Həbsdə olan jurnalist aylardır haray çəkir, həyatına olan təhlükə və hədələr barədə, üzləşdiyi və gözlədiyi təxribatlar haqda çağırışlar edir. Amma biz heç nə edə bilmirik. Hətta Avropadan gələn yüksək çinli adamlar da çiynini çəkir. Cəmiyyət də heç nə edə bilmir. Sanki hamı susub sonu gözləyir. Bax, Eynulla da susa bilərdi. Azadlığa çıxacağını sakitcə gözləyə bilərdi. Amma susmadı və indi ağıla gəlməyən təxribatların, təhlükənin cəngində qalıb. Heç kimə də heç nə sübut etmək olmur. Yolda həbsxana maşınına girən maskalı adamların kimliyini və qüdrətini deyəsən heç Ədliyyə Nazirliyində də müəyyən edə bilmirlər. Kimdir həbsdəki adamın ətrafında gözəgörünməz qüvvələr kimi dolaşanlar? Onların son məqsədi nədir?
Dünən həbsxanada onunla görüşən vəkillərdən biri üzünü mənə tutub dedi: “Indi söhbət Eynullanın azadlığından getmir, ölümdən qurtulmasından gedir.” Mən şəxsən bilmirəm nə baş verir? Bəlkə doğrudan da son beynəlxalq olaylar fonunda gündəmdə Eynullanın azadlığa çıxması məsələsi var, lakin bunu qətiyyən istəməyənlər onu həbsdəcə bitirmək istəyirlər?
Amma son illərdə başa verənləri nəzərə alıb bircə şeyi dəqiq bilirəm: Eynulla ən çətin təhlükənin ağuşundadır. Bir də onu bilirəm ki, kimin nə etdiyindən asılı olmayaraq məsuliyyət yalnız Ilham Əliyevin üzərinə düşür.
Eynulla Ədliyyə Nazirinə nə yazmışdı?
“…Heç bir əsas olmadan, mən xüsusilə ağır, amansız və dəfələrlə cinayətlər törətmiş residivistlərlə, ağır və mütəşəkkil cinayətkarlıq ideyalarının təbliğatçıları ilə bir müəssisədə, bir barakda, bir dam altında saxlanmalıyam. Nəzərinizə çatdırıram ki, mən təhqiqatçı jurnalistika ilə məşğul olan şəxs kimi 11 illik fəaliyyətim dövründə bu cür şəxslərin əksəriyyətinin fəaliyyətini ifşa etmişəm, cinayətkar fəaliyyətlərini qələmə alaraq məhkəmə reportajları vasitəsilə Azərbaycan ictimaiyyətinə və oxuculara çatdırmışam. Onu da nəzərə alsaq ki, bu cinayətkarların bir hissəsi hüquq-mühafizə orqanlarında pənah tapmış mafioz dəstənin agentura şəbəkəsini təşkil edir, bu halda məndən qisas üçün tam münbit şərait yaranacaq. 1, 7, 11, 15 və 17 saylı cəzaçəkmə müəssisələrində mənə böyük təhlükə var. Odur ki, mən heç bir halda, heç bir təminatla həmin cəzaçəkmə müəssisələrinin ərazisinə daxil olmayacağam.”
Indi sula olunur ki, niyə Eynullanı məhz birinci yazdığı 1 saylı kalona yolladılar? Və həm də elə işgəncə ilə, maskalıları söyüşü və təpiyi altında? Niyə buna heç kim aydınlıq gətirə bilmir?
Ölüm təhlükəsi haqda xəbərdar etmişdi
Eynulla yuxarıdakı məktubda bunları da yazmışdı:
“ Hətta ümumi rejimli cəzaçəkmə müəssisəsində belə, mənə böyük təhlükə mövcud olmuş, başımın üzərindən “Domokl qılıncı” asılmış və yalnız təsadüflər nəticəsində mən təhlükələrdən qurtula bilmişdim. Əlbəttə, mən öz ideallarıma görə ölümə də hazır insan kimi bu cəzaçəkmə müəssisələrinə çıxıb, alnıaçıq və qürurla ölümü qəbul edə bilərəm. Bu haqda çox düşünmüşəm, lakin bu ölüm təhlükəsi haqda hər kəsi xəbərdar etməliyəm.”