli hökumət orqanları əvvəlcədən “görüşün baş tutmaması üçün bütün addımları atıblar, əhaliyə təzyiq göstərilib: “Ağstafada yollar bağlanmışdı, icra nümayəndələri kənd-kənd görüşə gələn adamları siyahıya alırdılar, bundan başqa yaxın rayonların icra strukturları, güc strukturları rayona cəlb olunmuşdu. Hesab edirəm ki, belə bir mühitdə çox uğurlu görüş keçirə bildik. İcra başçısının müavini Tatarov bütün bu prosesə rəhbərlik edirdi, bizim görüşün qarşısının alınması üçün bütün kənd icra nümayəndələri səfərbər edilmişdi. Amma içəri görüşə gələn insanlarla yanaşı, ondan 5-6 dəfə artıq adam hakimiyyət orqanlarının təzyiqindən çəkinərək görüşə qatılmırdısa da, kənardan görüşü izləyirdilər”. Prezidentliyə namizəd Ağstafada baş verən olaylarla bağlı MSK-ya şikayət edəcək: “Əlimizdə materiallar var. MSK-ya şikayət edəcəyik. İcra strukturlarının qanunsuzluğa yol verməsi ilə bağlı sənədlər var. Onları MSK-ya təqdim edəcəyik. ATƏT-in seçkiləri müşahidə missiyası ordaydı, hər şey qeydə alınıb. Onlar da bu faktları gördülər, qeyd etdilər”.

Baş verənlərə Daxili İşlər Nazirliyindən reaksiya gəlib. Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Sadiq Gözəlov “Qafqazinfo”ya açıqlamasında bildirbi ki, yayılan xəbərlər doğru deyil. Ağstafada seçicilərlə görüşdə heç bir insident baş verməyib. O bildirib ki, “İqbal Ağazadə ilə seçicilərlə görüş üçün statdionda yer ayrılıb amma həmin görüşə cəmi 70-80 nəfərə qədər adam qatılıb. Görüşün istədikləri kimi baş tutmadığını görən ümidçilər rayon mərkəzinə yürüş etməyi qərara alıblar. Lakin polis onların bu cəhdinin qarşısını alıb və qayıdıb ayrılmış yerdə nəzərdə tutulan vaxta qədər seçicilərlə görüş keçirilməsini təklif edib. Bu zaman isə heç bir insident yaşanmayıb”.