MSK-dan qərəzli qərar

Akif Qurbanov: «Cəmil Həsənli heç bir qanunu pozmayıb, qanunu qeydə aldığınız ”donqili” namizəd pozub»

Gülağa Aslanlı: «MSK-nın qərarı qərəzlidir və YAP-ı açıq dəstəkləməkdir»

Sentyabrın 21-də Mərkəzi Seçki Komissiyası (MSK) növbəti iclasını keçirib. ANS PRESS-in məlumatına görə, iclasda bildirilib ki, YAP tərəfindən namizəd Ilham Əliyevin nümayəndəsi Əli Əhmədovun MSK-ya şikayəti daxil olub. Şikayətdə bildirilir ki, Milli Şuranın namizədi Cəmil Həsənli prezidentin və ailəsinin şərəf və ləyaqətini alçaldan ifadələrdən istifadə edib.
Digər bir şikayət isə Cəmil Həsənlinin Hafiz Hacıyev və Əli Əhmədov tərəfindən şərəf və ləyaqətinin alçaldılması ilə bağlı olub.
MSK-nın ekspert qrupu Ictimai televiziyada yayımlanan “Xalq seçir” proqramında namizədlərin şikayətlərini araşdırıb. Cəmil Həsənlinin hərəkətləri araşdırılıb və hadisənin gərgin vəziyyətdə baş verdiyi, ilk dəfə olması nəzərə alınaraq ona ciddi xəbərdarlıq edilməsi haqqında qərar verilib.ÿ
Cəmil Həsənlinin onun pulsuz efir vaxtının Hafiz Hacıyev tərəfindən pozulması ilə bağlı şikayəti əsasında müəyyən edilib ki, C.Həsənli fasilələrlə özünün 25 saniyə vaxtından istifadə edib.
MSK həmçinin Hafiz Hacıyevə də xəbərdarlıq edib.
MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçən iclasda həmçinin Cəmil Həsənlinin Əli Əhmədovla bağlı şikayəti də araşdırılıb. Məlum olub ki, “Xalq seçir” proqramında Əli Əhmədovun heç bir qanunsuz hərəkəti aşkar olunmayıb.
MSK üzvü Akif Qurbanov isə iclas zamanı Cəmil Həsənlinin qanunu pozmadığını, Hafiz Hacıyevin isə “donqili” namizəd olduğunu bildirib: “Cəmil Həsənli əslində heç bir qanunu pozmayıb. Bir var şəxsin həyatı, bir də var ictimai şəxsin həyatı. Avropa hüququ çərçivəsində belə bir şey var ki, prezident və ailəsi siyasi şəxs olduğuna görə, C.Həsənlinin iddiası da siyasi iddiadır. Hafiz Hacıyevin hərəkətləri isə xuliqanlıqdır. Məzahir müəllim, ingiliscə desək ”fake” Naxçıvan ləhcəsində desək “donqili” namizədləri seçəndə belə olacağını bilməli idiniz”- deyə Akif Qurbanov bildirib.
MSK-nın qərarına Cəmil Həsənlinin seçki qərargahının üzvü Gülağa Aslanlı da münasibət bildirib: “Biz MSK-nın qərarını qərəzli hesab edirik. MSK Cəmil Hsənlinin şikayətini araşdırmayıb, sadəcə olaraq özlərinin subyektiv mülahizələri əsasında qərar qəbul ediblər. MSK-nın bu qərarı YAP-ı dəstəkləmək məqsədi güdür. Biz qərarı alan kimi, məhkəməyə şikayət edəcəyik və çalışacağıq ki, əsl həqiqətin üzə çıxmasına nail olaq”.

İlham Hüseyn